Rusiya Prezidenti Vladimir Putinin Beslanda məktəbə basqın zamanı həlak olan vətəndaşların xatirə kompleksini özünəməxsus ziyarəti diqqət çəkib.
Belə ki, o, kompleksin önündə and içib, terrorda həlak olanların ruhu qarşısında söz verib.
Bəzi ekspertlərin fikrincə, Putin bununla əslində Ukraynadan alacağı qisasın mesajını verib.
Rusiya prezidentinin hücum hədəfi haradır? Kurskun intiqamını almaq üçün necə addım atacaq?
Globalinfo.az-a danışan politoloq Turab Rzayev deyib ki, Rusiya hazırda kifayət qədər çətin dövrdən keçir:
“Reallıq ondan ibarətdir ki, Moskva Kurska hücumu gözləmirdi. Ukrayna ordusu artıq günlərdir orada irəliləyir, yeni yaşayış məskənləri ələ keçirir. Rusiya isə buna elə də ciddi reaksiya vermir, lakin çoxdan əməliyyatlara başlamalı idi. Buradan iki versiya ortaya çıxır:
1.Rusiya qəsdən Ukrayna ordusunun Kurskda irəliləməsinə şərait yaradır;
2. Hücum ani olduğu üçün qüvvələri Kurska cəmləyir.
Düşünürəm ki, Kursk istiqamətində ciddi boşluq olub. Ukraynanın gözlənilməz hücumu həm də Rusiyanın qırmızı xəttinin keçilməsidir. Böyük Britaniya da faktiki olaraq Kiyevə göndərdiyi silahların Kursk hücumunda istifadəsinə icazə verib. Yəni proseslərin pərdəarxasında Böyük Britaniya var”.
Putin Beslan şəhərində terror qurbanlarının xatirə kompleksi qarşısında
Politoloq müharibənin gedişatında nüvə təhlükəsinin artdığını bildirib:
“Vladimir Putin indiki məqamda belə sərt ritorika ilə çıxış edirsə, demək, sonuncu planını icra edəcək. Söhbət taktiki nüvə silahının istifadəsindən gedir. Bu isə müharibənin çox fərqli bir mərhələyə keçməsi deməkdir”.
Turan Rzayev
Globalinfo.az