abs azerbaycan

“ABŞ Dövlət Departamentinin Beynəlxalq Dini Azadlıq Komissiyasının (USCIRF) Dini etiqad azadlığına dair hazırladığı hesabatda Azərbaycan hədəfə alınıb və dini azadlıqların ciddi pozuntusuna yol verən ölkələrin xüsusi siyahısına salıb. Belə ki, sənəddə 30 il Azərbaycan torpaqlarını işğal altında saxlayan, dini obyektləri yerlə yeksan edən Ermənistan kənarda saxlanılıb, hər zaman tolerant, multikultural mövqedə olan Azərbaycana qarşı qərəzli mövqe göstərilib”.

Bu sözləri Globalinfo.az-a “Magen David Azərbaycan” İnsan Hüquqları Mərkəzinin direktoru və Ümum İsrail Dağ Yəhudiləri Assosiasiyasının Azərbaycan nümayəndəliyinin sədri David Seliverstov ABŞ Dövlət Departamentinin Azərbaycanda guya dini etiqad azadlığına etinasız münasibətin hökm sürdüyü iddiası haqda danışarkən qeyd edib.

D.Seliverstov deyib ki, qarşıdan gələn Prezident seçkilərində erməni lobbisinin dəstəyini qazanmaq üçün dəridən-qabıqdan çıxan ABŞ birtərəfli qaydada Ermənistanın yanında durur, qərəzli, ikili standartlara əsaslanan bəyanatla çıxış edir:

“Azərbaycana qarşı qərəz üzərində qurulan bu hesabatda faktlar təhrif edilib və ortaya həqiqətə uyğun olmayan dezinformasiya xarakterli sənəd çıxarılıb. Təqdim edilən hallar Azərbaycanda dini etiqad azadlığı ilə bağlı obyektiv yanaşmanı, durumu əks etdirmir, hətta bəzi məqamların araşdırılmadığı, müstəqil olmayan və ənənəvi olaraq Azərbaycan əleyhinə məlumatlar yayan mənbələrdən istifadə edildiyi, bəzən isə hadisələrə məqsədli şəkildə yanlış izahatlar verilməsi diqqəti cəlb edir. Bu isə hesabatın qeyri-obyektiv olduğuna işarədir”.

Müsahibimiz Azərbaycanın postsovet məkanında separatizmə son qoyan ilk dövlət olduğunu xatırladıb:

“Sözsüz ki, Azərbaycan əleyhinə kampaniyalarda erməni lobbisi aktiv iştirak edir. Hesabatı açıqlayan dövlət katibi Entoni Blinken “hökumətlər dini azlıqların icmalarına və ziyarətgahlarına hücumlara, fikirlərin dinc şəkildə ifadəsinə görə həbslərə, transmilli repressiyalara və dini icmalara qarşı zorakılıq çağırışlarına son qoymalıdırlar” deyib. Bununla yanaşı, hesabatda deyilir ki, guya son üç ildə Azərbaycan hökuməti din haqqında qanuna iki dəfə düzəliş edərək, müxtəlif növ dini fəaliyyətlərə yeni məhdudiyyətlər gətirib. Məruzədə həmçinin “Dağlıq Qarabağ”dakı dini obyektlərlə bağlı narahatlıq ifadə olunub. Maraqlıdır ki, 30 il ərzində erməni vandalları tərəfindən Azərbaycanın əbədi, əzəli torpaqları işğal altında qalarkən Qarabağda bütün məscidlərimiz, Alban kilsələrimiz, xristian məbədlər barbarcasına dağıdıldı, içərisində donuz, inək saxlanıldı. Bütün bunlara isə ABŞ heç vaxt reaksiya vermədi. Hazırda Qarabağda bu abidələrin hamısı Azərbaycan tərəfindən qorunur. Həmçinin Azərbaycanda qanunvericilik bazası təkmilləşdirilib və dini icmaların fəaliyyətinə dəstək verilir”.

david 1

David Seliverstov

D.Seliverstov vurğulayıb ki, hər il ölkədəki dini konfessiyalara maliyyə yardımı ayrılır və bu, bütün dini icmalara, o cümlədən 37 qeyri-müsəlman icmaya şamil edilir:

“Lakin hesabatda bu qeyd olunmayıb. Müntəzəm olaraq Azərbaycanda tarixi-mədəniyyət abidələri bərpa olunur, yeni ibadət ocaqları inşa edilir, multikulturalizm və tolerantlıq ənənələri inkişaf etdirilir. Biz Azərbaycanda uzun illər yaşamış digər dini və etnik qrupun üzvü, yəhudi olaraq ABŞ-ın rəsmi Bakıya qarşı qərəzli mövqeyini rədd edirik. Bir daha Azərbaycanın dini azadlığından qidalanan nümayəndə olaraq bildirirəm ki, tarixən müxtəlif dinlərin və mədəniyyətlərin qovuşduğu məkana çevrilmiş Azərbaycan bu gün də eyni funksiyaları uğurla yerinə yetirməkdədir.

Hazırda ölkə əhalisinin tərkibi həm etnik, həm dini, həm də konfessional baxımdan zəngindir. Amma xoşbəxtlikdən, müxtəlif dinlərin və dini-fəlsəfi cərəyanların geniş yayıldığı Azərbaycanda bütün tarixi dövrlərdə etnik və dini icmalar arasında möhkəm tolerantlıq əlaqələri formalaşıb, milli, irqi və dini zəmində ayrı-seçkilik hallarına rast gəlinmir, azad, sərbəst yaşamağımız əsrlər əvvəl olduğu kimi, bu gün də davam edir”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: