“Səfərbərlik haqqında qanunun yenilənməsi Ukraynanın mülki əhalisi arasında narazılıq və təşviş yaradıb”.
Globalinfo.az xəbər verir ki, bu barədə “The Spectator” nəşri məqalə dərc edib.
Məqalədə Ukrayna Silahlı Qüvvələrinin tələyə düşdüyü, əsgərlərin döyüşdən yorulduğu qeyd edilir. Onları əvəz edəcək könüllülərin olmadığı bildirilir. Nəşr yazır ki, Ukrayna hökumətinin həyata keçirdiyi tədbirlər bütün bu problemlərin həllinə kömək etməyəcək:
“İkinci Dünya Müharibəsi zamanı döyüşən əsgərin orta yaşı 26 idi. Ukrayna əsgərinin orta yaşı isə 43-dür. Hazırda Ukraynada hərbi əməliyyatlar əsasən yaşlı insanlar tərəfindən həyata keçirilir. Lakin irəliləyən rus qoşunlarına müqavimət göstərmək onlar üçün çox çətindir. Müharibənin uzun zaman davam etməsi Ukrayna ordusunu artıq tükədib. Bu məsələ təkcə Ukraynanı deyil, həm də onun iki əsas liderini, Prezident Vladimir Zelenskini və Silahlı Qüvvələrin Ali Baş Komandanı Valeri Zalujnını də parçalayıb”.
“The Spectator”un məqaləsi belə davam edir:
“Zelenskinin sözlərinə görə, Ukraynada min kilometrlik cəbhə xəttini 880 min hərbçi qoruyur. Onların əksəriyyəti silahlı münaqişə başlayandan bəri döyüş əməliyyatlarında iştirak edirlər və dincəlməyiblər. General Zalujnı isə Rusiyanın hücumunun dəf edilməsində və əvvəllər itirilmiş ərazilərin böyük hissəsinin geri qaytarılmasında əsas rol oynayıb. İndi o, yarım milyona qədər insanı Ukrayna Silahlı Qüvvələrinin sıralarına cəlb etmək istəyir. Məqsəd isə ehtiyatları artırmaqla döyüşdən yorulan, ölən və yaralanan əsgərləri əvəzləməkdir. Rusiya isə 400 min nəfəri hərbi xidmətə çağırmağı planlaşdırır və Ukrayna bunun qarşısında tab gətirməyi bacarmalıdır. Bununla belə, Zelenski nəinki Zalujnının təklifini rədd edir, həm də onu vəzifədən uzaqlaşdırmaq niyyətindədir. Zelenski bildirir ki, bir əsgərin bütün təminatı üçün altı mülki vətəndaşın vergisini cəmləmək lazımdır. Bu səbəbdən də, Ukrayna lideri xaricdə yaşayan altı milyon ukraynalı qaçqını ölkəyə qayıtmağa və cəbhədə döyüşən əsgərləri təmin etmək üçün vergi ödəməyə çağırıb. Zelenskinin bəyanatlarının və hərəkətlərinin məntiqi aydın və ağlabatandır. Çünki Qərbin dəstəyi zəifləyir və kütləvi səfərbərliyin gecikməsi döyüşən qoşunların üzərinə daha böyük yük qoyur”.
Nəşrin yazdığına görə, Ukraynada hərbi xidmətə çağırış haqqında 72 səhifəlik qanun layihəsini qəbul edilsə də, cəmiyyətin mənfi reaksiyasına görə parlament bunu səsə qoymaqdan çəkinib:
“Ötən həftə deputatlara qanun layihəsinin minimal dəyişikliklərlə yeni variantı təqdim edilib. Görünür, çıxış yolu yoxdur və səsvermə bu ay keçirilməlidir. Yeni qanuna əsasən, hərbi xidmətə çağırışın minimum yaşı 27-dən 25-ə endiriləcək. Çağırış vərəqələri internet vasitəsilə göndəriləcək və ya şəxsən təqdim olunacaq. Bütün çağırışçılar 2-3 ay müddətində döyüş hazırlığı, 18-24 yaş arası şəxslər isə 5 aylıq hərbi təlim keçəcəklər. Minimum müavinət ayda 20 min qrivna təşkil edəcək. Amma bu rəqəm əsgərin harada və hansı vəzifədə xidmət etməsindən asılı olaraq 120 min qrivnaya qədər arta bilər. Kütləvi səfərbərlik mövzusu çox sürətlə bütün dövlət orqanlarına inamın azalmasına səbəb olub. Heç kim layihənin təşəbbüskarı və dəstəkçisi olmaq istəmir. Buna görə də Kiyevdə günahkar tapmaq oyunu başlayıb. Odur ki, cəmiyyətin mənfi reaksiyası ilə generalların məşğul olması tapşırılıb. General Zalujnı ömrünün sonunadək milli qəhrəman sayılacaq. Lakin prezidentə münasibət özündən sonra Ukraynadan nələrin qalacağı ilə müəyyənləşəcək”.
Əliyar Xəlil
Globalinfo.az