1x 1

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USİAD) icraçı direktoru Erika Kar işçilərə Vaşinqtonda yerləşən keçmiş qərərgahdakı bütün sənədləri məhv etməyi tapşırıb. 

Globalinfo.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” məlumat yayıb.

Nəşr yazır ki, Kar elektron poçt vasitəsilə heyətə təlimat verib. Məhv edilməsi nəzərdə tutulan materialların əsasən işçilərin şəxsi sənədləri və məxfi məlumatların qeyd edildiyi sənədlər olduğu bildirilir.

“Əvvəlcə sənədlərin çoxunu parçalayın, elə edin ki, məlumatlar əlçatmaz olsun. Parçalamaq üçün istifadə olunan texnika işləmədikdə, sənədləri yandırın. Parçalanmış materialların atılmaq üçün yığıldığı torbaların üzərinə “Gizli” və “USAİD” sözləri yazılsın”, – təlimat mesajında qeyd edilir.

Bu tapşırığın hansı səbəbdən verildiyi isə məlum deyil.

Qeyd edək ki, Donald Tramp növbəti dəfə ABŞ prezidenti seçildikdən sonra yanvarın 27-də USİAD vasitəsilə müxtəlif ölkə və təşkilatlara göndərilən bütün yardımların dayandırıldığı açıqlandı. Agentliyin sosial media səhifələri bağlandı, fəaliyyəti ilə bağlı araşdırma başladıldı. ABŞ Dövlət Katibi Mark Rubio müvəqqəti nəzarət üçün səlahiyyətli şəxs təyin edildi.

Xatırladaq ki, USİAD-ın ən çox diqqət ayırdığı ölkələrdən biri də Ermənistan idi. Təşkilat rəsmiləri intensiv şəkildə İrəvana səfər edib və bu ölkəyə milyonlarla dollar yardımın ayrılacağını açıqlayıblar. Agentliyin xüsusilə Qarabağ məsələsi ilə bağlı qərəzli mövqeyi Bakıda birmənalı qarşılanmırdı. Lakin Trampın qərarından sonra Ermənistan hökumətinin çətin vəziyyətə düşdüyü və vəd edilən məbləğin sadəcə yarısının köçürülməsinin mümkün olduğu bildirilib. Buradakı qərbyönümlü təşkilatların əsas maliyyə qaynağının kəsildiyi deyilir.

Həmçinin Azərbaycan bir neçə dəfə rəsmi səviyyədə USİAD-ın fəaliyyətinin xoşniyyətli olmadığını açıqlayıb. Bu çərçivədə təşkilatın ölkədə fəaliyyət göstərməsi üçün hüquqi əsas olmadığı və fəaliyyətini dayandırması barədə XİN tərəfindən ABŞ-a rəsmən bildiriş göndərilib.

Ayşən Mustafa
Globalinfo.az 

Paylaş: