QLOBAL MEDIA logo1

“ƏNƏNƏVİ VƏ RƏQƏMSAL MEDİADA İDEOLOJİ TƏXRİBATLAR ƏLEYHİNƏ İŞ” ADLI LAYİHƏ ÇƏRÇİVƏSİNDƏ

H E S A B A T

BAKI – 2025
Qeyd: Hesabat Qlobal Media və Siyasət Araşdırmaları İctimai Birliyinin, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Ənənəvi və rəqəmsal mediada ideoloji təxribatlar əleyhinə iş” adlı layihə çərçivəsində dərc olunub.
Qeyd: Müsahibədə əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.

1. Giriş: İdeoloji Təxribatların Təhlili və Təsiri
Müasir dövrün əsas təhlükələrindən biri artıq hərbi və iqtisadi müstəvidən daha çox ideoloji və informasiya sahəsində özünü göstərir. Suverenlik və milli bütövlüyə qarşı yönəlmiş təsirlər getdikcə daha çox məhz ideoloji hücumlarla müşahidə olunur. Bu hücumlar, xüsusilə rəqəmsal texnologiyaların inkişafı ilə yeni və daha təhlükəli formalar almışdır. Ən təhlükəli məqam isə odur ki, bu təsirlər yalnız xaricdən deyil, daxildəki ideoloji zəifliklər, sosial parçalanmalar və zəif informasiya savadlılığı fonunda daha asan yayılır və təsirli olur.
İdeoloji təxribat dedikdə, dövlətin, cəmiyyətin və fərdlərin düşüncə sisteminə, milli-mənəvi dəyərlərinə, ictimai şüuruna qarşı məqsədli və sistemli informasiya və mədəni təsirlər başa düşülür. Bu təsirlər dini, etnik, siyasi və qlobalist çalarlarla bəzədilərək təqdim olunur və ictimai rəyə sızdırılır. Azərbaycan Respublikası kimi geosiyasi baxımdan həssas, mədəni-tarixi irsi zəngin və regionda mühüm rol oynayan ölkələr isə belə təxribatların əsas hədəfinə çevrilmişdir.
İnformasiya və kommunikasiya texnologiyalarının sürətli inkişafı ideoloji təsirin həm formasını, həm də yayılma sürətini dəyişmişdir. Bu gün yalnız hərbi və iqtisadi güc deyil, media, təhsil, mədəniyyət, din və sosial şəbəkələr kimi vasitələr vasitəsilə yürüdülən ideoloji təsir — yeni dünya düzənində dominant güc alətinə çevrilmişdir. Bu təsirlər fərdi şüuru deyil, bütövlükdə milli kimliyi və dövlətin strateji sabitliyini hədəfə alır. Beləliklə, ideoloji təxribatlar dövlətlərin informasiya təhlükəsizliyi, mədəni müstəqilliyi və milli müqavimət instinktləri üçün ən ciddi təhdidlərdən biri kimi meydana çıxır.
Azərbaycanın tarixi, dini və mədəni identiteti, coğrafi mövqeyi və strateji resursları onun regiondaxili və qlobal güclərin ideoloji təsir dairəsində daim qalmasına səbəb olur. 1990-cı illərdən bu yana Azərbaycana qarşı ideoloji hücumlar müxtəlif istiqamətlərdə aparılıb. Xüsusilə bəzi qonşu və bəzi Qərb dövlətləri fərqli formatlarda, amma eyni məqsədlə — milli birliyi zəiflətmək və Azərbaycan dövlətçiliyinə qarşı şüur səviyyəsində təzyiq yaratmaq məqsədilə bu təxribatları sistemli şəkildə həyata keçirir.
2. Ərazi Bütövlüyü və Suverenlik: İdeoloji Təxribatların Milli Təhlükəsizliyə Təhdidi
Azərbaycana qarşı ideoloji təxribatların əsas istiqamətləri bir neçə formaya bölünə bilər: tarixi faktların təhrif edilməsi, milli kimliyin aşındırılması, radikal dini ideologiyaların təbliği və kulturoloji təzyiqlərlə yerli dəyərlərin deformasiyası. Bu istiqamətlər bəzən birbaşa təbliğat vasitəsilə, bəzən isə dolayı yolla – sosial media platformaları, qeyri-hökumət təşkilatları, xarici təhsil mühiti, qrant layihələri, serial və filmlər vasitəsilə həyata keçirilir.
Tarixi yaddaşın sistemli şəkildə təhrif olunması Azərbaycan üçün ən ciddi ideoloji təhlükələrdən biridir.Xüsusən Ermənistan və onun güclü diaspor şəbəkəsi Azərbaycan və onun Qarabağ bölgəsi ilə bağlı uydurmalar, saxta xəritələr, qondarma tarix kitabları və manipulyativ sənədli filmlər vasitəsilə beynəlxalq ictimai rəyə təsir etməyə çalışır. Belə saxtakarlıqlar təəssüf ki, bəzi Azərbaycan gənclərinin tarixi şüuruna və milli kimliyinə zərbə vurur, həmçinin ölkənin beynəlxalq imicinə ciddi xələl gətirir.
Sovet İttifaqı dövründə Azərbaycan xalqının milli kimliyi sistematik şəkildə təhrif olunmuşdur. “Türk” kimliyi “azərbaycanlı” termini ilə əvəzlənmiş, ümumtürk tarixi və mədəniyyəti tədris sistemindən çıxarılmış, milli simvollar və qəhrəmanlar unudulmağa məhkum edilmişdir. Bu ideoloji miras, bəzi dairələrdə bu gün də yaşamaqdadır. Hazırda bu təxribatlar daha çox rəqəmsal informasiya vasitələri üzərindən həyata keçirilir. Xarici platformalarda Azərbaycan xalqının tarixi, mədəniyyəti, dini və sosial strukturu məqsədli şəkildə ya təhrif edilir, ya da “geridəqalmışlıq” kimi təqdim olunur. Bunun nəticəsi olaraq, gənc nəslin bir qismi milli kimlikdən uzaqlaşır, öz dəyərlərinə biganə yanaşır və bəzən milli aidiyyət hissini itirir.
Azərbaycan dünyəvi dövlət olsa da, dini dəyərlərə hörmətlə yanaşır və dini müxtəlifliyin harmoniyasını qorumağa çalışır. Ancaq bəzi xarici dairələr Azərbaycanda dini radikalizmi yaymaq üçün xüsusi fəaliyyət göstərirlər. Bu cəhdlər dini təəssübkeşlik, sektarçılıq və fundamentalist yanaşmalar vasitəsilə cəmiyyətdə parçalanma yaratmaq, dövlət institutlarını zəiflətmək və milli həmrəyliyi sarsıtmaq məqsədi güdür. Bu radikal qruplar dini təhsili, sosial yardım fondlarını, internet platformalarını öz təbliğatları üçün istifadə edirlər. Azərbaycan dövləti bu təhlükəyə qarşı həm hüquqi, həm də ideoloji tədbirlər görür. Lakin bu fəaliyyətlər təkcə inanca deyil, həm də dövlətçilik prinsiplərinə yönəldiyi üçün bu məsələ davamlı diqqət tələb edir.
Qloballaşma prosesləri fonunda isə Qərb ölkələrindən gələn “mədəni” ekspansiyalar xüsusi diqqət tələb edir.
Qərb dünyası insan hüquqları, fikir və söz azadlığı kimi fundamental prinsipləri uzun müddətli ictimai-siyasi inkişaf prosesində formalaşdırmışdır.Hüquqi dövlət, qanunun aliliyi və fərdi azadlıqlar Qərb cəmiyyətlərinin əsas ideoloji dayaqları sayılır.Qərb mədəniyyəti təhsildə bərabərlik, elmi tərəqqi və gender bərabərliyini dəstəkləyən yanaşmaları ilə fərqlənir.Fərdi təşəbbüsə və sahibkarlığa verdiyi önəm Qərbin iqtisadi inkişaf modelində mərkəzi yer tutur.Qərb ictimai sistemləri plüralizm və tolerantlıq ideyalarını müdafiə edərək fərqli mədəniyyət və dinlərin yanaşı yaşamasına imkan yaratmağa çalışır.
Lakin məhz bu pozitiv və universal dəyərlərin əsl mahiyyəti kənarda qalaraq bəzən milli dəyərlərin, ailə institutunun və ənənəvi sosial bağların zəifləməsi ilə nəticələnir.
Qərb Qərbyönlü kulturoloji təsirlər bəzən modernləşmə adı altında təqdim olunur, amma gerçəkdə ailə, əxlaq, milli dəyərlər və sosial struktur üzərində aşındırıcı təsirlər yaradır. Seriallar, filmlər, sosial media tendensiyaları vasitəsilə “qlobal vətəndaşlıq”, “sərhədsiz mədəniyyət” ideyaları yayılır və bu proses gənclər arasında identitet böhranı yaradır. Belə vəziyyətdə ailə, məktəb və media sistemləri balanslı və analitik yanaşma göstərməli, milli dəyərləri qorumalı, müasirliyin faydalı cəhətlərini isə doğru süzgəcdən keçirərək qəbul etməlidir.
Azərbaycanın ideoloji təhlükələrə qarşı mübarizəsi sadəcə reaktiv deyil, həm də proaktiv olmalıdır. Məsələn, 2020-ci il Vətən müharibəsi dövründə sosial mediada aparılan dezinformasiya kampaniyaları, beynəlxalq platformalarda yayılan anti-Azərbaycan ritorikası, xarici trolların daxili siyasi diskursa müdaxiləsi və gənclər arasında milli identitetin aşınması bu istiqamətdə baş verənlərin yalnız bir hissəsidir. Bu hadisələr göstərdi ki, informasiya savaşı artıq real münaqişələrin ən vacib komponentinə çevrilib.
Nəticə olaraq, ideoloji təxribatlar müasir dünyada silah kimi istifadə olunan ən təhlükəli vasitələrdəndir. Bu təxribatlar yalnız informasiya manipulyasiyası ilə kifayətlənmir, həm də gələcək nəsillərin kimlik şüuruna, vətəndaş-dövlət münasibətlərinə və cəmiyyətin dayanıqlılığına ciddi zərbələr vurur. Azərbaycan bu təhlükələrə qarşı sistemli və çoxşaxəli yanaşma ilə cavab verməlidir. Bu mübarizədə təkcə dövlət orqanlarının deyil, eyni zamanda ictimai institutların, media qurumlarının, təhsil müəssisələrinin və ailə institutunun da fəal iştirakı tələb olunur. Milli kimliyi, tarixi yaddaşı və mənəvi dəyərləri qorumaq, bu yeni dövrün ən vacib strateji prioritetidir.

3. İdeoloji təxribatların tarixi konteksi və Azərbaycanı təhdid edən qüvvələr
İdeoloji təxribat millətin mənəvi və psixoloji əsaslarına hücum edən, uzunmüddətli və sistemli hücumdur. Azərbaycanda belə təxribatlar imperiya hegemonluğundan başlayaraq soyuq müharibə dövrünə, müstəqillik sonrası region oyunlarına və modern geopolitik rəqabətə qədər həmişə özünü göstərib. XIX əsrdə Çar Rusiyasının işğalı ilə başlayan assimilyasiya təcrübəsi, xalqın məruz qaldığı ruslaşdırma siyasəti, pravoslav missionerlərin fəaliyyəti milli kimliyi zəiflətməyə yönəlmiş bir strategiyanın hissəsi idi. Bu dönəmdə təhsil sistemində rus dilinin hökmü, dini təsirlərin zəiflədilməsi, milli elitanın məhvi planlı və dövlət səviyyəli idi. Bu proseslər yalnız mədəni hegemonluq deyil, həm də kəskin ideoloji basqı sayılırdı.
XX əsrin əvvəllərində Sovet hakimiyyəti qurulduqdan sonra millətin ideoloji sistemini dəyişdirmə prosesi daha da strukturlaşdı. Kommunist ideologiyasının əsaslandığı proletar beynəlmiləlçilik və ateizm dəyərləri milli kimliyi sıradan çıxarmaq məqsədi güdürdü. Azərbaycan tarixinin soyudulması, sovetləşdirilməsi, “böyük rus xalqı” fikrinin tətbiqi ideoloji təxribatın növbəti mərhələsi oldu. Bu zaman millətin məcburi “sovet insanı” modelinə inteqrasiyası ideologiyanın məzmununda cisimləşdi.
