Ukrayna ordusunun avqustun 6-da Rusiya sərhədini keçərək Kursk vilayətinin Sucansk rayonuna daxil olmasının ardınca bir çox yaşayış məntəqəsi ələ keçirildi. Ukraynanın Kurskda irəliləyişi davam etsə də rəsmi Moskvanın ciddi müqavimət göstərməməsi, hücumu dayandıra bilməməsi diqqət çəkir.
Bəzi ekspertlər iddia edir ki, bu, rusların hiyləsidir. Yəni Kreml Ukraynanı öz meydanına çəkərək burada mühasirəyə alıb məhv etməyi düşünür.
Globalinfo.az-a danışan politoloq Teymur Qasımlı deyib ki, Ukrayna ordusu Kursk əməliyyatına yaxşı hazırlaşıb:
“Bunu qısa zamanda əldə etdikləri uğurlar da sübut edir. Bu əməliyyat 10-12 nəfərlik qruplar ilə təşkil edilib. Əməliyyatın effektiv olmasının bir səbəbi də qəfil baş tutmasıdır.
Mən rus ordusunun taktiki geri çəkildiyi fikri ilə razı deyiləm. Çünki ruslar belə bir hücumu gözləmirdi. Görünür, həm də ruslar özünə çox güvənirdi. Yəni Ukraynadan hücumun gələcəyinə inanmırdılar. Nəticədə hücum baş verdi.
Ukrayna ordusu əməliyyatı xüsusi təyinatlı qüvvələr ilə gerçəkləşdirdi. Bu həm də tarixi bir əməliyyatdır. Çünki İkinci Dünya müharibəsindən bu günə qədər heç bir ölkə Rusiya ərazisinə girib obyektlərini ələ keçirə bilməmişdi. Ukrayna bunu etdi. Bu o baxımdan vacibdir ki, rusların mənəvi-psixoloji üstünlüyü artıq sıradan çıxdı.
Teymur Qasımlı
Hücumdan sonra Prezident Vladimir Putin Rusiya Federasiyası Təhlükəsizlik Şurasının üzvləri ilə görüş keçirdi. Həmin görüşdə əslində hücumun verdiyi narahatlıq hiss olunurdu”.
Ekspert deyib ki, Ukraynanın Kursk basqınının bir sıra məqsədləri var:
“Birincisi, Ukrayna silahlılarının hücum etdiyi Sucansk rayonundan Avropaya nəql edilən qaz kəməri keçir. Düzdür, bu qaz xətti əvvəlki gücündə işləməsə də gün ərzində Rusiyaya bir milyon rubla yaxın vəsait gətirir. Ukrayna ordusu indi bu vəsaitə özü nəzarət edə bilər.
İkincisi, Ukrayna ordusu Kurska daxil olaraq ön cəbhədəki Rusiyanın uğurlarına cavab olaraq öz meydanında onları uğursuzluğa düçar etdi.
Üçüncüsü, bu hücumla Rusiyanın daxilində milli ruhu sarsıtdılar. Bu, xüsusilə vacibdir. Çünki Rusiya daxilində narazılığın olmasına səbəb ola bilər. Bundan başqa ordu daxilində korrupsiya, özbaşınalıq kimi halları yenidən aktuallaşdıracaq. Artıq müəyyən həbslərin olduğu da deyilir”.
Turan Rzayev
Globalinfo.az