Ermənistanın üçüncü prezidenti Robert Köçəryan xələfi Serj Sərkisyana qarşı açılmış cinayət işi üzrə məhkəmədə şahid qismində çıxış edib. Sərkisyan “Yerablur” hərbi məzarlığının yaxınlığındakı torpaq sahələrinin 2005-ci ildə qanunsuz şəkildə özəlləşdirilməsi əməli üzrə ittiham olunur.
Məlumata görə, həmin ildə sözügedən torpaq sahələri Ermənistan Müdafiə Nazirliyinin mülkiyyətinə olub. Yəni bu hadisə Köçəryanın prezident, Sərkisyanın isə müdafiə naziri olduğu dövrdə baş verib. Prokuror həmçinin istintaq zamanı Ermənistanın Rusiyadakı səfiri Qurgen Arsenyan və Serj Sarkisyanın mühafizə rəisi Vaçaqan Qazaryanın da şahid qismində çağırılacağını bildirib.
Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, Köçəryanın şahid kimi dindirilməsi onun da Sərkisyanla birlikdə məsuliyyətə cəlb edilə biləcəyini göstərir:
“Nəzərə alaq ki, həmin dövrdə Sərkisyan müdafiə naziri olsa da, ölkənin rəhbəri Köçəryan idi. Bu iki şəxsin arasında hələ o vaxtdan ciddi ortaqlığın olduğu bilinən faktdır. 2018-ci ildə baş nazir Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra keçmiş prezidentlər arasında “soyuq küləklər” əsməyə başladı. Bu isə Köçəryanın Sərkisyan əleyhinə şahidlik etmək riskini artırır. Mümkündür ki, o, özünü məsuliyyətdən qurtarmaq üçün bu yola əl atsın. Əgər belə bir hal baş verərsə, bu, Ermənistan müxalifəti daxilində qarşılıqlı ittihamları artıracaq. Nəticədə isə müxalifət daxilində parçalanma sürətlənəcək.
Seçkiöncəsi baş verən bu kimi hadisələr Paşinyana sərf edir. Ermənistan iqtidarının əsas hədəfi gələn il keçiriləcək parlament seçkilərində müxalifətin birləşməsinə imkan verməməkdir. Paşinyan hökuməti son zamanlarda Rusiyaya bağlı olan keçmiş nəsil siyasətçilərin nüfuzdan salınması istiqamətində fəal iş aparır. Əsas məqsəd onları siyasət səhnəsindən tamamilə uzaqlaşdırmaqdır. Bu fakt onu göstərir ki, Rusiyanın Ermənistandakı əvvəlki nüfuzu artıq mövcud deyil. Ermənistan siyasətində istər iqtidar, istərsə də müxalifət daxilində Qərbə bağlı fiqurlar güclənməkdədir”.

Zeynal Əmrəliyev
Politoloqun sözlərinə görə, Rusiyanın ardıcıl şəkildə Köçəryan-Sərkisyan cütlüyünə dəstək verməsi, Moskvanın yeni nəsil erməni siyasətçilər arasında özünə sadiq kadrlar tapa bilmədiyini göstərir:
“Baş verən hadisə eyni zamanda Rusiyanın Sərkisyanı zəiflətmək cəhdi də ola bilər. Belə ki, son zamanlar kifayət qədər aktivləşən keçmiş prezident Qərb ölkələrinin siyasi dairələri ilə də müəyyən danışıqlar aparırdı. Bunun Kremli qəzəbləndirməsi mümkündür.
Ancaq ümumilikdə bu hadisə ən çox Paşinyana sərf edir. Beləliklə prosesin uğurlu olması ‘Qarabağ klanı’na mənsub olan siyasətçilərin sonunun gəlməsi ilə nəticələnər. Bu isə artıq Ermənistanda bir dövrün sonunun yaxınlaşması deməkdir”.
Turan Rzayev
Globalinfo.az