Eyni zamanda XIX əvvəllərindən başlayaraq erməni ideoloji təxribatı — Qarabağın “tarixi erməni torpağı” kimi qələmə verilməsi, azərbaycanlıların torpaqların qorunması uğrunda baş verən hadisələrin təhrif olunması, erməni diasporanın dünya mediasına təsir imkanları vasitəsilə Azərbaycanın beynəlxalq siyasətdə təcrid olunmasına çalışıldı.
Hazırda yeni rəqəmsal dünyanın inkişafı ilə bağlı vəziyyət dəyişin. Sovet dövrü ilə müqayisədə müasir ideoloji cəbhə daha rəqəmsal, kütləvi və qlobal xarakter daşıyır. Sosial şəbəkələrdə troll şəbəkələri və saxta profillərin idarə olunması, dezinformasiya kampaniyaları, psixoloji təzyiqlər, Qarabağ müharibəsi fonunda yaradılan təhrif edilmiş narrativlər rəqəmsal informasiya müharibəsinin əsasını təşkil edir.
Bu mübarizədə xarici xüsusi xidmət orqanları, regional güclər (xüsusilə Rusiya, İran və erməni lobbisi), xüsusi Qərb dairələri fəal rol oynayır.
Rusiya Federasiyasının imperiya sərhədlərinin bərpası ideyası: Azərbaycan üçün ideoloji təhlükə və strateji çağırış. Rusiya Federasiyası XXI əsrdə yalnız coğrafi sərhədlərini deyil, həm də keçmiş imperiya kimliyini bərpa etməyə çalışan bir geosiyasi güc olaraq çıxış edir. Bu proses sadəcə hərbi-siyasi alətlərlə deyil, ideoloji, mədəni və informasiya vasitələri ilə də həyata keçirilir. Moskvanın “böyük rus”, “pravoslav-slavyan” və “Rus dünyası” (Russkiy mir) kimi konsepsiyaları Azərbaycan kimi post-sovet ölkələri üçün ciddi təhlükə yaradır. Çünki bu ideologiyalar öz mahiyyətinə görə müxtəlif xalqların və mədəniyyətlərin assimilyasiyasına, ruslaşdırılmasına və imperiya nəzarətinə tabe edilməsinə əsaslanır.
Rusiya rəhbərliyi – xüsusilə Putin dövründə – SSRİ-nin dağılmasını “XX əsrin ən böyük geosiyasi faciəsi” adlandırmaqla, keçmiş imperiya təsir zonalarını bərpa etmək niyyətini açıq şəkildə ortaya qoymuşdur. Bu məqsədlə:
• Slavyan-Rus sivilizasiyası ideyası gündəmə gətirilir;
• Rus dilinin və pravoslav mədəniyyətinin “birləşdirici faktor” olduğu vurğulanır;
• Keçmiş SSRİ ölkələrində “Rusiya vətəndaşlarının hüquqlarının müdafiəsi” adı ilə müdaxilə haqqı özünə tanınır.
Bu ideoloji konsepsiya postsovet məkanındakı müstəqil dövlətlərin daxili işlərinə qarışmaq üçün “mədəni və tarixi haqq” iddiasını özündə ehtiva edir. Azərbaycan üçün bu model xüsusilə təhlükəlidir. Çünki rus ideologiyası Cənubi Qafqazda əsasən Ermənistanın vasitəsilə yayılır və Azərbaycanın qərbyönlü, türk inteqrasiyalı siyasəti bu prosesin qarşısında əsas maneə kimi görünür. Bunun üçün müxtəlif vasitələrə əl atılır:
Mediada informasiya manipulyasiyaları və rusdilli təbliğat. Rusiya Federasiyası Azərbaycanda da informasiya məkanını ələ keçirmək məqsədilə uzun illərdir müxtəlif üsullarla təsir göstərir. Bu təsir aşağıdakı formaları alır:
• Rusdilli televiziya və internet platformaları vasitəsilə Kremlin ideologiyasını yayan proqramlar geniş kütlələrə təqdim olunur;
• Qərb dəyərlərinə, Avropa İttifaqı və ABŞ-a qarşı yönəlmiş dezinformasiya kampaniyaları aparılır;
• Rusiyanın imperiya maraqlarına zidd çıxış edən siyasətçilər və müstəqil jurnalistlər bu media qurumlarında “satqın”, “agent”, “qərbpərəst” kimi etiketlənir.
Bütün bunlar informasiya müharibəsinin bir hissəsi kimi istifadə olunur və Azərbaycan ictimaiyyətində çaşqınlıq yaratmaq, milli dövlətçiliyə qarşı güvənsizlik formalaşdırmaq məqsədi daşıyır.
Təhsil və mədəniyyət vasitəsilə rus dilinə bağlı nəslin formalaşdırılması.Rusiya, post-sovet ölkələrində, o cümlədən Azərbaycanda “yumşaq güc” strategiyası çərçivəsində təhsil və mədəniyyət vasitələrindən də geniş istifadə edir. Bu siyasət aşağıdakı əsas elementləri əhatə edir:
• Rus dili məktəblərinin, filiallarının və universitet proqramlarının genişləndirilməsi;
• Rus mədəniyyət mərkəzlərinin açılması və maddi dəstəklərlə cazibədar göstərilməsi;
• Gənclər arasında rus mədəniyyti təbliği üçün müxtəlif layihələrin həyata keçirilməsi.
Bu proses nəticəsində yeni nəsil arasında rusdilli identiklik formalaşdırılmağa, gənclər arasında milli mənsubiyyətə laqeydlik aşılamağa çalışılır. Bu, Azərbaycanın milli birliyini zəiflədən və strateji gələcəyini təhdid edən ideoloji diversiya cəhdləridir.
Rusiya təbliğatının əsas hədəfi: Azərbaycan-Türkiyə münasibətlərinin zəiflədilməsi. Azərbaycanın Türkiyə ilə yaxınlaşması və Türk Dövlətləri Təşkilatında aktiv rolu Rusiya üçün strateji təhlükə kimi qiymətləndirilir. Rusiyanın ideoloji platformalarında bu yaxınlaşma “pantürkizm təhlükəsi”, “neo-osmanizm” kimi təqdim olunur. Bu ittihamlarla:
• Azərbaycanın türk kimliyi və tarix şüuru hədəfə alınır;
• Qardaş dövlətlər arasında şübhə toxumu səpilir;
• Azərbaycanın qərbyönlü, müasir və dünyəvi modelinə qarşı əks-təbliğat gücləndirilir.
Bugünkü Rusiya Federasiyasının davranışları XIX əsrdə Çar Rusiyasının və XX əsrdə SSRİ-nin yürüdüyü ekspansiya siyasətinin müasir davamıdır. O zamanlar da Qafqaz xalqları ruslaşdırılması prosesi gedir, Türk xanlıqları sırayla ləğv edilir və imperiyaya tabe etdirilirdi, İdeoloji alətlər – pravoslav missionerləri, məktəblər və imperiya tarixi – yerli xalqların şüuruna zorla yerləşdirilirdi, bu gün də eyni məqsədlə rusdilli mətbuat, “tarixi ortaq yaddaş”, “slavyan birliyi”, “beynəlxalq terrora qarşı mübarizə” kimi şüarlar arxasında imperiya məqsədləri gizlədilir.

İran İslam Respublikası uzun illərdir ki, Azərbaycanın daxili işlərinə ideoloji, dini və siyasi vasitələrlə zaman-zaman müdaxilə etməyə çalışır. İran rejiminin Azərbaycana qarşı olan bu düşmənçilik siyasətinin kökündə həm teokratik quruluşun ideoloji maraqları, həm də etnik-milli təhlükə fikri dayanır.
İran, Şiəliyin “rəsmi himayəçisi” rolunu üzərinə götürərək Azərbaycanda müxtəlif “dini” qrupların formalaşmasına yardım edib. Bu qruplar çox vaxt din pərdəsi altında ideoloji beyin yuyulması həyata keçirir, cəmiyyətdə dövlətə qarşı narazılığın artması üçün dini platformalardan istifadə edirlər. Onların əsas məqsədi Azərbaycanda İslam Respublikası modelinə yaxın bir mühiti təşviq etmək, sekulyar və tolerant dövlət quruluşunu zəiflətməkdir.
İranın ideoloji laboratoriyalarında hazırlanmış şəbəkələr dini mərasimlər, məscidlər və xeyriyyə fondları vasitəsilə Azərbaycanda gizli təbliğat aparır. Bu şəbəkələr “Əhli-beyt sevgisi”, “məzhəb vəhdəti” kimi görünsə də, əslində İrana bağlı bir ruhanilər korpusu və vəkillər şəbəkəsi vasitəsilə Azərbaycanın suverenlik ideyasını zəiflətmək niyyəti daşıyır.
İranın əsas taktiki alətlərindən biri dini inancın siyasiləşdirilməsidir. Bu, şiə inancının dərin tarixi və emosional əsaslarına söykənərək ictimai şüura təsir etmək metodudur. Eyni zamanda, sünni-şiə fərqləri üzərindən dini təbəqədə parçalanma riski yaradılmağa çalışılır. Bu isə İranın “parçala və hökm sür” prinsipinin dini müstəvidəki tətbiqidir.
İranın Azərbaycana qarşı bu qədər aqressiv dini-ideoloji fəaliyyət aparmasının arxasında aşağıdakı əsas amillər dayanır:
• Sekulyar və müstəqil dövlət modeli: İran teokratik quruluşda olan bir dövlətdir. Azərbaycandakı laik dövlət modeli, dini və dünyəvi balans, multikultural dəyərlər İran rejimi üçün təhlükəli nümunədir. Bu modelin Cənubi Azərbaycana sirayət etməsi Tehran rejimi üçün yolverilməzdir.
• Türklük və milli oyanış amili: Azərbaycanda möhkəmlənən milli kimlik, türkçülük və milli oyanış düşüncəsi, indiki İranın cənub bölgəsində – yəni Güney Azərbaycanda yaşayan on milyonlarla azərbaycanlının eyni düşüncə ilə ayağa qalxmasına səbəb ola bilər. İran, Azərbaycanın inkişaf etmiş dövlət nümunəsinin Cənubdakı türklər üçün cazibədar modelə çevrilməsindən qorxur.
• Qarabağ zəfəri və geopolitik üstünlük: 2020-ci ildə Azərbaycanın Qarabağ zəfəri regionda balansları dəyişdirdi. İran, Azərbaycanın güclənməsini, türk dünyası ilə inteqrasiyasını və yeni strateji yol xətlərində (Zəngəzur dəhlizi və s.) açar rol oynamasını öz maraqlarına təhlükə sayır. Bu səbəbdən də, daxildə qarışıqlıq yaratmaq üçün dini təxribatlara daha çox resurs ayırır.
Ermənistanın Azərbaycana qarşı düşmənçilik siyasəti təsadüfi deyil, bu, tarixi iddialara, etnik-ekspansionist ideologiyalara və böyük güclərin dəstəyi ilə formalaşdırılmış uzunmüddətli strateji planlara əsaslanır. XIX əsrin əvvəllərindən başlayaraq çar Rusiyası tərəfindən Qafqazdan minlərlə erməninin Azərbaycan torpaqlarına, xüsusən də Qarabağ və İrəvan xanlıqlarının ərazisinə köçürülməsi nəticəsində bölgədə demoqrafik tərkib süni şəkildə dəyişdirildi. Bu prosesin əsas məqsədi bölgədə xristian dayağı yaratmaq və gələcəkdə erməni dövlətçiliyi üçün zəmin formalaşdırmaq idi.
XX əsrin əvvəllərindən başlayaraq erməni millətçiləri “Böyük Ermənistan” xülyası ilə Azərbaycan torpaqlarına qarşı ardıcıl ərazi iddiaları irəli sürdülər. 1918–1920-ci illərdə, Azərbaycan Xalq Cümhuriyyəti dövründə erməni silahlı dəstələri Naxçıvan, Zəngəzur və Qarabağda kütləvi qırğınlar törətmiş, minlərlə azərbaycanlını vəhşicəsinə qətlə yetirmiş, yüzlərlə kəndi yandırmışdır. Sovet dövründə bu iddialar formal şəkildə dayandırılmamış, tarixi Azərbaycan torpaqlarının böyük bir hissəsi qanunsuz olaraq Ermənistana verilmiş, Dağlıq Qarabağ Muxtar Vilayəti adlı qondarma qurum yaradıldı. 1980-ci illərin sonlarında ermənilər münaqişə yaradaraq Qarabağın Azərbaycandan qoparılması yönündə separatçı hərəkatlarla davam etdirildi.
1990-cı illərdə Ermənistanın birbaşa hərbi müdaxiləsi nəticəsində keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti və onun ətrafındakı yeddi rayon işğal olundu, bir milyondan çox azərbaycanlı etnik təmizləməyə məruz qaldı. Ermənistan bu işğalı “erməni xalqının təhlükəsizliyi” və “tarixi torpaqların müdafiəsi” kimi saxta ideoloji çərçivələrdə haqqlandırmağa çalışdı və beynəlxalq hüququ açıq şəkildə pozdu. 30 ilə yaxın müddətdə Ermənistan işğal faktını danmaqla kifayətlənməmiş, bu ərazilərdə qanunsuz məskunlaşma, abidələrin dağıdılması, resursların talan edilməsi və hərbi istehkamların qurulması ilə məşğul olmuşdur.
Bu gün isə Ermənistan Azərbaycana qarşı siyasətini yalnız hərbi deyil, diplomatik və informasiya cəbhəsində də davam etdirir. Ermənistan rəhbərliyi beynəlxalq platformalarda “münaqişə hələ bitməyib” ritorikası ilə revizionist iddiaları qoruyur, Azərbaycanın suverenliyini tanımaqdan imtina edir və sülh danışıqlarına qeyri-səmimi yanaşır. Ermənipərəst Qərb dairələrinin, xüsusilə Fransa və ABŞ-dakı erməni lobbisinin dəstəyi ilə Ermənistan, özünü “təhlükə altındakı tərəf” kimi təqdim edir, əslində isə regionda sabitliyi pozan əsas aktorlardan biri kimi çıxış edir.
Ermənistanın Azərbaycana qarşı siyasəti həm tarixi ədalətin, həm də beynəlxalq hüququn prinsiplərinin pozulmasına əsaslanır. Onun əsas məqsədi Cənubi Qafqazda geosiyasi balansı dəyişmək, Azərbaycanı zəiflətmək və strateji ərazilərə nəzarəti bərpa etməkdir. Bu isə təkcə ikitərəfli münasibətləri deyil, bütövlükdə regional təhlükəsizlik sistemini ciddi şəkildə təhdid edir.
Gürcüstanın Azərbaycana münasibəti: tarixi çalarlar və müasir reallıqlar.
Gürcüstan və Azərbaycan tarix boyu Cənubi Qafqazın əsas dövlətlərindən olmuş, müxtəlif dövrlərdə eyni imperiyaların tərkibində yaşamış, oxşar siyasi və geosiyasi təzyiqlərlə qarşılaşmışlar. Hər iki xalq çar Rusiyasının və daha sonra Sovet İttifaqının işğalına məruz qalmış, suverenlikləri illərlə əlindən alınmışdır. Bu tarixi yaxınlıq müstəqillik dövründə də öz əksini tapmış, Gürcüstan və Azərbaycan, xüsusilə enerji və nəqliyyat layihələri sahəsində sıx əməkdaşlıq qurmuşlar.
Gürcüstan və Azərbaycan arasında rəsmi olaraq strateji tərəfdaşlıq münasibətləri hökm sürsə də, bu əməkdaşlıq bəzi həssas mövzularda – xüsusilə sərhəd bölgələrində – ciddi sınaqlarla üz-üzə qalır. Bu mənada ən çox diqqət çəkən məsələlərdən biri Keşikçidağ (gürcü mənbələrində David-Qareci) monastır kompleksi ətrafında baş verən gərginliklərdir. Bu kompleksin yerləşdiyi ərazi – Azərbaycan-Gürcüstan sərhədinin tam delimitasiya olunmamış hissəsi – hər iki tərəf üçün tarixi və mədəni baxımdan həssas sahədir.
Gürcüstan ictimaiyyətində və siyasi dairələrində bu abidənin bütövlükdə Gürcüstana məxsus olması barədə iddiaların artması, kilsə və millətçi qrupların təzyiqləri fonunda Azərbaycan ərazisinə müdaxilə cəhdlərinin leqallaşdırılması təşəbbüsləri müşahidə olunur. 2019-cu ildən etibarən Keşikçidağ ətrafında gürcü radikal qruplarının təşkil etdiyi yürüşlər, Azərbaycan sərhədçilərinə qarşı hücumlar və antiazərbaycan çağırışlar bu məsələnin sadəcə mədəni irs mübahisəsi olmadığını, əslində dərin geosiyasi və ideoloji çalarlar daşıdığını göstərdi.
Azərbaycan bu məsələni beynəlxalq hüquq çərçivəsində, ikitərəfli sərhəd komissiyaları vasitəsilə həll etməyə çalışsa da, Gürcüstanın bəzi siyasi qüvvələri məsələni daxili siyasətdə alətə çevirməyə meyllidir. Bu isə Azərbaycanın suveren sərhədlərinin təhdid altına alınması, ölkənin təhlükəsizlik və ideoloji sabitliyinə yönəlmiş açıq və dolayı təzyiqlər fonunda bu cür gərginliklər dərin narahatlıq doğurur.
Bundan əlavə, Keşikçidağ məsələsi ilə paralel olaraq Gürcüstan-Azərbaycan sərhədində yerləşən digər həssas nöqtələrdə də delimitasiya və demarkasiya prosesinin ləngidilməsi müşahidə olunur. Gürcüstanın Ermənistanla olan münasibətlərindəki ehtiyatlı balansı qorumaq üçün Azərbaycanın maraqlarına tam uyğun olmayan mövqe sərgiləməsi, bu ölkənin bəzən regiondaxili məsələlərdə qeyri-obyektiv davranmasına səbəb olur.
Nəticə etibarilə, Gürcüstanın sərhəd siyasətində müşahidə olunan bu ziddiyyətlər, xüsusilə Keşikçidağ məsələsi timsalında, Azərbaycana qarşı ideoloji və geosiyasi basqı potensialını da ehtiva edir. Bu isə ikitərəfli münasibətlərin gələcəkdə daha ciddi sınaqlarla üzləşə biləcəyini göstərir və rəsmi Tbilisinin bu məsələdə konkret və ədalətli mövqe sərgiləməsi zərurətini ortaya qoyur.
Azərbaycan özünü Şərq ilə Qərb arasında yerləşən, real siyasət (realpolitik) prinsiplərinə əsaslanan dünyəvi dövlət modeli kimi təqdim edir. Bu mövqe ona həm Şərq ölkələri ilə tarixi-mədəni ortaq dəyərlər əsasında, həm də Qərb dövlətləri ilə müasir siyasi və iqtisadi maraqlar fonunda əlaqələr qurmağa şərait yaradır. Lakin belə mühüm geosiyasi mövqe eyni zamanda Azərbaycanı müxtəlif ideoloji və informasiya təxribatlarının hədəfinə çevirir – xüsusilə də regiondakı bəzi qonşu dövlətlər tərəfindən yönləndirilən sistemli basqılarla.
Rusiya və İran kimi dövlətlər Azərbaycana qarşı müxtəlif vasitələrlə ideoloji təsir qurmağa çalışırlar – rusdilli media məkanında Azərbaycanın müstəqil qərarları şübhə altına alınır, İranda isə dini və etnik platformalar üzərindən milli birliyə zidd mesajlar yayılır. Ermənistan isə işğalçı siyasətini legitimləşdirmək üçün informasiya resurslarını və xarici diasporasını səfərbər edərək Azərbaycanın haqlı mövqeyini “təcavüzkar siyasət” kimi təqdim etməyə cəhd göstərir. Gürcüstanla isə strateji tərəfdaşlığa baxmayaraq, sərhəd bölgələrində – xüsusilə Keşikçidağ məsələsində – ortaya çıxan gərginliklər və bu ölkənin bəzi dairələrindəki anti-Azərbaycan ritorika, ikitərəfli münasibətlərdə qeyri-müəyyənliklər yaradır.
Bütün bu kontekstdə Azərbaycanın strateji cavab reaksiyası ilk növbədə informasiya təhlükəsizliyinin sistemli qurulması olmalıdır. Sosial media platformalarında qanunvericilik səviyyəsində tənzimləyici mexanizmlərin tətbiqi, dövlət mövqeyinin rasional kommunikasiya vasitələri ilə dəstəklənməsi və saxta xəbərlərə qarşı operativ cavab mexanizmlərinin qurulması vacibdir. Təhsil sistemində milli tarix və şəxsiyyətlərə söykənən empirik əsaslı proqramlar genişləndirilməli, kino, ədəbiyyat və incəsənət milli ideyanın təbliğində inteqrativ alət kimi istifadə olunmalıdır.
Eyni zamanda, diaspora sahəsində mübarizə Azərbaycanın ideoloji təhlükəsizliyi üçün ön cəbhə hesab olunur. Ermənipərəst və ya anti-Azərbaycan dairələrin fəal olduğu Qərb ölkələrində yaşayan azərbaycanlıların informasiya mübarizəsində iştirakını gücləndirmək, mədəniyyət mərkəzləri və maarifləndirici platformalar qurmaq, sosial şəbəkələrdə yüksək keyfiyyətli multimedya məzmununun istehsalını təşviq etmək prioritet olmalıdır.
Sonda qeyd edilməlidir ki, ideoloji təxribat təkcə informasiya sahəsində deyil, həm də düşüncə, mədəniyyət və milli identitet üzərində yönəlmiş gizli işğal formasıdır. Azərbaycanın tarixi, müxtəlif imperiyalar və qonşu dövlətlərin ideoloji təsir cəhdlərinə qarşı milli müqavimət nümunələri ilə zəngindir. Bu gün qarşıda duran əsas vəzifə – milli birliyi və ideoloji suverenliyi qorumaqla, gələcəyə yönəlik strategiyalar formalaşdırmaq və bu prosesdə xalqın ideoloji immunitetini gücləndirməkdir.
Tarixi yaddaşın bərpası, daxildən və xaricdən yayılan zəiflədirici təsirlərə qarşı ictimai müqavimət mexanizmlərinin elmi əsaslarla qurulması, Azərbaycanı yalnız siyasi və iqtisadi baxımdan deyil, ideoloji müstəvidə də güclü və davamlı bir dövlətə çevirəcək.

4. Azərbaycanın xarici siyasətində ideoloji təxribatlar- Müharibə Zamanı Media: Təbliğatla Məlumat Arasında
Azərbaycanın xarici siyasətində ideoloji təxribatların təsiri xüsusilə müharibə şəraitində daha da artır. Bu dövrdə informasiya müharibəsi güclənir, media vasitəsilə təbliğat və obyektiv məlumat bir-birinə qarışır, ictimai rəy manipulyasiya olunur. 2020-ci ilin İkinci Qarabağ Müharibəsi zamanı media məkanında baş verənlər bu proseslərin bariz nümunəsidir. Azərbaycanın xarici siyasəti, ölkənin ərazi bütövlüyünün bərpası və milli maraqlarının müdafiəsi məqsədilə həm daxili, həm də beynəlxalq səviyyədə aparılan təbliğat və informasiyanın keyfiyyəti ilə sıx bağlıdır.
Müharibə şəraitində media informasiya axınının ən əsas vasitəsinə çevrilir. Eyni zamanda təbliğatın geniş yayılması qaçılmazdır. Azərbaycan dövləti və kütləvi informasiya vasitələri düşmənin təxribat xarakterli məlumatlarına qarşı güclü informasiya müdafiəsi yaratmağa çalışırdı. Prezident İlham Əliyevin açıqlamalarında əsl həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və erməni tərəfinin təxribatlarının ifşa olunması prioritet məsələlərdən biri kimi vurğulanırdı.
Beynəlxalq nüfuzlu media orqanlarında, o cümlədən The Times, Guardian, Financial Times kimi nəşrlərdə Azərbaycanın haqq mövqeyi geniş şəkildə işıqlandırılırdı. Lakin bəzi Qərb, İran və Rusiya media qurumlarının Ermənistan tərəfinə simpatiya göstərməsi və məsələyə birtərəfli yanaşması informasiya müharibəsində çətinliklər yaratdı. Buna baxmayaraq, xüsusilə Türkiyə mediasının dəstəyi ilə Azərbaycanın haqq səsi geniş auditoriyaya çatdırıldı.
Azərbaycan xarici siyasətində ideoloji təxribatların əsas təhlükəsi beynəlxalq ictimai rəyin manipulyasiyası nəticəsində ölkənin haqlı mövqeyinin zəifləməsi və daxili sabitliyin pozulmasıdır. Sosial media platformalarında yayılan yanlış və təhrif edilmiş məlumatlar ölkənin təhlükəsizliyinə mənfi təsir göstərə bilər.
Dövlət tərəfindən tətbiq olunan müvəqqəti internet məhdudiyyətləri informasiya təhlükəsizliyinin təminatı istiqamətində atılmış zəruri addımlar kimi qiymətləndirilməlidir. Prezident İlham Əliyev bildirib ki, bu məhdudiyyətlər erməni təxribatlarından qorunmaq məqsədi daşıyır və müharibənin aktiv fazası başa çatdıqdan sonra aradan qaldırılacaq.
İnformasiya təhlükəsizliyinin təminatı həmçinin diplomatik uğurların əldə edilməsində də vacib amildir. Azərbaycanın diplomatları, elm və media nümayəndələri beynəlxalq ictimaiyyətə dəqiq məlumatlar çatdırmaqla ideoloji təxribatların qarşısını almağa çalışırlar.
Qarabağ münaqişəsi XXI əsrin ən mürəkkəb regional münaqişələrindən biri olmaqla yanaşı, beynəlxalq ictimaiyyətə təqdimatı yalnız hərbi və diplomatik aspektlərlə məhdudlaşmır. Eyni zamanda, bu münaqişə informasiya müharibəsi və ideoloji təzyiq vasitəsi kimi də xarici Kütləvi İnformasiya Vasitələrinin fəaliyyətində özünü göstərir. Xarici media məkanında Qarabağ məsələsinə yanaşma beynəlxalq ictimai rəyin formalaşması və dəstəyin əldə olunmasında mühüm rol oynayır. Lakin çox zaman təqdim olunan məlumatlar obyektivlikdən uzaq olur, müəyyən siyasi maraqların təsiri altında təqdim edilir ki, bu da Azərbaycanın haqq səsinin beynəlxalq auditoriyaya çatdırılmasında ciddi problemlər yaradır.
5. Xarici Media Orqanlarının Qarabağ Mövqeyində Qərəzli Yanaşmalar
Beynəlxalq medianın Qarabağ münaqişəsinə yanaşmasında müşahidə olunan əsas tendensiya Ermənistanı haqlı tərəf kimi təqdim etmək və ya Azərbaycanın mövqeyini zəiflətmək məqsədi güdən təhrif olunmuş informasiyaların yayılmasıdır. Məsələn, İtaliyanın nüfuzlu xəbər agentlikləri Askanews, Il Sole 24 Ore, İsrailin The Times of Israel portalı, Kanada qəzeti The Globe and Mail və Rumıniyanın Agerpres kimi media vasitələri münaqişə ilə bağlı məlumatları tez-tez Azərbaycanın hərbi və siyasi addımlarını neqativ işıqlandırır, Ermənistanın işğalçı siyasətini isə ya gizlədir, ya da yumşaldırdi.
Fransanın Le Monde qəzeti münaqişə mövzusunda yayımladığı məqalələrdə erməni tərəfinə simpatiya göstərərək Azərbaycanın sülh təşəbbüslərini rədd etməsi və ya hərbi əməliyyatlarını təcavüz aktı kimi təqdim edir. Bu isə beynəlxalq ictimaiyyətin məsələyə qərəzsiz baxışını çətinləşdirirdi.
Beynəlxalq KİV-lərdə yayılan xəbərlərdə çox vaxt məlumatlar ya natamam, ya da məqsədli şəkildə təhrif edilir. Məsələn, işğal altında olan ərazilərdə yaşayan Azərbaycan sakinlərinin ağır həyat şəraiti, onların vətənə qayıtmaq hüquqları, mülki əhalinin erməni silahlıları tərəfindən hədəfə alınması kimi faktlar kənarda qalır və ya azaldılır. Əksinə, Azərbaycanın hərbi əməliyyatları müharibə cinayəti kimi təqdim olunur ki, bu da ikili standartların mövcudluğunu ortaya qoyurdu.
Münaqişə bölgəsində jurnalistlərin təhlükəsizliyinin təmin olunmaması və fəaliyyətlərinin məhdudlaşdırılması beynəlxalq hüququn ciddi pozuntusu kimi qiymətləndirilir. Buna baxmayaraq, bəzi xarici media orqanları təhlükəsizlik problemlərini bəhanə edərək, faktları obyektiv və əhatəli işıqlandırmırdılar.
Geopolitik maraqların təsiri də beynəlxalq medianın Qarabağ məsələsinə yanaşmasında əhəmiyyətlidir. Rusiyanın, Fransanın və digər Qərb dövlətlərinin Ermənistanla yaxın əlaqələri onların media qurumlarının mövqeyinə təsir edir. Bu ölkələrdə fəaliyyət göstərən KİV-lər öz maraqlarını qorumaq üçün mövzunu qərəzli təqdim edir, nəticədə Azərbaycana qarşı informasiya blokadası yaranırdı.
Məsələn, Fransada erməni diasporasının təsiri ilə Le Monde, France 24 kimi media vasitələrində Azərbaycanın hərbi addımları sərt tənqid olunur, Ermənistanın işğal siyasəti isə legitimləşdirilir. Bu cür media təzahürləri münaqişənin həllinə mənfi təsir edir və beynəlxalq ictimai rəyin düzgün formalaşmasına mane olur.
Bu vəziyyət Azərbaycan dövlətini xarici KİV-lərdə obyektivlik tələb edən, məlumatların təhrif edilməsinin qarşısını alan ciddi diplomatik və informasiya strategiyası hazırlamağa məcbur etmişdir. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Prezident Administrasiyası və digər dövlət orqanları müntəzəm olaraq xarici mediaya rəsmi məlumatlar, faktlar və sübutlar təqdim edir, beynəlxalq tədbirlərdə haqq mövqeyini müdafiə edir.
Eyni zamanda xarici jurnalistlər üçün xüsusi səfərlər təşkil edilir, işğal altındakı ərazilərə jurnalistlərin səfərləri təşkil olunmaqla Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması məqsəd qoyulur. Bu tədbirlər münaqişənin insan hüquqları aspektləri, məcburi köçkünlərin vəziyyəti və Azərbaycanın suverenliyinin bərpası kimi mövzuları ön plana çıxarır.
Ermənistan Mediasının Rolu və Təxribatları. Ermənistan mediası Qarabağ münaqişəsinin informasiya müharibəsində aktiv iştirak edən əsas subyektlərdən biridir. Bu media orqanları münaqişə ilə bağlı məlumatları qərəzli təqdim etməklə yanaşı, beynəlxalq ictimaiyyətin diqqətini yayındırmaq və Azərbaycanın haqq mövqeyini gözdən salmaq məqsədilə yalan və təhrif olunmuş məlumatlar yayırlar. Bu proses informasiya müharibəsi olmaqla yanaşı, etnik və dini qarşıdurmaları dərinləşdirərək regionda gərginliyi artırmaq vasitəsidir.
Erməni KİV-ləri münaqişənin mahiyyətini dəyişdirərək Azərbaycan tərəfini təcavüzkar kimi təqdim etmək üçün manipulyativ üsullara əl atır. Onlar müxtəlif platformalarda münaqişədə erməni tərəfinin qəhrəmanlıq və özünü müdafiə obrazını yaratmağa çalışır, Azərbaycan ordusunun hərbi əməliyyatlarını isə insan haqları pozuntuları kimi təqdim edirlər.
Bu media orqanları tez-tez saxta foto və videolardan istifadə edir, münaqişə zamanı baş verən hadisələri kontekstdən çıxararaq yanlış göstərirlər. Məsələn, mülki infrastruktura zərər və itkilər barədə məlumatlar şişirdilir, bəzən isə tamamilə uydurulur. Ermənistan mediası təxribat xarakterli xəbərlərlə etnik və dini qarşıdurmaları qızışdırmağa çalışır. Xüsusilə Azərbaycandakı azərbaycanlıların dini və milli kimliyi ilə bağlı təhrif olunmuş xəbərlər yayımlayaraq Azərbaycanın multikultural və tolerant cəmiyyətini sarsıtmaq niyyətindədir. Bu, beynəlxalq ictimaiyyətdə Azərbaycan əleyhinə mənfi rəy formalaşdırmaq məqsədilə planlı şəkildə həyata keçirilir.Bu y olla erməni KİV-ləri Azərbaycanı dini azlıqlara qarşı təzyiq edən və etnik təmizləmə siyasəti həyata keçirən ölkə kimi təqdim edir. Bu isə Azərbaycan-erməni münaqişəsinin həqiqətlərinin təhrif olunması və beynəlxalq hüququn pozulmasıdır.
Erməni KİV-lərinin manipulyasiya üsullarından biri xarici jurnalistləri təxribat xarakterli səfərlərə cəlb etməkdir. Jurnalistlər yalnız seçilmiş yerləri və insanları göstərmək üçün münaqişə zonasına aparılır, digər tərəflərin və obyektiv faktların gizlədilməsi təmin olunur. Bu səfərlər zamanı jurnalistlərin təhlükəsizliyi təmin edilmir, bəzən onlara təzyiq, zorakılıq və manipulyasiya tətbiq olunur. Bu həm beynəlxalq jurnalistika prinsiplərinin, həm də humanitar hüququn pozulmasıdır.
Ermənistan KİV-lərinin fəaliyyəti yalnız informasiya müharibəsi ilə məhdudlaşmır, beynəlxalq hüquq və humanitar prinsiplərin pozulmasına şərait yaradır. Təhrif olunmuş məlumatlarla münaqişənin həlli üçün beynəlxalq səylər zəiflədilir və regionda gərginlik artırılır.
Erməni media qurumları Azərbaycana qarşı humanitar normaların pozulması ilə bağlı iddialar irəli sürərək, öz tərəfinin insan haqları pozuntularını gizlədir. Bu ikili standartlı yanaşma beynəlxalq ictimaiyyətin düzgün məlumatlandırılmasının qarşısını alır və sülhə mane olur.
Ermənistan KİV-lərinin münaqişə ilə bağlı manipulyasiyaları və təxribatları informasiya müharibəsinin əsas elementlərindən biridir. Yalan xəbərlərin yayılması, etnik və dini qarşıdurmaların qızışdırılması, xarici jurnalistlərin təxribat xarakterli səfərlərə cəlb olunması və beynəlxalq hüququn pozulması Azərbaycana qarşı ciddi informasiya hücumları kimi qiymətləndirilir. Bu durum Azərbaycan dövlətinin beynəlxalq informasiya siyasətini gücləndirməsinin vacibliyini göstərir.
6. Münaqişənin həllində ənənəvi media və sosial medianın rolu. Ermənistan- Azərbaycan münaqişəsində informasiya müharibəsi həmişə əsas amillərdən biri olmuşdur. 2020-ci ildə Avropa Komissiyasının Xarici Siyasət Alətləri Xidməti tərəfindən dərc edilən hesabatda qeyd edilir ki, münaqişənin əvvəlki dövrlərində erməni və azərbaycanlı jurnalistlər arasında müəyyən ünsiyyət olmuşdur. Lakin İkinci Qarabağ Müharibəsi zamanı informasiya müharibəsi genişlənmiş, düşmənçilik təsvirləri güclənmişdir.
Hər iki tərəfin ənənəvi media orqanları müharibə xəbərlərini əsasən öz ölkələrinin Müdafiə Nazirliyindən alınan məlumatlar əsasında yayımlayırdı. Ermənistan mediası bir tərəfli və qərəzli yanaşma nümayiş etdirərək Azərbaycan ordusunun haqq mübarizəsini təhrif etməyə çalışırdı. Azərbaycan mediası isə haqq və ədalət prinsiplərinə əsaslanaraq müharibəni obyektiv işıqlandırmağa çalışırdı. Dövlət və müstəqil media orqanları birgə şəkildə milli maraqları müdafiə edirdi.
Münaqişə zamanı hər iki tərəf sosial mediadan geniş istifadə edərək milli mövqelərini müdafiə edən kampaniyalar aparırdı. Azərbaycan cəmiyyəti sosial şəbəkələrdə haqlı mövqeyini müdafiə edir, beynəlxalq ictimaiyyətə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinin zəruriliyini çatdırırdı. Erməni tərəfi isə sosial mediada dezinformasiya və saxta xəbərlər yaymaqla öz təcavüzkar siyasətini haqlı göstərməyə çalışırdı.
Azərbaycanın sosial mediada apardığı təbliğat və informasiya mübarizəsi həqiqətlərin yayılmasına böyük töhfə verdi, xüsusilə gənc nəsil arasında milli həmrəyliyi gücləndirdi. Bununla belə, erməni tərəfinin sosial media üzərindən yaydığı yalan və dezinformasiya Ermənistan cəmiyyətində yanlış təsəvvürlərin yaranmasına səbəb oldu. Azərbaycan isə peşəkar və obyektiv media vasitəsilə informasiya müharibəsində üstünlük qazandı.
Hərbi Vəziyyət Altında İfadə Azadlığı və Media Mühiti.İkinci Qarabağ Müharibəsi zamanı həm Azərbaycanda, həm də Ermənistanda hərbi vəziyyət tətbiq edilmişdir. Azərbaycanda milli təhlükəsizlik səbəbindən bəzi məhdudiyyətlər qoyulsa da, media ümumilikdə məsuliyyətli mövqe tutaraq informasiya təminatı və həqiqətlərin yayılmasına çalışdı. Ermənistan isə müstəqil medianı sıxışdırdı, azərbaycanlı və türk saytlarını blokladı, senzura tədbirləri həyata keçirdi.
Yeni media qanunu ölkədə media məkanının tənzimlənməsi və təhlükəsiz informasiya mühitinin təmin olunmasını məqsəd qoyur. Müharibə şəraitində Azərbaycan jurnalistləri öz peşə fəaliyyətlərini davam etdirərək həm cəbhə xəttində, həm də sosial mediada həqiqətlərin yayılması istiqamətində böyük fədakarlıq göstərdilər. Azərbaycan ordusu və media nümayəndələri arasında əlaqə informasiya müharibəsində Azərbaycanın mövqeyini gücləndirdi.
Ümumiyyətlə Ermənistanın yalan təbliğatı və dezinformasiyaları ilə mübarizədə Azərbaycan öz milli maraqlarını və haqq savaşını beynəlxalq ictimaiyyətə düzgün çatdırmaq üçün ənənəvi və rəqəmsal media vasitələrindən səmərəli istifadə etmişdir. Azərbaycanın informasiya müharibəsində uğurlu strategiyası onun hərbi-siyasi qələbəsində və beynəlxalq aləmdə haqq mövqeyinin tanınmasında əsas amillərdən biri olmuşdur.

7. II Qarabağ müharibəsindən sonra – sosial media və ideoloji təxribatlar
2020-ci ilin payızında baş verən II Qarabağ müharibəsi Azərbaycanın hərbi, siyasi və informasiya sahələrində mühüm dönüş nöqtəsi oldu. Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi yalnız döyüş meydanında deyil, eyni zamanda informasiya məkanında da mühüm strateji qələbə idi. Lakin müharibədən sonra başlayan dövr informasiya cəbhəsində yeni və daha mürəkkəb çağırışlarla yadda qaldı. Bu mərhələdə sosial media vasitəsilə aparılan ideoloji təxribatlar, xüsusilə Ermənistan tərəfindən təşkil olunan dezinformasiya kampaniyaları, Azərbaycanın daxili sabitliyi və milli kimliyi üçün ciddi təhlükə potensialı daşımağa başladı.
a)Sosial Medianın Yeni Cəbhəyə Çevrilməsi.Müharibədən sonra Ermənistan və ona bağlı diaspor şəbəkələri sosial media platformalarını – xüsusilə Twitter (X), Facebook, Telegram və TikTok kimi platformaları – sistemli şəkildə informasiya savaşı üçün istifadə etməyə başladılar. Bu təxribatların əsas hədəfləri bunlar idi:
• Azərbaycanın müharibədə qazandığı legitim qələbəni gözdən salmaq, onu “etnik təmizləmə” və “humanitar böhran” kimi yalanlarla təqdim etmək;
• Azərbaycanın çoxkonfessiyalı və tolerant cəmiyyət modelinə qarşı nifrət dolu fikirlər yaymaq;
• Müharibədən sonrakı reinteqrasiya proseslərini pozmaq, xüsusilə Qarabağ ermənilərinin Azərbaycanın siyasi və hüquqi çərçivəsinə qayıdışını sabotaj etmək;
• İctimai rəyin parçalanması, cəmiyyətdə narazılıqların şişirdilməsi və “xalq-hakimiyyət” münasibətlərində inamsızlıq toxumlarının səpilməsi.
Bu fəaliyyətlər yalnız xaricdən deyil, bəzən daxildə müəyyən qruplar tərəfindən də ya qəsdən, ya da informasiya savadsızlığından dolayı dəstəklənirdi. Beləliklə, sosial media təkcə informasiya yayım vasitəsi deyil, həm də ideoloji silah rolunu oynamağa başladı.
b)İnformasiya Boşluğu və Təxribatların Qidalandığı Mühit. Postmüharibə dövründə Azərbaycanın qarşılaşdığı əsas çağırışlardan biri informasiya sahəsində müşahidə edilən boşluqlar və kommunikasiya çatışmazlıqları idi. Reinteqrasiya, mina təmizlənməsi, bərpa və yenidənqurma, infrastruktur layihələrinin icrası, əhalinin təhlükəsiz şəkildə qayıdışı kimi mühüm proseslər ictimaiyyətə bəzən gec, bəzən isə qeyri-kafi şəkildə çatdırılırdı. Bu isə informasiya boşluğu yaradaraq, rəqəmsal platformalarda təxribatçı aktorlar üçün münbit şərait formalaşdırırdı.
Ermənistan və ona bağlı informasiya şəbəkələri bu boşluqlardan istifadə edərək alternativ və manipulyativ informasiyalarla sosial mediada dominant mövqe tutmağa çalışdılar. Bu zaman əsasən aşağıdakı vasitələr və üsullar tətbiq edildi:
1. Kontekstdən çıxarılmış və ya arxiv materiallardan istifadə: 1990-cı illərə və ya Suriyadakı münaqişə zonalarına aid köhnə görüntülər yeni Qarabağ görüntüləri kimi təqdim olunaraq, Azərbaycanın “mülki əhalini bombalaması” və ya “mədəni irsi dağıtması” ilə bağlı yalan narrativlər yaradıldı. Bu görüntülər xarici auditoriyalar üçün nəzərdə tutulan sosial media kanalları vasitəsilə yayılaraq beynəlxalq rəyə təsir göstərmək məqsədi daşıyırdı.
2. Deepfake texnologiyaları və süni kontent: Xüsusilə sosial şəbəkələrdə real siyasətçilərin və ya hərbçilərin adından danışan saxta videolar, manipulyasiya olunmuş səsyazmaları paylaşılmağa başlandı. Məqsəd Azərbaycan daxilində ictimai rəyə təsir göstərmək, dövlətə və orduya qarşı güvənsizlik yaratmaq idi.
3. Qeyri-hökumət təşkilatlarının və erməni diaspor təşkilatlarının “insan haqları” maskası altında apardıqları kampaniyalar: Bəzi Qərb fondu tərəfindən maliyyələşdirilən “hüquq müdafiəçiləri” Ermənistan tərəfini qurban, Azərbaycanı isə aqressor kimi təqdim etməyə çalışdılar. Həmin şəbəkələr xüsusilə minaların təmizlənməsi prosesindəki gecikmələri, əhalinin gec qayıdışını, erməni mədəni irsin “təhlükə altında” olduğunu iddia edərək, Azərbaycan əleyhinə beynəlxalq platformalarda neqativ imic yaratmağa çalışdılar.
4. Dil, din və milli azlıqlar mövzusunda manipulyasiyalar: Postmüharibə dövründə Azərbaycanda yaşayan müxtəlif etnik və dini qrupların hüquqları ilə bağlı süni narahatlıq yaradılaraq, ölkənin daxili sabitliyini sarsıtmaq məqsədi güdüldü. “Erməni əsilli vətəndaşların hüquqları pozulur” kimi iddialar sosial mediada geniş yayılaraq daxildə qarşıdurma yaratmaq cəhdlərinə çevrildi.
Bu təxribatlar informasiya savadlılığının zəif olduğu kəsimlərdə daha ciddi təsir gücünə malik oldu. Gənclərin əhəmiyyətli hissəsinin informasiyanı ənənəvi media yox, sosial şəbəkələr vasitəsilə əldə etməsi və kritik təhlil bacarıqlarının yetərli olmaması onları dezinformasiyaya qarşı həssas hədəfə çevirdi.
Bundan əlavə, bəzi hallarda rəsmi qurumların məlumat verməsində koordinasiya çatışmazlıqları, gecikmiş açıqlamalar və rəqəmsal kommunikasiya boşluqları dezinformasiya kampaniyalarının sürətlə yayılmasına səbəb oldu. Məsələn, hansısa bölgədə aparılan yenidənqurma prosesi barədə məlumat ictimaiyyətə gec çatdırıldıqda.
c) İdeoloji Məqsədlər: Kimlik Hədəfləri və Mədəniyyət Müharibəsi
Müharibədən sonra gedən ideoloji təxribatlar yalnız siyasi deyil, eyni zamanda mədəni və kimlik hədəfləri daşıyırdı. Ermənistanın informasiya maşını və ona bağlı olan Qərb yönümlü resurslar Azərbaycanın “müasir-islam dəyərləri ilə milli dövlətçilik modelini” qaralamağa, onu “avtoritar” və “gələcəyin Avropa modelinə uyğun olmayan ölkə” kimi təqdim etməyə cəhd etdilər.
Bununla yanaşı, Azərbaycanın türk-islam mədəni irsi, şəhidlik kultu, ailə dəyərləri, din-dövlət münasibətləri və Qarabağ məsələsindəki milli birlik hədəf alınaraq “köhnə, arxaik ” dəyərlər kimi təqdim edilməyə çalışıldı. Bu da bir növ mədəniyyət savaşının başlanğıcı idi.
Əsas strateji məqsəd isə Azərbaycan gəncliyini tarixi yaddaşdan ayırmaq, postmodern və lokal kontekstdən uzaq dəyərlərlə təlqin etmək, milli birlik hissini zəiflətmək idi.

8. Azərbaycan milli kimliyinin qorunması və ideoloji təxribatlara qarşı mübarizə məsələləri
Milli kimliyin qorunması müasir dövlətçilik üçün prioritet əhəmiyyət kəsb edir. Onun məhvinə yönələn ideoloji təxribat strategiyası informasiyanın müxtəlif platformalar vasitəsilə manipulyasiyasına, sosial qütbləşməyə və milli həmrəyliyin zəiflədilməsinə yönəlir. Bu proses uzunmüddətli, çoxqatlı və qeyri-hərbi xarakter daşıyır və müasir təhlükəsizlik konsepsiyalarında önəmli yer tutur.
İdeoloji təxribatın mahiyyəti onun hər hansı açıq hərbi qarşıdurma olmadan rəqib cəmiyyətin mənəvi, psixoloji və ideoloji əsaslarının sistemli şəkildə sarsıdılmasında ifadə olunur. Bu, daha çox sosial institutlar, təhsil sistemi, media, hüquq-mühafizə orqanları və iqtisadi strukturların daxildən zəiflədilməsi vasitəsilə həyata keçirilir. İdeoloji təxribatın məqsədi insanlarda milli maraqlara sədaqətin itirilməsi, real vəziyyətin düzgün qiymətləndirilməməsi və təhrif olunmuş informasiyanın qəbul edilməsi nəticəsində cəmiyyətin parçalanmasıdır. Bu cür təxribatlar dövlətin suverenliyinə ciddi təhdid yaradır və onun milli təhlükəsizliyinə yönələn çoxşaxəli risklərə səbəb olur.
