ABŞ Prezidenti Donald Trampın TRIPP layihəsində (Zəngəzur dəhlizi-red.) Rusiyanın iştirakına razılıq verə biləcəyi barədə səsləndirilən iddialar regionda müzakirələri gücləndirib. Ermənistan hökuməti belə bir halın nəzərdə tutulmadığını bildirib.
Müzakirə olunan variantlardan birinə görə, Moskva layihəyə qoşularsa, marşruta ABŞ və Rusiya hərbçiləri paralel şəkildə nəzarət edə bilər.
Globalinfo.az-a danışan politoloq Aytən Qurbanova deyib ki, Cənubi Qafqazda kommunikasiya xətlərinin açılması yenidən beynəlxalq siyasi gündəliyin əsas müzakirə mövzularından birinə çevrilib:
“Xüsusilə Zəngəzur istiqamətində nəqliyyat əlaqəsinin gələcəyi ilə bağlı ABŞ və Rusiya ətrafında səslənən iddialar göstərir ki, məsələ artıq yalnız regional çərçivədə deyil, qlobal güclər arasındakı rəqabət kontekstində qiymətləndirilir.
Ermənistanın Rusiyanın layihədə iştirak etməyəcəyinə dair bəyanatları, eləcə də Moskvanın məsələyə münasibətdə ehtiyatlı mövqe sərgiləməsi müxtəlif siyasi ssenariləri gündəmə gətirir. Azərbaycanın milli maraqları nöqteyi-nəzərindən prioritet məsələ Naxçıvan Muxtar Respublikası ilə ölkənin əsas hissəsi arasında fasiləsiz, təhlükəsiz və suveren nəqliyyat əlaqəsinin təmin olunmasıdır.
Bu prosesdə əsas meyar hər hansı xarici aktorun iştirakı deyil, layihənin Azərbaycanın dövlət suverenliyi və təhlükəsizlik prinsiplərinə uyğun şəkildə icra edilməsidir. Kommunikasiyaların açılması qarşılıqlı ərazi bütövlüyü və beynəlxalq hüquq normaları çərçivəsində həyata keçirilməli, kənar hərbi və ya siyasi nəzarət mexanizmlərinə əsaslanmamalıdır. Şübhəsiz ki, Rusiyanın layihədə mümkün iştirakı Moskvanın Cənubi Qafqazda təsir imkanlarını qorumaq strategiyası ilə əlaqələndirilə bilər. 2020-ci ildən sonra regionda formalaşmış yeni siyasi reallıqlar fonunda rəsmi Kreml üçün kommunikasiya xətlərinin açılması prosesində iştirak strateji əhəmiyyət daşıyır. Eyni zamanda, Rusiyanın prosesdən kənarda qalması onun regional təsirinin zəifləməsi kimi qiymətləndirilə biləcəyindən, alternativ və dolayı təsir mexanizmlərinin gündəmə gəlməsi ehtimalı da istisna edilmir. Bu isə layihənin icrasını geosiyasi risklərə daha həssas edə bilər”.

Aytən Qurbanova
Politoloq deyib ki, hazırkı beynəlxalq şəraitdə ABŞ və Rusiyanın eyni nəqliyyat xətti üzərində paralel hərbi nəzarət həyata keçirməsi real görünmür:
“Belə bir model yalnız çoxtərəfli beynəlxalq mandat çərçivəsində nəzəri olaraq mümkün sayılsa da, mövcud geosiyasi konfiqurasiyada praktik ssenari kimi dəyərləndirilə bilməz. Nəticə etibarilə, Zəngəzur istiqamətində nəqliyyat əlaqəsinin açılması Azərbaycanın strateji hədəflərindən biridir və müharibədən sonrakı mərhələdə formalaşan regional reallıqların davamı kimi çıxış edir.
Layihə yalnız tranzit marşrutu deyil, eləcə də Cənubi Qafqazda iqtisadi əməkdaşlığın genişlənməsi və uzunmüddətli sabitliyin möhkəmlənməsi üçün mühüm platformadır. İstənilən halda, əsas prinsip dəyişməz olaraq qalır. Yəni Azərbaycanın milli maraqları, suveren hüquqları və təhlükəsizlik prioritetləri ola biləcək istənilən razılaşmanın əsasını təşkil etməlidir”.
Turan Rzayev
Globalinfo.az