Qondarma qurumu buraxıb, ərazini könüllü tərk edirlər: hansı etnik təmizləmədən danışırlar?

 

Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədov “CNN TÜRK”ə müsahibəsində bildirib ki, artıq bəzi ermənilərin öz vətənlərinə köç etdiyinin şahidi oluruq: “Mətbuat mənsubları, hətta bu insanlara “niyə burdan gedirsən?” sualını verirlər. Heç biri “bizi buradan qovurlar, atırlar” demir. Biz onların bəzilərinin yalnız soyadlarını Ermənistana vermişik, onların təslim olmasını istəyirik. 300 nəfərlik siyahıdır. Onlar həm də Birinci Qarabağ müharibəsi zamanı soyqırıma cəhd etmiş, hərbi cinayətlər törətmiş şəxslərdir. Onlardan biri bu gün yolu keçərkən tutularaq Bakıya göndərilib. O, Azərbaycan qanunlarına uyğun şəkildə mühakimə olunacaq”.

Sentyabrın 27-də Ruben Vardanyan həbs edildi. İyul ayında isə başqa separatçı Vaqif Xaçaturyan tutulmuşdu. Ötən gün isə qondarma rejimin keçmiş müdafiə naziri Levon Mnatsakanyanın həbs edildiyi deyilir. Bütün bunlara baxmayaraq hələ Qarabağda həbs olunası separatçılar var.

Maraqlıdır, Laçın Nəzarət Buraxılış Məntəqəsini keçən zaman həbsi davam edilsə, bu zaman erməni lobbisinin təsiri ilə xarici ölkələrdən Azərbaycana qarşı hansısa addım və ya sanksiya tətbiq oluna bilərmi?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan Böyük Qurtuluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa deyib ki, səfir Rəşad Məmmədov çox düzgün ifadə edib:

Fazil Mustafa

“Həqiqətən də ermənilərə verilən suallara cavabda onlar sıxışdırılamadıqlarını, könüllü getdiklərini deyirlər. Yəni Azərbaycan bu məsələdə ermənilərə təzyiq etmir. Əksinə, qalmasını istəyir.

Ermənilər isə Qarabağdan kütləvi köçü təbliğat kimi istifadə etməyə çalışır. Biz etmədiyimiz əməlin məsuliyyətini daşımırıq. Bəzi çevrələr ermənilərin Qarabağdan köçünü etnik təmizləmə kimi təqdim edə bilər. Bunun heç bir əhəmiyyəti yoxdur. ABŞ senatorları da bu iddianı tez-tez dilə gətirir Lakin fakt göstərə bilmirlər. Ona görə də bu kimi yanaşmalar mənasızıdır”.

Deputat deyib ki, biz öz işimizi görməliyik:

“Çox ehtiyatlı davranmalı, yanlışa yol vermədən gedənə icazə verməli, qalana şərait yaratmalıyıq. Bütövlükdə isə terrorçuları həbs etməliyik. Bu şəxslər bölgə üçün təhdiddir.

Qarabağdan gedən insanların qeydiyyatı aparılır. Bu mənada ermənilərin bizə irad bildirməsi, çağırış etməsi mənasızdır. Çünki qondarma qurumu özləri buraxıb, Qarabağdan könüllü gedirlər.

Turan Rzayev
Globalinfo.az