qeza 2

Xəbər verdiyimiz kimi, Bakıda piyada ilə sürücü arasında qeyri-adi insident baş verib. Belə ki, hadisə yanvarın 25-də metronun “Əhmədli” stansiyasının yaxınlığında qeydə alınıb. Məlumata görə, piyada keçidinə yaxınlaşan avtomobilin sürücüsü yolu keçməkdə olan piyadaya qışqıraraq ondan daha sürətli hərəkət etməsini tələb edib və təzyiq göstərib. Sürücünün bu hərəkətinə qeyri-adi reaksiya verən piyada isə qaçaraq avtomobilin üzərinə çıxıb. Hadisə ictimaiyyətdə geniş müzakirələrə səbəb olmaqla yanaşı, yol hərəkəti təhlükəsizliyi və etik davranış məsələlərini də ön plana çıxarıb.

Keçiddə baş verən mübahisədə günah kimdədir? Sürücü piyadanı tələsdirməlidirmi? Bu hadisədə maşına zərər verən piyada və ona qarşı kobudluq edən sürücü hansı məsuliyyəti daşıyır?

Globalinfo.az-adanışan vəkil Ramil Süleymanov deyib ki, qanunvericilik piyada keçidlərində avtomobillərin məcburi şəkildə dayanmasını tələb edir:

“Lakin qanunvericilik piyadaların həmin keçiddən bilərəkdən vaxt uzadaraq, nümayişkaranə və ya qarşı tərəfin hüquqlarından sui-istifadə edəcək formada keçməsini nəzərdə tutmur. Piyadalar elə şəkildə hərəkət etməlidirlər ki, bu, sürücülər üçün süni ləngimə yaratmasın və piyada keçidinin mahiyyətinə zidd olmasın. Bununla yanaşı, əsas prinsip odur ki, sürücülər piyada zolağından keçən piyadaları tam şəkildə keçib qurtarana qədər gözləməyə borcludurlar. Bu tələbi pozan sürücülər barəsində qanunvericiliyə uyğun olaraq 50 manat məbləğində cərimə və 1 bal tətbiq edilir. Məsələnin vacib tərəfi piyadanın davranışıdır. Qeyd olunan hərəkətlər açıq-aşkar xuliqanlıq xarakteri daşıyır və burada sürücünün piyadanı təhrik etməsindən söhbət gedə bilməz. Bu, cəmiyyətə qarşı kobud hörmətsizlik olmaqla yanaşı, eyni zamanda əmlaka ziyan vurma əlamətləri də ehtiva edir”.

ramil suleymanov

Ramil Süleymanov

Vəkil bildirib ki, sürücülərə və ümumilikdə cəmiyyətə qarşı açıq hörmətsizliyin bu formada nümayiş etdirilməsi cəzalandırılmalıdır:

“Hüquq-mühafizə orqanları tərəfindən yayılan görüntülər araşdırılmalı və piyadanın əməli xuliqanlıq kimi qiymətləndirilərək ona hüquqi dəyər verilməlidir. Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən, cinayət əməlini törətmiş şəxs barəsində 1000 manatdan 3000 manatadək cərimə, bir ilədək müddətə islah işləri, bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə cəzası tətbiq edilə bilər”.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin (DİN) məlumatına görə, yanvarın 26-da sözügedən hadisədə piyadaya yol verməyən sürücü saxlanılıb, onunla profilaktik söhbət aparılaraq qanunvericiliyin tələbi izah olunub. Bildirilib ki, qanunvericiliyin tələbinə əsasən yol ayrıcında sağa və ya sola dönən sürücü dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadalara, habelə bu hərəkət hissəsini velosiped yolu ilə keçməkdə olan velosipedçilərə yol verməlidir.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: