Ötən gün Rusiyanın Ukraynaya atdığı qanadlı raket Polşa ərazisinə düşüb. Hadisə nəticəsində Przevodovda (Ukrayna ilə sərhəddən 10 kilometr aralıda) taxıl qurutma zavodunda partlayış baş verib. Yanğınsöndürmə idarəsi iki nəfərin öldüyünü bildirib. Polşa Prezidenti Andjey Duda və NATO Baş katibi Yens Stoltenberq arasında telefon danışığı baş tutub. Rusiya isə raket zərbəsinin endirilməsində Ukrayna hərbçilərinin əli ola biləcəyini deyib.
Maraqlıdır, Rusiya-Ukrayna müharibəsi fonunda Polşa ərazisinə düşən qanadlı raketlər NATO-Rusiya qarşıdurmasına səbəb ola bilərmi?
Mövzu ilə bağlı Globalinfo.az-a açıqlama verən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, Rusiya raketlərinin bir neçəsinin Polşa ərazisinə düşməsi və nəticədə iki nəfərin həlak olması Ukraynaya qarşı işğalçı müharibənin miqyasını artırır:
“Təsadüfi deyil ki, hadisədən dərhal sonra Polşa prezidenti Təhlükəsizlik Şurasının iclasını çağırıb. Polşa Prezidenti Andjey Duda və NATO Baş katibi Yens Stoltenberq arasında telefon danışığı da baş tutub. Ehtimal etmək olar ki, Polşa NATO ölkəsi olaraq təşkilatın müdafiə bəndinin işə düşməsini istəyib.
Hesab edirəm, Rusiya qəsdən Polşa ərazisini raket atəşinə tutub. Aydın məsələdir ki, Kreml bununla NATO-nun nəbzini yoxlamaq istəyir. Kreml məğlubiyyətini başa düşür, buna görə də daxili auditoriyanı manipulyasiya etmək üçün Ukrayna ilə deyil, NATO ilə savaşdığını iddia edir. Bu mənada bir gün Rusiya raketlərinin NATO-ya üzv ölkələrə düşəcəyi gözlənilən idi.
NATO dərhal cavab addımı atmalıdır. Təşkilat zəiflik nümayiş etdirsə, Rusiya raketləri yenidən Polşaya düşəcək”.
Politoloq Qabil Hüseynlinin sözlərinə görə isə Rusiya istehsalı raketlərin NATO üzvü olan Polşa ərazisinə düşməsini Üçüncü Dünya müharibəsini başladacaq ən ciddi addım hesab etmək olar:
“NATO Rusiya-Ukrayna müharibəsinə birbaşa müdaxilə etməsə də, açıq dəstəyini nümayiş etdirir. Rəsmi Kiyevə NATO ölkələri ayrı-ayrılıqda silah və maliyyə yardımı edir. Lakin bu hələ müharibənin NATO ilə Rusiya arasında getdiyini deməyə əsas vermir.
Rusiya raketlərinin indiki məqamda Polşa ərazisinə düşməsi isə faktiki olaraq Kremlin NATO-nu hədələməsi deməkdir. Düzdür, Rusiya hazırda NATO ilə birbaşa müharibə edəcək iqtidarda deyil, lakin Kreml özünün zəif olmadığını göstərmək üçün təşkilatın gözünü qorxutmağa çalışır.
NATO Rusiyaya mütləq cavab verməlidir. Əks təqdirdə Rusiyanın növbəti raketləri Baltik ölkələrinə düşəcək”.
Turan Rzayev
Globalinfo.az