Sosial yardımlar

Son illər Azərbaycanda sosial yardım alanların artması ictimai narahatlığa səbəb olub. Rəsmi qurumlar bunu sosial müdafiə mexanizmlərinin genişləndirilməsi ilə izah etsə də, mövcud mənzərə bir çox hallarda əhalinin real gəlir səviyyəsinin aşağı olması, məşğulluq imkanlarının məhdudluğu və xüsusilə rayonlarda sosial-iqtisadi çətinliklərin dərinləşməsi ilə əlaqələndirilir.

İş tapa bilməyən və ya qeyri-sabit gəlirlə yaşayan ailələr üçün sosial yardım getdikcə əsas dolanışıq vasitəsinə çevrilir. Bu da uzunmüddətli perspektivdə ciddi sosial asılılıq riski yaradır.

Sosial yardım alanların sayının artması daha çox dövlətin sosial siyasətinin genişlənməsi ilə bağlıdır, yoxsa ölkədə, xüsusilə rayonlarda işsizlik və gəlir problemlərinin dərinləşməsinin göstəricisidir?

Globalinfo.az-a danışan iqtisadçı Fuad İbrahimov deyib ki, sosial siyasət iqtisadi və maliyyə baxımından dayanıqlı olan bütün inkişaf etmiş ölkələrdə mövcuddur:

“İstənilən dövlətdə və hökumətdə büdcə xərclərinin tərkibində sosial yönümlü yardımlar və sosial təyinatlı xərclər yer alır. Bu, normal və başadüşüləndir. Lakin bu yardımlara tələbat artmağa başlayırsa, artıq məsələyə daha diqqətli yanaşmaq lazımdır. Əgər müraciət edənlərin sayı artırsa, deməli, regionlarda məşğulluq problemi mövcuddur. Üstəlik, təkcə bölgələrdə deyil, Bakıda da məşğulluğun və digər sabit gəlir mənbələrinin kifayət qədər olmaması, xərclərin artması bu mühiti formalaşdırır”.

fuad 1

Fuad İbrahimov

İqtisadçı bildirib ki, məsələnin çox sadə izahı var:

“Müraciət edənlərin sayı artır və bunu görmək üçün ayrıca statistik göstəriciyə belə ehtiyac yoxdur. Vizual olaraq bölgələrdəki vəziyyətə, Bakının sıxlığına diqqət yetirsək, aydın olur ki, əgər regionlarda real məşğulluq imkanları olsaydı, paytaxta bu qədər insan toplanmaz, hər kəs rahat şəkildə yaşadıqları ərazilərdə işləyib dolanardılar. Problem odur ki, mövcud iş yerləri kifayət etmir, olanlarda isə maaşlar çox aşağıdır. Ən ağır məqam isə maaşın təklif edilən işin yaratdığı xərcləri ödəməməsidir. Məhz bu mühitlə mübarizə aparmaq lazımdır ki, sistem sağlamlaşsın. Gəlir gündəlik xərcləri ödəməlidir. Əgər gəlir-xərc balansı təmin olunmayacaqsa, sosial yönümlü müavinətlərə olan ehtiyac da durmadan artacaq”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: