“Azərbaycanın tələbi ölkənin digər ərazilərindən Naxçıvana maneəsiz gediş-gəlişin təmin olunmasıdır. Dəhlizə nəzarət uğrunda geosiyasi maraq toqquşması sülh prosesinə əngəl yaradır. Ona görə də Azərbaycan konstitusiya dəyişikliyi və Minsk qrupunun ləğvini əsas götürərək, Zəngəzur dəhlizi ilə bağlı məsələni sülh sazişindən sonraya saxlamaqla bağlı qərar verdi. Əslində, bu, uğurlu diplomatik gediş idi və effektiv oldu”.
Bu fikirləri Globalinfo.az-a siyasi şərhçi Əli Zülfüqaroğlu deyib.
O bildirib ki, Azərbaycanın bu qərarından sonra Rusiya dərhal prosesə müdaxilə etdi və İrəvana dəhlizin açılması ilə bağlı təzyiqlərini artırdı:
“Yəni Azərbaycan o mesajı çatdırır ki, hansısa beynəlxalq güclərin və ya dövlətlərin maraqları bizim üçün heç bir əhəmiyyət daşımır. Azərbaycanın prioritetləri bəllidir və irəli sürdüyü şərtlər eyni zamanda beynəlxalq hüququn tələbidir. Amma görünür, bu istiqamətdə maraq toqquşmaları davam edəcək”.
Ekspert diqqətə çatdırıb ki, hansı dövlətin dəhlizə nəzarətlə bağlı maraqları varsa, o zaman Ermənistana təzyiqləri artırmalıdır:
“Əlbəttə, Rusiyanın maraqları bəllidir və Azərbaycan buna etiraz etmir. Qərbin də maraqları açıq görünür, amma Qərb İrəvanın dili ilə “Sülh kəsişməsi” adlandırılan alternativ layihə təqdim edir ki, bu da Azərbaycanın maraqlarına uyğun deyil. Bu layihə İrəvanın və Qərbin maraqlarına cavab verir. Buna görə də Azərbaycanın “Sülh kəsişməsi” layihəsini dəstəkləyəcəyini düşünmürəm”.
Ə.Zülfüqaroğlu diqqətə çatdırıb ki, Ermənistan baş nazirinin açıqlamaları və qəbuledilməz şərtlər irəli sürməsinin arxasında da Qərb dayanır:
“Əks təqdirdə məğlub dövlət bu səviyyədə iddialı ola bilməz. Birləşmiş Ştatlar və Fransanın yanaşmaları qərəzlidir və Azərbaycanın maraqlarına cavab vermir. Əgər Qərb konstruktiv yanaşma sərgiləyərsə, o zaman Azərbaycan buna yox deməz. Yəni bütün təkliflər Azərbaycanın maraqlarına uyğun olmalıdır. Bakı maraqlarının nədən ibarət olduğunu açıqlayıb. Ermənistanı kapitulyasiyaya imza atdıran dövlət olmasına baxmayaraq, hərbi və diplomatik üstünlüyündən əzici formada istifadə etmir. Azərbaycan yalnız beynəlxalq hüquqa istinad edir və ədalətli şərtlər irəli sürür”.
Turan Rzayev
Globalinfo.az