“Ermənistanın kommunikasiya proqramından kənarda qalmaması həyati əhəmiyyət kəsb edir. Son 3 onillikdə əldən verilmiş imkanlardan sonra bu proqramdan kənarda qalmamaq üçün unikal şansdır”.
Globalinfo.az xəbər verir ki, bunu regional məsələlər üzrə ekspert Armen Poqosyan deyib.
“İndiyədək ciddi beynəlxalq layihədə iştirak etdiyimizi xatırlamıram. On ildən artıqdır ki, şimal-cənub hissəsini tikə bilmirik. Bu, dünya reallıqlarına uyğun hərəkət etməyən dövlət olduğumuzu göstərir. Biz bu yolun bir hissəsi olmaq üçün hər şeyi etməliyik. Çünki o, həm də təhlükəsizliyi təmin edəcək. Təsəvvür edin, əgər o, Şərqlə-Qərb arasında əsas yola çevrilsə, bu həm də ciddi təhlükəsizlik faktoru demək olacaq. Türkiyə və Azərbaycan da bütün bunları başa düşür. Hesab edirəm ki, hazırda Azərbaycan və Türkiyənin gündəmində bu dəhlizi (Zəngəzur dəhlizi – red) hərbi yolla əldə etmək variantı yoxdur. Onlar diplomatik variantlardan, eyni zamanda digər ölkələrin imkanlarından istifadə etməyə çalışırlar. Müharibə olmayacaq, Azərbaycan müharibə edərək dəhliz almayacaq. Psixoloji təzyiq göstərməyə çalışırlar, deyirlər ki, prosesi sürətləndirin, həyati vacib yol açaq. Amma düşünürəm ki, bunun üçün Ermənistana 3-4, Azərbaycana isə 2 il vaxt lazımdır”, – Poqosyan vurğulayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az