Türkiyənin xarici işlər naziri Hakan Fidanın ötən gün mətbuat konfransında Ermənistanda bu il keçiriləcək parlament seçkiləri və baş nazir Nikol Paşinla bağlı sözləri müzakirələrə səbəb olub.
Globalinfo.az xəbər verir ki, Fidan seçkilərlə bağlı sorğularda Paşinyanın partiyasının öndə olduğunu, Türkiyənin onu dəstəklədiyini və mövcud sülh xəttinin davam etdirilməsinin vacibliyini vurğulayıb.
Nazirin sözləri Ermənistan müxalifəti tərəfindən birmənalı qarşılanmayıb. Xüsusilə “Moskvanın adamı” olaraq tanınan Samvel Karapetyanın komandası, həmçinin radikal müxalif politoloq Suren Surenyants H.Fidanın sözlərini “Türkiyənin Ermənistanın daxili işlərinə müdaxiləsi” kimi qələmə veriblər.
Lakin Ermənistan parlamentinin sədr müavini, Türkiyə ilə münasibətlərin normallaşması prosesi üzrə nümayəndə Ruben Rubinyan bu iddiaların yalan olduğunu bildirib. O, Fidanın sadəcə hazırkı hökumətin konstruktiv, sülhmeyilli mövqeyini təqdir etdiyini söyləyib.
Sözügedən məsələ ölkədə müxalifət və hakimiyyət nümayəndələri arasında qalmaqala səbəb olub.
Əliyar Xəlil
Globalinfo.az