Bakı şəhəri, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Oqtay oğlu İbrahimov vəzifəsindən azad edilib. Bu barədə dekabrın 29-da Prezident İlham Əliyev sərəncam imzalayıb.
Globalinfo.az xəbər verir ki, “Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, işdən çıxarılması E.İbrahimov üçün gözlənilməz olub.
Belə ki, o, bu gün iş başında olub, vətəndaş qəbulu keçirib, şikayətləri dinləyib. Qəbul başa çatandan bir qədər sonra icra başçısına işdən çıxarılması barədə məlumat verilib.
Amma E.İbrahimovun vəzifədən azad olunması təkcə onun üçün deyil, çoxları üçün də gözlənilməz haldır. Çünki ölkədə son illərdə yüksək vəzifəli məmurların belə qısa müddətdən sonra işdən çıxarılması faktı olmayıb.
E.İbrahimov bu vəzifəyə noyabrın 12-də təyinat almışdı və Nəsimi rayonuna cəmi 48 gün rəhbərlik edib.
O, bu müddət ərzində İcra Hakimiyyətində bir sıra kadr dəyişiklikləri etmişdi.
E.İbrahimov əvvəlcə icra başçının köməkçisi Elbrus Məmmədovu işdən çıxarıb. Yerinə isə Kürdəmir Rayon İcra Hakimiyyətində köməkçisi olmuş Ceyhun İsmayılovu gətirib. Bununla bağlı rəsmi əmr imzalanmaqla yanaşı dəyişiklilər Nəsimi Rayon İcra Hakimiyyətinin saytında da əksini tapıb. Köməkçi bölməsində Elbrus Məmmədovun adı silinib, yerinə Ceyhun İsmayılovun adı əlavə olunub.
Amma bir neçə gün sonra E.İbrahimov C.İsmayılovu da işdən çıxarıb. Keçmiş köməkçinin adı İcra Hakimiyyətinin rəsmi saytından da silinib. Amma keçmiş icra başçısının köməkçisini qısa müddətdən sonra işdən çıxarmasının səbəbi məlum deyil.
E.İbrahimovun ən diqqətçəkən dəyişikliklərindən bir də icra başçısının müavini Ramiz Quliyevi vəzifəsindən azad etməsi idi. R.Quliyev dekabrın 14-də işdən çıxarılıb. O, 4 il bu vəzifədə çalışıb.
Qeyd edək ki, Elxan İbrahimov Nəsimi RİH-dən təyinatadək Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı olub. Əvvəl isə Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində çalışıb. O, daha əvvəl Azərbaycanda bir neçə holdinqdə iqtisadiyyat və maliyyə işləri üzrə rəhbər vəzifələr tutub.
Elxan İbrahimov Azərbaycan Kooperasiya Universitetinin məzunudur. O, sonradan təhsilini İsveçin Stokholm İqtisadiyyat Məktəbində davam etdirib. Rus və ingilis dillərində sərbəst danışır.
Ailəlidir, 3 övladı var.