Xəbər verdiyimiz kimi, ötən il Azərbaycana idxal olunan 421 min ton portağalda rəngləndirici maddələr aşkarlanıb. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Əziz Şərifovun sözlərinə görə, məsələ ilə bağlı ixracatçı ölkələrə rəsmi xəbərdarlıqlar göndərilib və son dövrlərdə bu cür hallara artıq rast gəlinmir.
Bəs hazırda satışda olan portağallara rəngləndirici vurulmadığına necə əmin olaq? Ümumiyyətlə, bu cür maddələrin insan sağlamlığına mümkün təsirləri nələrdir?
Globalinfo.az-a danışan qida təhlükəsizliyi üzrə mütəxəssis Asim Vəliyev deyib ki, satışda olan portağallara rəngləndirici vurulub-vurulmadığını dəqiq müəyyənləşdirmək çətindir:
“Lakin AQTA rəsmisinin möqeyi də məntiqə uyğundur. İdxalda aşkarlanıbsa, partiya geri qaytarıla, dövriyyəyə buraxılmaya və sonradan ixracatçı ölkələr də davranışını düzəldə bilər. Amma nəzarət risk əsaslı qurulur, yəni hər partiya eyni dərinlikdə yoxlanılmaya bilər. Ona görə də “bazarda yoxdur” iddiası əvəzinə, belə hallar azalıb və “nəzarət var” yanaşması daha real görünür. Burada söhbət meyvənin qabığının səthindən gedir”.
Mütəxəssis bildirib ki, bəzi ölkələrdə sözügedən meyvənin rənginin daha narıncı və bərabər tonlarda görünməsi üçün müvafiq maddələrdən istifadə olunur:
“Digər bir üsul odur ki, portağal yığılandan sonra etilen qazı ilə “degreening” edilir. Bu, rəng qatmaq deyil. Qabıqda təbii rəng dəyişimini sürətləndirən texnoloji prosesdir. Həmin portağalların ziyanlı olub-olmadığını müəyyənləşdirmək üçün rəngləndiricinin nə olduğu və necə istifadə edildiyini bilmək lazımdır. Qida üçün icazəli rəng maddəsi düzgün dozada və yalnız qabıq səthində istifadə olunubsa, risk adətən aşağı olur. Məsələn, bəzi normativlərdə müəyyən boyaların bəzi meyvələrin “səthi emalı”nda istifadəsi ayrıca qeyd olunur. Problem daha çox icazəsiz boya, qida dərəcəli olmayan rəng maddəsi istifadə olunanda, doza, texnoloji rejim pozulanda istehlakçı qabığı da yeməkdə istifadə edəndə baş verə bilər. Çünki boya əsasən qabıqda olur. Yəni portağalı sadəcə soyub içini yeyən adamla, qabığını da qidaya qatan adamın qarşıladığı risk eyni deyil”.
Asim Vəliyev
Ekspert qeyd edib ki, ev şəraitində tam laboratoriya dəqiqliyi ilə bunu anlamaq və riski azaltmaq mümkün deyil:
“Amma gündəlik məntiqlə baxanda bir neçə sadə əlamət var. Qabığı nəm salfetlə sürtəndə rəng izinin çıxması, qabıqda həddən artıq parlaq və boya kimi bərabər ton, meyvələrin hamısında eyni ideal rəng olması halları buna nümunədir. Bunlar sadəcə şübhə yaradan əlamətlərdir. Portağalı axar su altında yaxşı yumaq, qabığı qidaya qatacağımız hallarda isə mənşəyi daha aydın olan məhsula üstünlük vermək daha məntiqli yanaşmadır. Nəzərə almalıyıq ki, qabığın gözəlliyi meyvənin dadı və qida dəyəri demək deyil”.
Zaira Akifqızı
Globalinfo.az