ABŞ Silahlı Qüvvələrinə məxsus “Boeing C-17” təyyarəsinin İrəvandakı Zvartnots hava limanına hərbi yüklər və şəxsi heyət gətirməsi proseslərin fərqli məcraya getdiyini göstərir. İddialara görə, ABŞ hərbçiləri Zəngəzura daxil olub və Vaşinqton burada öz qüvvələrini cəmləməyə başlayıb.
ABŞ hərbçilərinin Zəngəzura yerləşdirilməsinin səbəbi nədir? ABŞ-ın həm sülh vasitəçisi kimi çıxış etməsi, həm də Ermənistan xüsusi təyinatlıları üçün müxtəlif sursatlardan istifadə üzrə təlimlər keçirməsi nədən xəbər verir?
Globalinfo.az-a danışan politoloq Asif Nərimanlı deyib ki, ABŞ-ın Azərbaycan-Ermənistan sülh danışıqlarında tərəfsiz, obyektiv mövqeyinə artıq şübhə ilə yanaşmaq olar:
“Tərəflərdən biri ilə hərbi əməkdaşlığı gücləndirir və bunun fonunda Ermənistan Azərbaycana qarşı təxribatlar törədirsə, deməli, prosesdə rəsmi Vaşinqtonun bu ya digər formada iştirakı var. Əslində bunu silahların verilməsi, hərbi əməkdaşlığın genişləndirilməsi baxımından da görmək mümkündür. ABŞ-ın İrəvanın törətdiyi təxribatların planlaşdırılmasında birbaşa rolu var. Çünki Ermənistan təxribat törətməmişdən əvvəl Azərbaycana sərhədlərə ikitərəfli nəzarət mexanizminin yaradılmasını təklif etdi. Bu da əslində tələ rolunu oynayırdı. Əgər nəzarət mexanizmi yaradılarsa, sonrakı mərhələdə beynəlxalq müşahidəçilərin nəzarət məsələsinin gündəmə gəlməsi istisna deyil. Belə olan halda ABŞ başda olmaqla Qərb qüvvələri Azərbaycan-Ermənistan sərhədində yerləşdirilmiş olacaq”.
Asif Nərimanlı
Politoloqun fikrincə, Ermənistan nəzarət etdiyi ərazilər üzərində legitimlik qazanmaq istəyir:
“ABŞ öz qüvvələrini beynəlxalq nəzarət mexanizmi adı altında Azərbaycan-Ermənistan sərhədinə, Zəngəzura yerləşdirmək niyyətindədir. Bunun üçün də təxribatlar edərək İrəvanın irəli sürdüyü təklifi aktuallaşdırır. Vaşinqtonun İrəvanla hərbi əməkdaşlığı gücləndirməsi, Ermənistan xüsusi təyinatlıları üçün müxtəlif sursatlardan istifadə üzrə təlimlər keçirməsi Cənubi Qafqazla bağlı planlarından irəli gəlir. Rusiyanın Ermənistandan çıxarılmasından sonra onun yerini kimin tutacağı da əsas müzakirə mövzularından idi. Bu məsələdə Qərb kollektiv qərarlardan çıxış etmir. Fransa və ABŞ-ın, hətta İranın tamamilə fərqli maraqları var”.
Safura Bənnayeva
Globalinfo.az