Prezident İlham Əliyev ADA Universitetində “Yeni dünya nizamına doğru” mövzusunda keçirilən beynəlxalq forumda çıxışı zamanı bir çox vacib nüanslara toxunub. Dövlət başçısı bildirib ki, rəsmi Bakının Azərbaycanın ərazi bütövlüyü və Ermənistan konstitusiyası ilə bağlı İrəvandan gözləntiləri məlumdur. Əgər bunlar edilərsə, sülh sazişi imzalana bilər və beləliklə, Cənubi Qafqazda artıq inteqrasiya edilmiş bölgə üçün heç bir maneə qalmaz.
“Lakin realist danışsaq, bu o demək deyil ki, Ermənistanla dərhal dost olacağıq. Burada müəyyən iqtisadi inteqrasiya haqqında danışmaq tezdir. Lakin kiçik addımlarla başlayaraq etimadı qura bilərik”, – deyən Prezident bildirib ki, bu yaxınlarda bir sıra təşəbbüslər irəli sürülüb və Azərbaycan Ermənistanın mövqeyini gözləyir.
Globalinfo.az-a danışan politoloq Elxan Şahinoğlu deyib ki, iki ölkə arasında münasibətlər tezliklə qaydasına düşə bilməz:
“Hazırda bir çoxları belə bir yanlış fikrə qapılıb ki, Azərbaycan Ermənistanla sülh müqaviləsi imzaladıqdan sonra iki ölkə arasında bütün problemlər bitəcək, hər şey əvvəlki kimi olacaq. Hətta Zəngəzur dəhlizi açılmasa belə, bu, Azərbaycan ilə Ermənistanın tezliklə bütün olanları unudacağı mənasına gəlmir. Qarşıda çox uzun bir yol var və bu baxımdan Prezidentin dedikləri tamamilə doğrudur.
30 illik bir münaqişəni qısa müddətdə unutmaq olmaz. Ən əsası iki ölkənin xalqları buna hələ hazır deyil. Ermənistanda ciddi bir revanşist kütlə var. Həmçinin keçmiş prezidentlər Robert Köçəryan və Serj Sərkisyan hələ də həyatdadırlar. Təbii ki, baş nazir Nikol Paşinyanı da unutmaq olmaz. O, özünü sülh göyərçini kimi göstərsə də, əslində belə deyil.

Elxan Şahinoğlu
Ermənistan qeyri-sabit ölkədir. Sabah hər şey dəyişə, Paşinyan hakimiyyətini itirə bilər. Revanşistlər hakimiyyətə gəlsə, heç kəs onların işğala cəhd göstəməyəcəklərindən əmin ola bilməz. Azərbaycan Prezidenti də bu mənada münasibətlərin normallaşmasının tezliklə olmayacağını söyləyir”.
Turan Rzayev
Globalinfo.az