ABŞ Ukraynanın təhlükəsizliyinin təmini ilə bağlı üzərinə öhdəlik götürməkdən çəkindikdən sonra Kiyev zəmanət üçün Avropaya müraciət etmək niyyətindədir.
Globalinfo.az xəbər verir ki, bu barədə “Euractiv” saytının məqaləsində qeyd olunur.
Saytın mənbəsinin məlumatına görə, Kiyev bunun üçün Avropa ölkələrinə təzyiqi gücləndirmək niyyətindədir:
“Ukraynanın əsas hədəfi ərazisində Vaşinqtonun dəstəyi ilə Avropanın hərbi kontingentinin təmsil olunmasını təmin etməkdir”.
Məqalədə qeyd olunur ki, ukraynalılar Avropa qoşunlarının birbaşa sərhəd xəttində yox, ölkənin əsas infrastruktur obyektlərinin yanında yerləşməsini istəyirlər.
Qeyd edək ki, Ukraynaya Avropa sülhməramlılarının yeridilməsi bir müddətdir müzakirə olunur. Fransa, Britaniya və İsveç artıq Ukraynaya sülhməramlı göndərməkdə maraqlı olduqlarını deyiblər. Lakin Fransa Prezidenti Emmanuel Makron sülhməramlıların dərhal yox, atəşkəs əldə edildikdən sonra bölgəyə göndəriləcəyini bildirib. ABŞ isə Avropa sülhməramlılarının Ukraynaya yeridilməsinə qarşı olmadığını açıqlayıb.
Əliyar Xəlil
Globalinfo.az