Bu gün Azərbaycanın ilk qadın Milli Qəhrəmanı, şəhid jurnalist Salatın Əsgərovanın doğum günüdür.
Globalinfo.az xatırladır ki, o, 16 dekabr 1961-ci ildə Bakıda ziyalı ailəsində anadan olub. 1979-cu ildə orta məktəbi əla qiymətlərlə başa vuran Salatın elə həmin ildə də Azərbaycan Neft və Kimya İnstitutuna daxil olub.
1984-cü ildə geofizika ixtisası üzrə mühəndis diplomu alsa da, jurnalistika sahəsinə daha böyük maraq göstərib. Nəticədə 1984-cü ildə müqavilə ilə “Bakı” qəzetində, 4 il sonra isə “Molodyoj Azerbaydjana” qəzetində işləməyə başlayıb.
Tez-tez cəbhə xəttinə gedərək qaynar nöqtələrdən operativ materiallar hazırlayan jurnalist 1991-ci il yanvarın 9-da Şuşa yaxınlığında erməni terrorçuları tərəfindən xüsusi amansızlıqla güllələnərək qətlə yetirilib.
Salatın Əsgərova Bakıda Şəhidlər xiyabanında dəfn olunub. Qətlə yetirildiyi Qaladərəsi kəndi Salatınkənd adlandırılıb. Bakı şəhərində adına küçə var.
Azərbaycan Respublikası prezidentinin 6 noyabr 1992-ci il tarixli 294 saylı fərmanı ilə Əsgərova Salatın Əziz qızına ölümündən sonra “Azərbaycan Milli Qəhrəmanı” adı verilib.
Qeyd edək ki, tanınmış telejurnalist Ceyhun Əsgərov Salatın Əsgərovanın oğludur.
Ruhu şad olsun!
Zaira Akifqızı
Globalinfo.az














