68dade2256bce68dade2256bcf175917417868dade2256bcc68dade2256bcd

Madaqaskar Prezidenti Andri Radzuelina hökuməti buraxdığını elan edib. Qərar gənclərin təşkil etdiyi kütləvi etirazlardan sonra verilib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

BMT-nin məlumatına görə, üç gün davam edən etirazlar zamanı azı 22 nəfər həlak olub, 100-dən çox insan isə yaralanıb. Bu aksiyalar Hind okeanı adasında son illərin ən genişmiqyaslı nümayişləri kimi qiymətləndirilir və Radzuelinanın 2023-cü ildəki yenidən seçilməsindən bəri ən ciddi siyasi sınağı hesab olunur.

Prezident dövlət televiziyasında çıxışı zamanı deyib:

“Əgər hökumət üzvləri öz üzərlərinə düşən vəzifələri yerinə yetirməyibsə, bunu etiraf edir və üzr istəyirik. Mən gənclərlə dialoq üçün yer açmaq istəyirəm”.

Radzuelina həmçinin işgüzar dairələrə dəstək tədbirlərini vəd edib və xalqın narazılığını anladığını bildirib:

“Səsi eşitdim, acını hiss etdim, gündəlik həyata təsirini başa düşdüm”.

Madaqaskarın Xarici İşlər Nazirliyi BMT-nin etirazlarla bağlı açıqladığı itki sayını rədd edib. Nazirlik bildirib ki, açıqlanan məlumatlar səlahiyyətli milli qurumlardan gəlməyib, şayiələrə və dezinformasiyaya əsaslanır.

Prezident Andri Radzuelina ilk dəfə 2009-cu ildə hərbi çevrilişlə hakimiyyətə gəlib. O, 2014-cü ildə istefa versə də, 2018-ci ildə seçkilərdə qələbə qazanaraq yenidən prezident olub, 2023-cü ilin dekabrında isə mübahisəli seçkilərdə üçüncü müddətini təmin edib.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: