BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində ABŞ-ın Dövlət katibi Antoni Blinkenin iştirakı ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla və ermənistanlı həmkarı Ararat Mirzoyan arasında görüş olacağı açıqlanıb.
Məlumata görə, görüş bu gün Nyu-York vaxtı ilə səhər saat 10:15-də baş tutacaq.
Bayramov-Mirzoyan görüşündən nələr gözlənilir? Sülh müqaviləsilə bağlı mübahisəli məsələlər burada razılaşdırıla bilərmi?
Globalinfo.az-a danışan politloq Elxan Şahinoğlu deyib ki, ABŞ Dövlət katibi Antoni Blinken sülhün imzalanmasını istəyir:
“Ağ Ev rəsmisi üçtərəfli görüşdən nəticə əldə etmək və ABŞ-da keçiriləcək prezident seçkilərinə qədər sazişin imzalanmasını istəyirsə, erməni həmkarını və onun vasitəsilə Ermənistanın Baş nazir Nikol Paşinyanı Konstitusiyada Azərbaycana ərazi iddiasını ehtiva edən bəndin çıxarılmasına inandırmalıdır. Hər iki tərəf sülh sazişinin mətninin 80 faizinin razılaşdırıldığını bildirib. Bakı və İrəvan sazişdə bir-birlərinin ərazi bütövlüklərini tanımağa hazırdılar. Məsafənin böyük hissəsi qət edilib. Paşinyan bircə addım atmaqla məsələnin müsbət həllini sürətləndirə bilər”.
Elxan Şahinoğlu
“Dövlət Departamenti Nikol Paşinyana çağırış edib onu Konstitusiyada dəyişikliyə inandıra bilsə, ABŞ-ın Cənubi Qafqazda rolu artacaq. Əks halda bugünkü üçtərəfli görüşün əvvəlkilərdən heç bir fərqi olmayacaq”, – politoloq qeyd edib.
Turan Rzayev
Globalinfo.az