Beynəlxalq təcrübədə ideoloji təxribat uzun illər ərzində planlaşdırılan mərhələli proses kimi aparılır. Keçmiş KQB agenti Yuri Bezmenov bu prosesi demoralizasiya, destabilizasiya, böhran və normallaşma kimi dörd əsas mərhələdə təsnifləşdirir. Demoralizasiya mərhələsi cəmiyyətin əsas dəyərlərinin sistemli şəkildə zəiflədilməsi ilə xarakterizə olunur. Bu mərhələdə müxtəlif sosial qruplar arasındakı ziddiyyətlər kəskinləşdirilir, media və təhsil vasitəsilə millətin kollektiv şüuruna təsir edilir. Demoralizasiya nəticəsində cəmiyyətdə milli maraqlara qarşı etimadsızlıq yaranır və əhali passivləşir. Bu proses uzun illər davam edə bilər və onun nəticələrinin aradan qaldırılması nəsillər tələb edir.
Destabilizasiya mərhələsində isə dövlət institutlarının daxildən zəiflədilməsi baş verir. Hüquq-mühafizə orqanları, idarəetmə strukturları və iqtisadi sistem müxtəlif təzyiqlər, korrupsiya və maliyyə asılılıqları vasitəsilə sarsıdılır. Bu mərhələdə cəmiyyətdə qütbləşmə artır və kompromis imkanları məhdudlaşır. Hüquqi və siyasi sahələrdə həyata keçirilən dəyişikliklər ictimai stabilliyi zəiflədərək, idarəetmənin effektivliyini azaldır. Bu dövrdə xarici güclərin təsir mexanizmləri daha da aktivləşir və daxili siyasi rəqabətdən istifadə edərək cəmiyyətin parçalanmasına çalışırlar.
Böhran mərhələsi ideoloji təxribatın ən kritik nöqtəsidir. Burada dövlətin idarəetmə imkanları iflic vəziyyətə düşür, hüquq-mühafizə orqanlarının nüfuzu azalır, vətəndaş cəmiyyəti parçalanır. Sosial xaos və qorxu mühiti yaranır, hansı ki, dövlət və cəmiyyət arasında etimadsızlığı daha da dərinləşdirir. Bu dövrdə avtoritar idarəetməyə tələbat artaraq, cəmiyyətin demokratik institutları zədələnir. Xarici aktorlar bu boşluqlardan istifadə edərək öz maraqlarını həyata keçirməyə çalışırlar.
Normallaşma mərhələsində isə yaranmış yeni reallıq legitimləşir. Bu mərhələ ideoloji təxribatın uğurla başa çatması və yeni siyasi, sosial sistemi formalaşdırması ilə səciyyələnir. Artıq alternativ ideyalar və müxalifət məhdudlaşdırılır, avtoritar struktur möhkəmlənir. Azərbaycanda belə bir situasiyanın qarşısını almaq üçün demokratik institusiyaların və hüquq sisteminin gücləndirilməsi, həmçinin plüralist cəmiyyət modelinin dəstəklənməsi vacibdir.
Azərbaycanın geosiyasi mövqeyi və postsovet keçmişi ideoloji təxribatlara qarşı həssaslıq yaradır. Xarici təsirlərin milli dəyərlərə, dilə və tarixi yaddaşa yönəlməsi həm daxili həmrəylik üçün ciddi çağırışdır. Sosial media və informasiya texnologiyalarının geniş yayılması ilə bərabər, milli kimliyin zəiflədilməsi və təhrif olunması riski artmışdır. Bu səbəbdən ideoloji mübarizədə həm dövlət, həm də cəmiyyət səviyyəsində effektiv strategiyaların hazırlanması önəmlidir.
Milli təhlükəsizliyin təmin olunması üçün təhsil sistemində milli dəyərlərin qorunması, informasiya savadlılığının artırılması və tənqidi düşüncənin inkişafı prioritet olmalıdır. Media sahəsində şəffaflıq və dezinformasiyaya qarşı mübarizə mexanizmləri tətbiq edilməli, mədəniyyətin inkişafına dövlət dəstəyi gücləndirilməlidir. Hüquq sistemi xarici və daxili təxribatçıların fəaliyyətinə qarşı operativ və hüquqi müdaxilə imkanlarını genişləndirməlidir.
Nəticə olaraq, ideoloji təxribat dövlət və cəmiyyət üçün çoxşaxəli təhlükə kimi qəbul edilməli, onun qarşısının alınması üçün kompleks, uzunmüddətli tədbirlər həyata keçirilməlidir. Azərbaycanın milli kimliyinin qorunması yalnız suverenliyin təminatı deyil, həm də sosial sabitlik və davamlı inkişaf üçün əsas zərurətdir. Milli həmrəylik və informasiyanın obyektivliyi bu mübarizənin əsas amilləridir və dövlətin gələcək strateji uğurunda həlledici rol oynayacaqdır.
9. Milli kimliyin qorunmasında hökumətin rolu. Dövləti demokratik idarəetmə sistemini zəiflətməyə yönəlmiş informasiya müharibəsinə qarşı mübarizədə əsas aktorlardan biridir. İnformasiya məkanında, xüsusilə internet resurslarında yayılan manipulyativ, qərəzli və təhrif olunmuş məlumatların qarşısını almaq üçün qanunvericilik mexanizmlərindən istifadə zərurəti yaranır.
Seçilmiş vəzifəli şəxslər, xüsusən siyasi liderlər, cəmiyyətdə siyasi mərkəzində dayanırlar. Onların ritorikası və açıqlamaları ya cəmiyyəti birləşdirən, ya da daha da bölünməyə səbəb olan faktor ola bilər. Buna görə də, onlar problemə obyektiv və tərəfsiz yanaşaraq, milli həmrəylik və təhlükəsizlik istiqamətində fəaliyyət göstərməlidirlər. Hökumət institusiyalarının vahid mövqe nümayiş etdirməsi cəmiyyətin ideoloji təxribatlara qarşı birliyinin təmin olunmasında mühüm rol oynayır.
Hökumətin sülh, sabitlik və rifah təminatçısı kimi imicinin gücləndirilməsi, həmçinin müzakirə olunan məsələlərin siyasi partiyalar tərəfindən fərdi siyasi maraqlardan uzaq, ümumi milli mənafe prizmasında təqdim edilməsi cəmiyyətin parçalanmasının qarşısını ala bilər. Son illərdə müxalif siyasi partiyalarla iqtidar arasında əlaqələrin istiləşməsi milli kimlik və Qarabağ məsələsinin həllində ən mühüm amillərdən biri olmuşdur.
10. Azərbaycanın İnformasiya Müdafiəsi: Media və Kütləvi Kommunikasiyanın Rolu
Jurnalistlərin funksiyası.Jurnalistika Azərbaycan cəmiyyətində demokratik nəzarət mexanizminin əsas sütunlarından biridir. Cəmiyyət hökumətin fəaliyyətini izləmək və qiymətləndirmək üçün jurnalistlərin peşəkarlığına, obyektivliyinə və dəqiqliyinə güvənir. Ancaq son dövrlərdə “saxta xəbər” (fake news) kimi fenomenlərin yayılması medianın nüfuzuna ciddi zərbə vurmuş, bəzi hallarda ictimaiyyətin məlumat mənbələrinə olan inamını azaltmışdır. Məhz buna görə də, jurnalistikanın əsas məqsədi – vətəndaşları öz həyatları və cəmiyyətləri barədə məlumatlandırmaq funksiyasını qoruyub saxlamaq üçün peşəkarlıq standartlarının yüksəldilməsi zəruridir.
Jurnalistlər fakt və rəydən fərqləndirilməli, qərəzsiz məlumatların yayılmasına üstünlük verməlidirlər. Peşəkar jurnalistlərin şəxsi rəylərini açıqlamalarında ehtiyatlı olmaları və əsas diqqəti obyektiv informasiyanın çatdırılmasına yönəltmələri vacibdir. Bu yanaşma cəmiyyət üzvlərinə tərəfsiz və balanslaşdırılmış məlumatlar əsasında müstəqil qərarlar vermək imkanı yaradır.
İnternet və sosial medianın rolu
Araşdırmalara görə televiziya hələ də xəbərlərə ən çox etibar edilən mənbə kimi qalır, lakin sosial media artıq öz əhatəsinə görə çap mediasını tamamilə geridə geridə qoymuşdur. Azərbaycan cəmiyyətində sosial medianın xəbər mənbəyi kimi artan rolu informasiya təhlükəsizliyi kontekstində yeni çağırışlar yaradır. İnternet və sosial media platformaları informasiya mübadiləsinin sürətli və geniş yayılmasına şərait yaratsa da, dezinformasiya və təxribat materiallarının da sürətlə yayıldığı məkanlardır.
Bu baxımdan, sosial media provayderləri və internet platformaları yayılan məlumatların keyfiyyətinin qorunması istiqamətində məsuliyyət daşıyır. Qərəzli, yalan və ya çaşdırıcı məlumatların müəyyən edilməsi və istehlakçıların məlumatın düzgünlüyü barədə xəbərdar edilməsi üçün alətlər yaradılmalıdır. Lakin, senzura səviyyəsinə yüksələn nəzarət cəmiyyətin informasiya azadlığına mənfi təsir göstərə və etik problemlər yarada bilər. Ona görə də, tənqidi yanaşma ilə platformalarda etiketləmə və mənbə göstərişi kimi metodlar tətbiq edilməlidir ki, istifadəçilər məlumatı müstəqil və şüurlu şəkildə qiymətləndirə bilsinlər.
11. Dövlətin Reaksiyası və Mübarizə Strategiyaları. Azərbaycan dövləti bu təhdidlərə qarşı müəyyən hüquqi və institusional addımlar atdı. Bunlara aşağıdakılar daxildir:
• Media haqqında yeni qanunun qəbul edilməsi və sosial media fəaliyyətlərinin tənzimlənməsi üçün hüquqi mexanizmlərin yaradılması;
• Rəqəmsal inkişaf və informasiya texnologiyaları sahəsində dövlət strategiyasının hazırlanması;
• Təhlükəsizlik orqanları və kibercinayətkarlıqla mübarizə strukturlarının sosial şəbəkələrdə dezinformasiyanın qarşısını alması üçün xüsusi bölmələrin yaradılması;
• Milli kontent yaradıcılığı və informasiya savadlılığının təbliği, xüsusilə gənclər arasında maarifləndirmə işlərinin aparılması.
• Sosial Media Təxribatlarına Qarşı Cəmiyyətin Rolu
Müasir dövrdə təkcə dövlət deyil, cəmiyyətin özü də informasiya savaşının ön xəttindədir. Burada media savadlılığı, tənqidi düşüncə, milli kimlik şüuru və vətəndaş məsuliyyəti xüsusi önəm daşıyır. Hər bir fərdin sosial mediada yaydığı və ya paylaşdığı informasiyanın mənbəyinə diqqət yetirməsi, təxribat və manipulyasiyalara qarşı ayıq olması zəruridir.
Müasir informasiya mühitində sadəcə doğru informasiyanı istehsal etmək deyil, onu qorumaq və yaymaq da milli təhlükəsizlik məsələsinə çevrilmişdir. Xüsusilə gənclər arasında “rəqəmsal mübarizlik ruhunun” inkişaf etdirilməsi – milli-mədəni dəyərlərin virtual məkanda müdafiəsi – XXI əsrin əsas ideoloji cəbhələrindən biri sayılır.
II Qarabağ müharibəsi ilə Azərbaycan hərbi qələbə qazansa da, postmüharibə dövründə ideoloji və informasiya müharibəsi yeni mərhələyə keçdi. Sosial media bu mübarizənin həm aləti, həm də döyüş meydanına çevrildi. Azərbaycan dövlətinin və cəmiyyətinin bu çağırışlara qarşı birgə və koordinasiyalı mübarizə aparması müstəqil milli siyasətin qorunmasında həlledici əhəmiyyət daşıyır. Artıq “zəfərdən sonrakı zəfər” informasiya təhlükəsizliyində və ideoloji suverenliyin qorunmasındadır.
