“İranın xarici işlər naziri Husein Abdullahian Azərbaycana səfərə gəlib. Qoşulmama Hərəkatının toplantısında iştirak etmək üçün Bakıya gələn Abdullahian təkcə təşkilatın toplantısında deyil, iki ölkə arasında münasibətlərin normallaşması üçün danışıqlar aparıb”.
Globalinfo.az xəbər verir ki, bu sözləri politoloq Məhəmməd Əsədullazadə deyib.
O bildirib ki, İran Tehranda Azərbaycan səfirliyinin işinin bərpasına və münasibətlərin normallaşmasına çalışsa da, üzərinə düşən heçbir işi yerinə yetirmir:
“İran-Azərbaycan əlaqələrinin normallaşması üçün ilk növbədə Tehran rejimi Zəngəzur dəhlizi ilə bağlı mövqeyindən geri çəkilməli, səfirliyə olunan terror hücumu ilə bağlı baş verənləri obyektiv olaraq ortaya qoymalıdır. Təbii ki, səfirliyə hücumun arxasında Tehran rejimi özü durduğu üçün aydınlıq gətirməyəcək, Zəngəzur dəhlizi ilə bağlı da mövqeyindən geri çəkilmək niyyətində deyil. Ona görə də iki ölkə arasında münasibətlərin normallaşması gözlənilmir. Həmçinin İranın Azərbaycana qarşı hibrid və informasiya müharibəsi davam edir”.
Politoloqun sözlərinə görə, Bakıda danışıqlar prosesində müəyyən razılaşma əldə edilsə də, Tehran rejimi, xüsusilə SEPAH və mühafizəkar qrup Azərbaycanla bağlı mövqelərindən geri çəkilməyəcək.
Zaira Akifqızı
Globalinfo.az