İrandakı 40 milyonun hüquqları üçün nələr edə bilərik? – Ekspertlərdən maraqlı və vacib təkliflər

Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının Səmərqənddə keçirilən IX Zirvə Görüşündəki çıxışı zamanı Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyətinin məktəblərdə öz ana dilində təhsil almaq imkanlarından məhrum edildiyini bildirdi. Prezident, həmçinin Azərbaycan dövlətinin xarici ölkələrdə yaşayan azərbaycanlıların hüquq və azadlığının, təhlükəsizliyinin təmin edilməsinə xüsusi diqqət yetirdiyini vurğulayıb.

Maraqlıdır, rəsmi Bakı indiki məqamda İrandakı 40 milyon soydaşının hüquq və azadlığının, təhlükəsizliyinin təmin edilməsi üçün nələr edə bilər?

Beynəlxalq hüquqa görə belə bir şey mümkündür?

 

Cənab prezident islahatlar aparır. Gözləyək ki, axırı necə olacaq", Novella Cəfəroğlu Sual vaxtında - BBC News Azərbaycanca

Mövzu ilə bağlı Globalinfo.az-a açıqlama verən hüquq müdafiəçisi, İşçi Qrupun üzvü Novella Cəfəroğlu deyib ki, insan haqları müdafiəçiləri olaraq hər zaman İrandakı soydaşlarımızın yanında olublar:

“Ümumiyyətlə hələ Cənubi Azərbaycan məsələsi bu qədər qabardılmamışdan öncə biz tez-tez cənublu soydaşlarımızın məsələsini aktuallaşdırır, gündəmə gətirirdik. Bir müddət öncə Azərbaycanda fəaliyyət göstərən hüquq müdafiə təşkilatları olaraq BMT İnsan Haqları Komitəsinə və Amnesty İnternational-a İranda fəalların həbsi ilə bağlı müraciət ünvanladıq.

Hətta bizim xüsusi şöbəmiz var ki, müntəzəm olaraq güney azərbaycanlı soydaşlarımızın hüquq və azadlıqları ilə maraqlanır. İranda azərbaycanlılara qarşı törədilən insan haqları pozuntuları, haqsızlıqlara dair materialları vaxtaşırı insan haqları təşkilatlarına təqdim edirik. Hətta İran rejiminin təzyiqlərindən qaçıb Azərbaycana sığınan rsoydaşlarımızın üçüncü ölkəyə köçməsi üçün də əlimizdən gələni edirik”.

Novella Cəfəroğlu bu gün İranda sözün əsl mənasında inqilab baş verdiyini dedi: “Əlbəttə ki, biz belə bir zamanda güneyli soydaşlarımızın taleyinə biganə qala bilmərik. Güney Azərbaycan milli hərəkatı və quzeylə güneyin birləşməsindən öncə biz İranda soydaşlarımızın təhsil almaq, ana dilində danışmaq, siyasi və sosial hüquqlarının təmin edilməsinə çalışmalıyıq. Digər məsələlər məhz bundan sora həll edilə bilər”.

Politoloq Elxan Şahinoğlu isə qeyd edib ki, İrana qarşı yumşaq güc siyasətindən aktiv şəkildə istifadə etməliyik:

“Rəsmi Bakı ilk öncə güney Azərbaycanda maarifləndirmə işlərinə başlamalı, milli şüurun mütəşəkkil şəkildə oyanması üçün fəaliyyətini artırmalıdır. Bu istiqamətdə Güney Azərbaycana kitablar, dərsliklər göndərilməli, ordakı soydaşlarımızın Azərbaycanda təhsil almaları üçün imkanlar yaradılmaldır.

Bundan başqa, beynəlxalq təşkilatlar da güneydə yaşayan azərbaycanlıların pozulan hüquqları və ya onlara qarşı törədilən zorakılıq halları ilə bağlı hesabatlar təqdim edilməlidir”.

Elxan Şahinoğlu deyib ki, Azərbaycan 30 il ərzində İrana qarşı nə ərazi iddiası ortaya qoyub, nə də yumşaq güc siyasətinə əl atıb: “Lakin bu gün İran-Azərbaycan münasibətləri ən kritik mərhələdən keçir. Hesab edirəm, bundan sonra İran ilə münasibətlər əvvəlki səviyyəyə qayıtmayacaq. Buna görə də bütün imkanlardan istifadə edib, güney azərbaycanlı soydaşlarımızın hüquq və azadlıqlarını qorumalıyıq”.

Turan Rzayev

Globalinfo.az