Gürcüstan parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze 3+3 formatının ölkəsi üçün qəbuledilməz olduğunu bildirib. O deyib ki, Rusiya Gürcüstan torpaqlarından çıxıb ərazi bütövlüyünü tanımayana kimi Tbilisi bu kimi formatlarda iştirak etməyəcək.
Lakin Gürcüstanın Bakı və İrəvan arasında sülh müqaviləsinin Tbilisidə imzalanmasını istədiyini, beləliklə regionda liderliyi ələ almağı hədəfədiyini söyləyib.
Bütün bunların fonunda 3+3 formatının müsbət nəticə verməsi nə dərəcədə gözləniləndir? Sülh müqaviləsinin Gürcüstanda imzalanması mövcud şəraitdə real görünürmü?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Azad Məsiyev sözügedən formatın əsas mahiyyətinə aydınlıq gətirib:
“3+3 ideyası Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması üçün meydana gəlməyib. Bu format regionun inkişafı və təhlükəsizliyi üçün gündəmə gətirilib. Üç Qafqaz respublikası və ona qonşu olan üç ölkə bir araya gələrək həm iqtisadi, həm də siyasi maraqlarını uzlaşdıra bilərsə, regionda stabillik yaranar. Azərbaycan və Ermənistan arasındakı sülh prosesi beynəlxalq müstəvidə dalana dirəndiyi üçün, bu, 3+3 formatında müzakirə predmeti ola bilər. Çünki Cənubi Qafqazda stabilliyin yaranmasında Türkiyə, İran və Rusiya da maraqlıdırlar”.
Politoloq 3+3 formatına Gürcüstanın birmənalı münasibətnin səbəbinə toxunub:
“Məlumdur ki, Gürcüstanın Rusiya ilə bağlı özünəməxsus problemi var. Bu baxımdan Tbilisi ilk başda bu məsələyə müsbət reaksiya vermirdi. Lakin buna baxmayaraq Gürcüstan istəsə də, istəməsə də, region dövlətləri ilə əməkdaşlıq etmək ona siyasi və iqtisadi baxımdan fayda verə bilər. O, Rusiya ilə əzəli və əbədi qonşudur. Bu baxımdan münasibətləri yaxşılaşdırmaq üçün bir auditoriya lazımdır. Hesab edirəm ki, Tbilisi Moskva ilə problemlərini də 3+3 formatında həll edə bilər”.
A.Məsiyev 3+3 formatının İrəvan tərəfindən pozula biləcəyini deyib:
“Başda ABŞ olmaqla, Qərb koalisiyası Cənubi Qafqaza daxil olmaq istəyir. Əgər sözügedən format həyata keçirilsə, bu qüvvələrin regiona girmə ehtimalı azala bilər. O baxımdan Qərb həm Ermənistan, həm də Gürcüstan üzərindən bu formatın pozulmasında maraqlıdır. Gürcüstanın iştirak edib-etməməsindən asılı olmayaraq 3+3 formatı həyata keçiriləcək. Burada cığallıq edən bir dövlət Ermənistandır. Baş nazir Nikol Paşinyan müstəqil deyil. O, birbaşa Qərb və ABŞ-dan asılı vəziyyətdədir. Paşinyan özünü erməni xalqının rəhbəri kimi deyil, ABŞ səfiri kimi aparır. Onun hazırkı siyasi kursu xalqın deyil, Qərbin maraqlarına xidmət edir. Bu baxımdan formatın İrəvan tərəfindən pozulması ehtimalı da var. Amma buna baxmayaraq Ermənistan nə qədər Qərbə yönümlü siyasət yürütsə də, onun qonşu respublikalardan iqtisadi asılılığı var. Paşinyan iqtisadi münasibətlərini xarici siyasəti ilə balanslaşdırmalıdır”.
Politoloq bildirib ki, İrəvan regional formatda pozuculuqla məşğul olarsa, qonşu dövlətlərin təzyiqinə məruz qala bilər:
“Sülh sazişinin imzalanmasında bizim üçün məkan problemi yoxdur. Lakin belə bir reallıq var ki, beynəlxalq aləmdə Azərbaycanla Ermənistan arasında sülh sazişi dalana dirənib. Burada Vaşinqton və Moskva arasında bir savaş var. Böyük güclərin maraqları toqquşduğu üçün bu sülh prosesində real nəticə əldə etmək baxımından problem yaranır. Buna görə də, prosesi beynəlxalq müstəvidən, regional müstəviyə endirməliyik. Regionda sabitlik istəyən dövlətlər bu işdə vasitəçi ola bilərlər. Ermənistan 3+3 formatına daxil olan ölkələrin şərtlərini yerinə yetirməsə, təzyiqlərə məruz qala bilər. Region dövlətlərinin Ermənistana təsir etmək imkanları daha çoxdur, nəinki Qərbin. Əgər İrəvan bu formatda cığallıq edərsə, Gürcüstan formatı dövriyyəyə girə bilər”.
“Paşinyan sülh sazişi ilə bağlı təməl üç prinsipin razılaşdırıldığını bildirir və Alma-Ata bəyannaməsini əsas gətirir. Əgər belə idisə, bu bəyannamə 30 il gündəmdə deyildi ki? Lakin İrəvan bunu indi bəyan edir. Çünki Ermənistan küncə sıxışıb. Müxtəlif bəhanələrlə verdiyi sözləri yerinə yetirmir”, – politoloq bildirib.
Ayşən Mustafa
Globalinfo.az