Bu il böyük şəhərlərdə prospektlərə, küçələrə, meydanlara və digər inzibati ərazi vahidlərinə, eləcə də metro stansiyalarına yeni adların verilməsi gözlənilirdi. Çünki sözügedən məsələ Prezident İlham Əliyevin Sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması ilə bağlı Tədbirlər Planında yer almışdı. Lakin hər hansı ad dəyişikliyinin şahidi olmadıq. Xüsusilə də metrolarla bağlı mümkün tədbirlər diqqət mərkəzində idi.
Globalinfo.az-a danışan iqtisadçı, sabiq deputat Vahid Əhmədov deyib ki, Azərbaycan müstəqilliyini elan etdikdən sonra bir çox yer adları dəyişdirilib:
“Əvvəllər küçə, prospekt və bir sıra məkanlara digər ölkələrin tanınmış şəxslərinin adları verilmişdi və sayı çox idi. Onların əhəmiyyətli hissəsi artıq dəyişdirilib. Lakin müəyyən ərazilərdə mövcud hal hələ də qalır. Xüsusilə metro stansiyalarının adlarının dəyişdirilməsi məsələsi aktuallığını qoruyur. Şübhəsiz ki, bu, daim gündəmdə saxlanılmalı və sistemli şəkildə nəzərdən keçirilməli olan məsələdir”.
Vahid Əhmədov
Sabiq deputatın fikrincə, vaxtaşırı mövcud adlara yenidən baxılmalıdır:
“Nəzərə almaq lazımdır ki, Azərbaycan 44 günlük Vətən müharibəsində tarixi qələbə qazanıb, bu yolda çoxsaylı şəhidlər verilib və kifayət qədər tanınmış, dəyərli şəxsiyyətlərimiz var. Hesab edirəm ki, bu adların küçələrə, prospektlərə və metro stansiyalarına verilməsi daha məqsədəuyğun olardı. Digər tərəfdən, proses birdəfəlik deyil, mütəmadi olaraq, il ərzində mərhələli şəkildə həyata keçirilməlidir”.
Nəqliyyat eksperti Eldəniz Cəfərov kütləvi və sistemli ad dəyişikliyinin hələ həyata keçirilmədiyini bildirib:
“Xüsusilə metro stansiyalarının adlarının dəyişdirilməsi ilə bağlı rəsmi qərar hələ elan olunmayıb. Lakin məsələ dayandırılmayıb, sadəcə, praktiki icra mərhələsinə keçməyib. Metro adlarının dəyişdirilməsi texniki və sosial baxımdan çox həssas bir mövzudur. Marşrut xətləri, naviqasiya sistemləri, mobil tətbiqlər, turist marşrutları və minlərlə gündəlik istifadəçi nəzərə alınmalıdır. Bu səbəbdən ad dəyişiklikləri tələsik yox, ictimai müzakirələr və konsepsiya əsasında aparılmalıdır. Mən də belə müzakirələrin bir qismində iştirak etmişəm və təkliflər irəli sürülüb, amma hələ tam layihə formasına salınmayıb”.
Eldəniz Cəfərov
Ekspert qeyd edib ki, metro adlarının dəyişdirilməsi şəhərin toponimikasının yenilənməsini tələb edir:
“Hazırda Bakıda sovet dövründən qalan, funksiyanı əks etdirməyən, tarixi və coğrafi uyğunluğu olmayan adlar mövcuddur. Bu isə vahid dövlət yanaşmasını və mərhələli icranı tələb edir. İlkin mərhələdə tarixçilər, dilçilər, urbanistlərdən ibarət işçi qrup yaradılmalı, ekspertlər tərəfindən toponimika üzrə konseptual sənəd hazırlanmalıdır. Daha sonra yalnız yeni açılan metro stansiyalarına prioritet olaraq yeni adlar verilməli və bu adlar təsadüfi olmamalıdır. Mövcud stansiyalarda yalnız ən problemli adların dəyişdirilməsi məqsədəuyğun hesab olunur. Tam olaraq bütün metro stansiyalarının adlarının eyni vaxtda dəyişdirilməsinin əleyhinəyəm. Proses media vasitəsilə ictimai müzakirələrlə müşayiət olunmalı, qarışıqlığın qarşısını almaq üçün paralel adlandırma və adaptasiya dövrü tətbiq edilməlidir”.
Zaira Akifqızı
Globalinfo.az