Xəbər verdiyimiz kimi, bu gün Zərdabda VAZ-2199 və “Land Rover” markalı minik avtomobillərinin toqquşması ilə nəticələnən ağır yol qəzası baş verib.
Globalinfo.az xəbər verir ki, qəza nəticəsində VAZ-2199 markalı avtomobilin sürücüsü Azər Cəlal oğlu Abdullayev vəfat edib. Məlumata görə, Azər Abdullayev 2 uşaq atası olub.
Qəzaya səbəb olan “Land Rover” markalı minik avtomobilinin sahibinin yerli TV kanallarına açıqlamasında işlətdiyi ifadələr gündəm olub. Onun hadisə barədə dediyi sözlər sosial şəbəkələrdə narazılıq yaradıb.
Belə ki, qəzaya səbəb olan maşının sahibi “qəsdən öldürməmişik ki, hadisədir də olub. Dünyanın dahi insanları da ölür, burda nə var ki?” deyə verdiyi açıqlama mərhuma və ailəsinə hörmətsizlik kimi qiymətləndirilib.
Sosial şəbəkə istifadəçiləri hadisədə günahkar olan hər kəsin qanunla cəzalandırılmasını tələb edib.