Təhsilin rolu.Milli dövlətçilik ənənəsində təhsil xalqın maariflənməsi və azadlığın qorunması üçün əsas vasitə kimi qəbul edilir. Azərbaycanın müstəqillik illərində də bu prinsip dəyişməz qalmışdır. Təhsil sistemi yalnız yalnış və ya manipulyativ informasiyanın aşkarlanması deyil, həm də cəmiyyət üzvlərinin öz həyatlarında və ictimai proseslərdə düzgün qərar vermələri üçün zəruri bilik və bacarıqların formalaşdırılması üçün mühüm platformadır.
Tənqidi düşüncə bacarığının inkişaf etdirilməsi, xüsusən erkən yaşdan etibarən, təhsil proqramlarının əsas komponenti olmalıdır. Bu bacarıq insanlara müxtəlif mənbələrdən gələn məlumatları qiymətləndirməyə, fərziyyələr irəli sürməyə və müstəqil qənaətə gəlməyə imkan verir. Gənclər internet və sosial media kimi hiperəlaqəli mühitdə düzgün informasiya seçimləri etmək üçün skeptisizmi konstruktiv şəkildə qazanmalı, kinizmdən uzaq olmalıdırlar.
12. Fərdi məsuliyyət və cəmiyyətin rolu.İdeoloji təxribatın qarşısının alınmasında cəmiyyətin ən əsas müdafiə xətti fərdi vətəndaşdır. Hər bir insan qəbul etdiyi və yaydığı informasiyaya məsuliyyətlə yanaşmalı, şəxsi davranış standartlarına sadiq qalmalıdır. Fərdi məsuliyyət anlayışı yalnız fərdin informasiyanı qiymətləndirmək və doğru qərar vermək qabiliyyətini deyil, həmçinin cəmiyyət qarşısında üzərinə düşən vəzifələri yerinə yetirməsini də əhatə edir.
Bununla yanaşı, fərdi məsuliyyət tək başına kifayət deyil; təhsil sistemində tənqidi düşüncə bacarığının gücləndirilməsi, geniş ictimai maarifləndirmə kampaniyalarının aparılması, eləcə də informasiya savadlılığının artırılması zəruridir. Nəticədə, bu yanaşma ideoloji təxribatın təsirlərini effektiv şəkildə neytrallaşdırmaq və milli həmrəyliyi möhkəmləndirmək üçün əsas amillərdən birinə çevriləcək.
İdeoloji təxribatın təsirlərini yumşaltmaq yalnız hökumətin deyil, bütöv bir cəmiyyətin birgə səyi ilə mümkündür. Bu məqsədə hökumət qurumları, jurnalistlər, internet provayderləri və sosial media platformaları, təhsil işçiləri, eləcə də cəmiyyətin fərdi üzvlərini əhatə edən razılaşdırılmış və apolitik yanaşma ilə nail olmaq olar. Milli təhlükəsizlik məsələsi kimi, ideoloji təxribatlara qarşı effektiv mübarizə, seçilmiş liderlərin bu təhlükəni qərəzsiz şəkildə tanıması, cəmiyyətin isə tənqidi düşüncə vasitələrini inkişaf etdirməsi ilə mümkündür.
Xüsusilə jurnalistikanın peşəkarlığına olan inamın artırılması və xəbərlərin faktlara əsaslanan şəkildə təqdim olunması, media orqanlarını yenidən etibarlı informasiya mənbəyinə çevirəcəkdir. Eyni zamanda, internet provayderləri və sosial media platformaları informasiya manipulyasiyalarının yayılmasına qarşı məsuliyyət hissi daşımalı, təxribat xarakterli məzmunları müəyyən edib qarşısını almağa yönəlmiş mexanizmlər tətbiq etməlidirlər.
İdeoloji təxribatlara qarşı mübarizədə apolitik, inklüziv və davamlı bir cəmiyyət strategiyası formalaşdırmaq əsas hədəf olmalıdır. Beyinlər uğrunda mübarizənin heç vaxt tam başa çatmayacağını nəzərə alaraq, bu təhlükənin real olduğunu qəbul etmək və onun metodlarını düzgün təhlil etmək, həm dövlət qurumlarını, həm də vətəndaş cəmiyyətini maarifləndirmək baxımından həyati əhəmiyyət daşıyır. Bu yolla biz cəmiyyətimizi saxta və dağıdıcı narrativlərə qarşı daha dözümlü və davamlı şəkildə müdafiə edə bilərik.
13. İdeoloji Təxribatlar və Azərbaycan Diasporasının Rolu
Müasir dünyada informasiya texnologiyalarının sürətlə inkişafı ilə yanaşı, ideoloji təxribatlar da daha incə, daha təsirli və daha təhlükəli formada cəmiyyətlərin həyatına nüfuz etməkdədir. Bu təxribatlar dövlətlərin milli təhlükəsizliyinə, ideoloji sabitliyinə və xüsusən də milli kimliyin qorunmasına birbaşa təhdid yaradır. Azərbaycan da bu proseslərdən kənarda deyil. Regionda geosiyasi maraqların toqquşduğu bir məkan olaraq Azərbaycan uzun illərdir ki, həm qonşu dövlətlər, həm də qlobal güclər tərəfindən müxtəlif formalarda ideoloji basqılara və informasiya manipulyasiyalarına məruz qalmaqdadır. Bu prosesdə isə diasporanın – yəni xaricdə yaşayan azərbaycanlıların – rolu getdikcə daha mühüm əhəmiyyət kəsb edir. Azərbaycan dövləti ideoloji təxribatlara qarşı bir sıra müdafiə mexanizmləri formalaşdırmışdır. Bunlara informasiya təhlükəsizliyi siyasəti, strateji kommunikasiya strukturlarının yaradılması, xarici mediada aktiv fəaliyyət, eləcə də maarifləndirmə və təhsil proqramları daxildir. Lakin bu mübarizədə dövlətin fəaliyyəti ilə yanaşı, vətəndaş cəmiyyətinin və xüsusən də Azərbaycan diasporasının da rolu əvəzsizdir.
Diaspora sadəcə mədəni tədbirlər və milli bayramların qeyd olunması ilə məhdudlaşmamalıdır. Bu günkü şəraitdə diaspora Azərbaycanın beynəlxalq informasiya savaşında əsas dayaqlardan birinə çevrilmək potensialına malikdir. Xaricdə yaşayan azərbaycanlılar, xüsusən Qərb ölkələrində ali təhsil alan və ya işləyən şəxslər, akademik və media dairələrində mövcud olan insanlar Azərbaycanın həqiqətlərinin dünyaya çatdırılmasında mühüm rol oynaya bilərlər.
Bundan əlavə, diaspora strukturları yerli ictimai rəyə təsir göstərmək, siyasi dairələrlə təmas qurmaq, beynəlxalq təşkilatlarla əməkdaşlıq etmək, konfranslar, seminarlarda iştirak etməklə Azərbaycanın mövqeyini qorumaq və təbliğ etmək imkanına malikdir.
2020-ci ildə baş vermiş Vətən müharibəsi dövründə Azərbaycan diasporasının fəaliyyətində ciddi canlanma müşahidə olundu. Xüsusən də ABŞ, Fransa, Almaniya, Türkiyə, Rusiya və digər ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatları erməni yalanlarını ifşa edən aksiya və kampaniyalar keçirdi, dünya ictimaiyyətinə Azərbaycanın haqlı mövqeyini çatdırmaq üçün bütün resurslarını səfərbər etdi.
Bu dövrdə sosial media platformalarında diaspor üzvləri tərəfindən hazırlanmış çoxsaylı maarifləndirici materiallar, videolar, infografikalar, beynəlxalq KİV-lərdə yayımlanmış məqalələr və müsahibələr birbaşa informasiya savaşında təsirli vasitəyə çevrildi. Bu təcrübə göstərdi ki, informasiya savaşında qələbə yalnız cəbhədə deyil, beynəlxalq ictimai rəyin formalaşdırılmasında da mümkün olur.
Azərbaycan diasporasının ideoloji təxribatlara qarşı effektiv fəaliyyət göstərə bilməsi üçün bir neçə əsas istiqamət üzrə sistemli şəkildə işləməsi zəruridir:
1.Media və İnformasiya Platformalarının Gücləndirilməsi
Xaricdə fəaliyyət göstərən diaspor təşkilatları özlərinə məxsus media kanallarını yaratmalı, bloglar, YouTube kanalları, podkastlar və sosial şəbəkə hesabları vasitəsilə Azərbaycan haqqında obyektiv və aktual məlumatlar yaymalıdır.
2. Tədqiqat və Analitika Mərkəzlərinin Yaradılması.Diaspora daxilində yaradılacaq think tank-lər (beyin mərkəzləri) vasitəsilə Azərbaycanla bağlı saxta məlumatlar ifşa olunmalı, real və elmi əsaslı kontent hazırlanmalıdır. Bu qurumlar həm də qərarverici dairələrə analitik hesabatlar təqdim edə bilər.
3. Təhsil və Gənclər Proqramları. Gənc diaspor üzvləri arasında milli kimlik və mənəvi dəyərlərə bağlılıq gücləndirilməli, Azərbaycan tarixi və geosiyasi maraqları haqqında maarifləndirici proqramlar təşkil edilməlidir. Burada həm Azərbaycandan gedən müəllim və alimlərin rolu, həm də texnologiya vasitəsilə təşkil edilən vebinarlar və təlimlər əhəmiyyətlidir.
4. Diplomatik və Lobbiçilik Bacarıqları. Diaspor təşkilatları bulundukları ölkələrdə yerli idarəetmə strukturları və siyasətçilərlə əlaqələr qurmalı, Azərbaycanla bağlı qərarların ədalətli və obyektiv olması üçün lobbiçilik imkanlarından istifadə etməlidirlər. Bu, erməni diasporunun uzun illərdir qurduğu təsir şəbəkəsinə qarşı mühüm alternativdir.
Azərbaycanın ideoloji təhlükəsizlik məsələlərində milli birliyi qorumaq, informasiya müharibəsində mövqeyini gücləndirmək və beynəlxalq ictimaiyyətdə haqlı mövqeyini tanıtmaq üçün diasporanın rolu həlledici əhəmiyyət kəsb edir. Müasir çağırışlar bu istiqamətdə sistemli və koordinasiyalı fəaliyyət tələb edir. Azərbaycan diasporası artıq sadəcə vətənpərvər ruhlu tədbirlərin təşkilatçısı yox, həm də qlobal informasiya savaşında fəal iştirak edən və dövlət maraqlarını qoruyan güclü bir subyektə çevrilmək mərhələsindədir. Bu istiqamətdə atılan hər bir addım həm milli kimliyimizin qorunmasına, həm də gələcək nəsillərə sağlam ideoloji mühitin ötürülməsinə xidmət edəcəkdir.
14. İdeoloji Təxribatların Qarşısının Alınmasında Beynəlxalq Əməkdaşlıq
İdeoloji təxribatlar günümüzdə lokal deyil, qlobal bir təhlükə xarakteri daşıyır. Dövlətlərin informasiya müstəvisində qarşılaşdığı təzyiqlər – yalan məlumatların yayılması, milli dəyərlərin sarsıdılması, ictimai rəyə manipulyasiya cəhdləri – artıq transmilli problem səviyyəsinə çatmışdır. Bu baxımdan, ideoloji sabitliyin qorunması yalnız daxili müdafiə mexanizmləri ilə deyil, beynəlxalq əməkdaşlıq platformaları və qlobal informasiya təhlükəsizliyi alyansları çərçivəsində də həyata keçirilməlidir.
Azərbaycan, BMT, ATƏT, Avropa Şurası və Qoşulmama Hərəkatı kimi qurumlarda informasiya təhlükəsizliyi, dezinformasiyaya qarşı mübarizə və milli suverenliyin qorunması mövzularında daha fəal siyasət yürütməlidir. Bu qurumlarda, Ermənistanın və bəzi xarici dairələrin yaydığı təxribat xarakterli informasiyalar ifşa edilməli, Azərbaycanın informasiya müharibəsində üzləşdiyi təhdidlər sənədləşdirilərək beynəlxalq səviyyəyə daşınmalı və eyni zamanda beynəlxalq aktorlarla birgə maarifləndirici kampaniyalar keçirilməlidir.
