Monqolustanda kütləvi aksiyalar artıq bir neçə gündür ki, davam edir. Aksiyalar Çinə göndəriləcək 13 milyard dollarlıq kömürün oğurlanmasına görə başlayıb. Hakimiyyət orqanları bu işin araşdırılmasına kömək göstərməsi üçün Çinə müraciət edib.
Məlumata görə, kömür oğurluğunu araşdırmaq üçün işçi qrupu yaradılıb, 8 nəfər həbs olunub. Onların arasında Monqolustanın kömür çıxarılması və ixracı ilə məşğul olan dövlət şirkətinin keçmiş rəhbəri də var.
Mövzunu Globalinfo.az-a şərh edən “PolitRus” informasiya-analitik portalının rəhbəri, rusiyalı politoloq Vitaliy Arkov bildirib ki, Monqolustanın dövlət idarəçiliyi sistemində Qərb demokratik dəyərləri ilə Şərq patriarxal ənənələri vəhdət təşkil edir:
“Monqolustanda prezident və parlament seçkiləri formal xarakter daşıyır. Bu seçkilər ölkənin ən nüfuzlu tayfalarının pərdəarxası razılaşmaları və mübarizəsi nəticəsində legitimləşir. Eyni zamanda, Monqolustanda hakimiyyət korrupsionerləşib və bütövlükdə kriminallaşıb, kadr siyasəti isə əsasən qohumbazlıq üzərində qurulub.
Bununla yanaşı, Monqolustanda təsir gücünə görə üç əsas oyunçu var: Rusiya, Çin və ABŞ. Çin ilə ABŞ paytaxt Ulan-Batorda öz qaydalarını tətbiq etməyə çalışsalar da, bu, uğursuz və qısamüddətli oldu. Bu gün rəsmi Ulan-Bator daha çox Pekinə meyllənmiş siyasət yürüdür, lakin Moskva da burada təsir gücünü saxlamaqda davam edir”.
V.Arkov qeyd edib ki, Monqolustan regionda müxtəlif filizlər, qiymətli metallar, karbohidrogen və kömür ehtiyatlarına malikdir. Onun sözlərinə görə, kömür ixracı həm Monqolustanın dövlət büdcəsinin, həm də bu sahədə iş quranların əsas gəlir mənbələrindən birini təşkil edir.
Politoloq əlavə edib ki, burada kömür biznesi ilə kök salmış korrupsioner məmurlarla bağlı sərt tədbirlər görülməlidir:
“Monqolustanda siyasi maraqları olan dairələr əhalinin həyat səviyyəsinin aşağı olmasından istifadə edirlər. Hökumət əleyhinə mitinqlərdə, etirazlarda və talanlarda iştirak etmək üçün tələbələr və gənclər cəlb edilir. ABŞ-nin kömür iğtişaşlarından siyasi qeyri-sabitliyi qızışdırmaq üçün istifadə edəcəyi və Monqolustanı Çin və Rusiyanın orbitindən çıxarmaq üçün növbəti rəngli inqilab təşkil etməyə çalışacağı göz qabağındadır.
Ancaq bu, yalnız Çin və Rusiya Monqolustandakı inqilabi vəziyyətə müdaxilə etməsə mümkün ola bilər. Pekin və Moskva bunu nəzərə alır, Monqolustanın Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) yalnız müşahidəçi statusuna malik olmasına baxmayaraq, ona bütün lazımi yardımı, o cümlədən hərbi yardımı göstərəcəklər”.
Qeyd edək ki, Monqolustanın ixracatının 86 faizi Çinin payına düşür və onun da yarıdan çoxu kömürdür. 2021-ci ildə Ulan-Bator Çinə 16 milyon ton, bu il isə 19 milyon tondan çox kömür ixrac edib. Monqolustanın 2022-ci ilin ilk doqquz ayında ixrac etdiyi kömürün ümumi dəyəri 4,5 milyard dollara çatıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə təxminən üç dəfə çoxdur.
Gülnar Səlimova
Globalinfo.az