
ABŞ baş prokurorunun keçmiş köməkçisi Brüs Fayndan maraqlı təklif irəli sürüb. O, ABŞ-nin NATO-dan çıxmalı olduğunu deyib. “ABŞ birtərəfli qaydada NATO-dan çıxsa, Ukraynada döyüşlər dayanacaq”, – B.Fayn deyib.
Maraqlıdır, ABŞ-nin NATO-dan çıxması nə dərəcədə mümkündür? Doğrudanmı, ABŞ NATO-dan çıxa bilər və bu baş versə müharibə dayanar? Bəs bu zaman Ukraynanın taleyi necə olacaq?
Mövzu ilə bağlı Globalinfo.az-a açıqlama verən politoloq Samir Hümbətov deyib ki, Brüs Faynın təklifi absurddur və reallığı əks etdirmir:
“Görünür, təklif xatirinə verilib. Ümumiyyətlə ABŞ-nin NATO-nu tərk edəcəyini düşünmürəm. Belə ki, rəsmi Vaşinqton son illərdə alyansa yeni üzvlər qəbul edilməsində daha çox maraqlıdır. Yəni bu reallıq çərçivəsində ABŞ-nin alyansı tərk etməsinin heç bir əsası yoxdur.
Vaşinqton NATO-nu tərk etsə belə bu, Rusiya-Ukrayna müharibəsini dayandırmayacaq. Məsələ ondadır ki, bu gün Ukraynaya ABŞ-dən çox, Böyük Britaniya Polşaya və bir sıra digər Avropa ölkələri dəstək verir. Ukraynaya verilən dəstəyin əsas səbəbi isə Rusiyanın digər Avropa ölkələrinə yaratdığı təhlükədir. Rusiyanın qarşısı Ukraynada kəsilməsə idi digər Avropa ölkələri də potensial təhlükə qarşısında qalacaqdı”.
S.Hümbtovun sözlərinə görə, ABŞ bu gün Avrasiya məkanında gücünü artırır:
“Rəsmi Vaşinqton, Hindistan, Yaponiya, hətta Avstraliya ilə münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə qədər artırıb. Bu ölkələr NATO üzvü olmasa da ən az NATO ölkələri qədər ABŞ-yə yaxındır. Vaşinqton bu reallıqlar çərçivəsində nüfuzunu zədələyəcək heç bir addım atmaz. NATO-nu tərk etmək də buna daxildir”.
Turan Rzayev