Azərbaycan ideoloji təhlükələrlə mübarizədə xüsusilə Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində daha sıx informasiya əməkdaşlığı qurmalıdır. TDT üzvü olan ölkələr ortaq tarixə, dəyərlərə və strateji maraqlara sahibdir və Ortaq informasiya təhlükəsizliyi platforması yaradılmasına, Milli-dövlətçilik və dini radikalizmə qarşı ortaq ideoloji doktrina formalaşdırılmasına, Sosial mediada anti-türk, anti-azərbaycan yönümlü dezinformasiyaların koordinasiyalı cavab mexanizmləri işlənib hazırlanmasına diqqət yetirilməlidir.
İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində isə dini zəmində aparılan təxribatlara qarşı ümumi İslam maarifi yanaşması əsasında beynəlxalq elmi və mediada fəallıq göstərilməlidir.
Facebook, YouTube, TikTok, Telegram, Instagram kimi platformalarda yayılan təxribatlar və yalan informasiyalar Azərbaycan üçün ciddi təhlükə yaradır. Bu səbəbdən:
• Azərbaycanın müvafiq dövlət orqanları və Medianın İnkişafı Agentliyi bu texnoloji platformalarla birbaşa təmsilçilik və koordinasiyalı əlaqə qurmalıdır.
• Qlobal platformalarda Azərbaycan üzrə yerli moderator komandaları fəaliyyət göstərməli, milli maraqlara zidd kontentlərin aşkarlanması və silinməsi üzrə sürətli cavab protokolları formalaşdırılmalıdır.
• Sosial şəbəkələrin rəsmi məlumatlandırma mexanizmlərində Azərbaycan dövlət qurumlarının təsdiqlənmiş hesablarına daha çox üstünlük verilməlidir.
Azərbaycan informasiya müharibəsi, dezinformasiya texnologiyaları, ideoloji təhlükələr və kiberetika mövzularında ilə birgə layihələrə qoşulmalıdır. Bu, həm elmi biliklərin transferi, həm də Azərbaycanın mövqeyinin elmi dildə əsaslandırılaraq beynəlxalq elmi məkanlarda yayılmasına imkan verəcəkdir.
İdeoloji təxribatların qarşısının alınmasında yalnız milli güvənlik tədbirləri ilə kifayətlənmək mümkün deyil. Bu, qlobal informasiya sistemlərinin içində bir dövlətdən, qlobal düşüncə və əməkdaşlıq tələb edən strateji bir prosesdir. Azərbaycanın həm regiondaxili, həm də qlobal platformalarda informasiya suverenliyini qorumaq, milli dəyərlərini müdafiə etmək və gənc nəslin ideoloji immunitetini gücləndirmək üçün fərasətli, diplomatik və texnoloji əsaslı beynəlxalq əməkdaşlıq siyasəti qurması həyati zərurətdir.

15. Nəticə və Tövsiyələr: İdeoloji Təxribatlara Qarşı Gələcək Strategiyalar
Azərbaycanın milli kimliyi, tarixi yaddaşı və müstəqillik uğrunda əldə etdiyi nailiyyətləri XXI əsrdə yeni bir təhlükə ilə üz-üzədir: bu, silahsız, amma dağıdıcı gücə malik ideoloji təxribatlardır. Bu təxribatlar yalnız xarici düşmənlər tərəfindən deyil, eyni zamanda transsərhəd informasiya platformaları, qeyri-dövlət aktorları və bəzi beynəlxalq şəbəkələr tərəfindən də məqsədli şəkildə həyata keçirilir. Bu proseslər xüsusilə gənc nəslin şüuruna təsir göstərmək, milli birliyi sarsıtmaq, dəyərləri deformasiyaya uğratmaq və Azərbaycan dövlətçiliyinə qarşı etimadsızlıq yaratmaq məqsədi güdür. Belə bir şəraitdə gələcək üçün möhkəm və ardıcıl strategiyaların müəyyən edilməsi və həyata keçirilməsi həyati əhəmiyyət daşıyır.
Bunun qarşısının alınması üçün İlk növbədə, Azərbaycan cəmiyyətində vahid ideoloji baza formalaşdırılmalıdır. Bu, tariximizə, ədəbiyyatımıza, milli-mənəvi dəyərlərimizə və müasir dövlətçilik prinsipinə söykənən, həm Şərq, həm də Qərblə balanslı münasibətləri nəzərə alan dövlət dəstəklı ideoloji kontur olmalıdır. Sovet dövrünün totalitar ideoloji metodlarından fərqli olaraq, bu platforma maarifləndirici və şüurformalaşdırıcı xarakter daşımalı, vətəndaşların milli kimliyini, vətəndaş məsuliyyətini və informasiya müqavimətini artırmalıdır.
İkincisi təhsil sistemində buna yönəlik fəaliyyətlər olmalıdır. Təhsil sistemi yalnız bilik verən struktur deyil, eyni zamanda gələcək nəsillərin düşüncə kodlarını formalaşdıran mühüm vasitədir. Buna görə də, dərsliklərdə, proqramlarda və təlim proseslərində milli-mənəvi dəyərlərin, dövlətçilik şüurunun, informasiya təhlükəsizliyi anlayışının sistemli şəkildə yer alması zəruridir. Xüsusilə media savadlılığı, rəqəmsal təhlükəsizlik və təxribatlara qarşı fərdi müqavimət qabiliyyətləri məktəb və universitet səviyyəsində aşılanmalıdır.
Üçüncüsü media sahəsində ciddi işlər görülməlidir. Azərbaycanın informasiya məkanı hələ də xarici təsirlərə açıqdı. Bu səbəbdən, milli informasiya platformalarının gücləndirilməsi, yerli sosial şəbəkə alqoritmlərinin inkişafı və kontent istehsalının artırılması vacibdir. Bu, təkcə klassik medianı deyil, TikTok, YouTube, Instagram və Telegram kimi platformalarda da aktiv və cəlbedici kontentin yayımını əhatə etməlidir. Burada əsas məqsəd yalnız təxribatlara cavab vermək deyil, alternativ milli narrativləri formalaşdırmaq və geniş auditoriyalara çatdırmaqdır.
Dördüncüsü diaspora ilə iş güclənməlidir. Xaricdə yaşayan azərbaycanlılar, xüsusən də diaspora təşkilatları, milli ideologiyanın yayılmasında və təxribatlara cavabda mühüm rol oynaya bilər. Bu qurumlar vasitəsilə Azərbaycanın haqlı mövqeləri beynəlxalq mediada və ictimai fikirdə təbliğ olunmalı, erməni lobbisinin və digər düşmən qüvvələrin yaydığı dezinformasiyalara qarşı koordinasiyalı cavablar verilməlidir. Diaspor fəaliyyətləri yalnız mədəni tədbirlərlə deyil, elmi, siyasi və hüquqi müstəvilərdə də gücləndirilməlidir.
İdeoloji təxribatlar informasiya əsrinin “gizli müharibə” formalarından biridir. Bu təxribatların qarşısını almaq üçün təhlükənin fərqində olmaq kifayət deyil – həm də strukturlaşdırılmış, dövlət-cəmiyyət əməkdaşlığına əsaslanan, hüquqi və texnoloji aspektləri əhatə edən strategiyalara ehtiyac vardır. Azərbaycanın milli təhlükəsizliyinin informasiya və ideologiya cəbhəsində qorunması, təkcə bu gün üçün deyil, gələcək nəsillərin də şüur və şəxsiyyət bütövlüyü üçün həyati əhəmiyyət kəsb edir.
Ədəbiyyat siyahısı:
1. 44 GÜNLÜK QARABAĞ MÜHARİBƏSİ: Mülahizə və nəticələr: Bakı 2021. https://aircenter.az/uploads/files/44-Gunluk%20QM_az.pdf
2. Ermənistan-Azərbaycan münaqişəsi. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin P R E Z İ D E N T K İ T A B X A N A S I. https://files.preslib.az/projects/azerbaijan/gl8.pdf
3. Hüseyn Hüseynli: İkinci Qarabağ müharibəsi zamanı Türkiyənin Cənubi Qafqaz siyasəti.A kademik Tarih ve Düşünce Dergisi, 11 (5), 3586-3595. https://www.researchgate.net/publication/386122473_Ikinci_Qarabag_Muharibsi_Zamani_Turkiynin_Cnubi_Qafqaz_Siyasti
4. Ömer Lütfi Taşçıoğlu : II Karabağ savaşı və sonuçları. https://dergipark.org.tr/en/download/article-file/2693446
5. Arslanlı, Araz, “Ermenistan’ın Azerbaycan Topraklarını İşgali Sorununun Hukuki Boyutu: Azerbaycan’ın Meşru Müdafaa Hakkı Devam Ediyor mu?” Ermeni Araştırmaları Dergisi, No. 9, ss.94- 117.
6. Aslanlı, Araz, “Fransa Karabağ’da çözüm için değil, çözümü baltalamak için çalışıyor”, Anadolu Ajansı, 03.12.2020, https://www.aa.com.tr/tr/analiz/fransa-karabag-da-cozum-icin-degilcozumu-baltalamak-icin-calisiyor/2064111 (Erişim: 24.01.2023).
7. Aslan, Dilara, “Research reveals extent of Armenian fake news on mercenaries in NagornoKarabakh conflict”, Daily Sabah, October 08, 2020.
8. Attar, Aygün, Karabağ Sorunu Kapsamında Ermeniler ve Ermeni Siyaseti, Atatürk Kültür, Dil ve Tarih Yüksek Kurumu, Atatürk Araştırma Merkezi, Ankara, 2005.
9. Iddon, P. (2021). The growing military cooperation between Turkey and Azerbaijan. Erişim adresi: https://www.forbes.com/sites/pauliddon/2021/07/27/thegrowing-militarycooperation-between-turkey-and-azerbaijan/, Erişim tarihi: 26.12.2023.
10. İbadov, A. (2007). Azerbaycan dış politikasında Dağlık Karabağ sorunu ve Ermeni sorunu: çözümler, öneriler Doktora Tezi, Süleyman Demirel Üniversitesi).
11. Halil Günay. Birinci ve İkinci Dağlık Karabağ Savaşı Karşılaştırmalı Analiz: Türkiye’nin Rolü ve Etkisi Üzerine Bir Değerlendirme. https://www.akademi.org.tr/uploads/akademi.org.tr/files/halil-gunay.pdf
12. Ровшан Ибрагимов, Азербайджан: Укрепление «Малой Силы» или Переходный Период в Становлении «Средней»?, Международная Аналитика, Volume 12, No 2, Institute for International Studies of the Moscow State Institute of International Relations (MGIMO), Moscow, 2021, pp. 174–175.
13. Robert M. Cutler, ‘The Second Karabakh War and Western strategic thinking’, The Wilson Center, 5 January 2021 https://www.wilsoncenter.org/blog-post/second-karabakh-war-and-western-strategic-thinking (accessed 20 February 2021).
14. . Ilham Karimli, ‘Iran expands railroad ties with Azerbaijan’, Caspian News, 19 January 2021 https://caspiannews.com/news-detail/iran-expands-railroad-ties-with-azerbaijan-2021-1-19-0/ (accessed 20 February 2021).
15. Saltman, M. (2023, October 4). As Azerbaijan claims a final victory in Nagorno Karabakh, its arms trade with Israel comes under scrutiny. EDITION. https://edition.cnn.com/2023/10/04/middleeast/azerbaijan-israelweapons-mime-intl/index.html
16. Şıhaliyev, E. (2023). Iran’s Armenia and Azerbaijan Policy: Geopolitical Realities and Comparative Analysis. Journal of General Turkish History Research. Special Issue for the 100th Anniversary of the Republic of Turkey, Special Issue October, 329-340

Hesabat Qlobal Media və Siyasət Araşdırmaları İctimai Birliyinin, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Ənənəvi və rəqəmsal mediada ideoloji təxribatlar əleyhinə iş” adlı layihə çərçivəsində dərc olunub.

Qeyd: Müsahibədə əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.

Paylaş: