“Ukrayna Prezidenti Ofisinin keçmiş müşaviri Aleksey Arestoviç əks-hücum əməliyyatlarının ləng davam etməsinə görə Qərbi, o cümlədən ABŞ-ı günahlandırıb”.
Globalinfo.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Kənan Novruzov deyib.
Onun sözlərinə görə, Arestoviç ukraynalıların amerikalılara çoxlu suallarının olduğunu deyib:
“İlk növbədə onu deyim ki, Arestoviç mübahisəli siyasi fiqurdur. O, müharibənin ən çətin mərhələsində istefa vermiş və bunu öz xoşluğu ilə etdiyini bildirmişdi. İstefa səbəbi isə dəqiq açıqlanmamışdı. Prezident Volodimir Zelenskinin sağ qolu hesab edilən adamın qəfil istefası, şübhəsiz ki, çoxlarını düşündürmüşdü. A.Arestoviç bir müddət siyasi səhnədə görünmədi. İndi isə nadir hallarda müsahibələr verir. Bir məsələ dəqiqdir ki, o, hazırda rəsmi Kiyevi təmsil etmir”.
K.Novruzov deyib ki, Prezident Ofisinin keçmiş nümayəndəsinin açıqlamasında xeyli maraqlı məqamlar var:
“Doğrudur, Zelenski də əks-hücum əməliyyatlarının sürətindən narazılığını bildirib. Amma o, buna səbəb kimi hava şəraitini, Ukraynanın şəxsi heyət arasında itkinin minimum olmasına çalışdığını göstərib. Ölkə rəhbəri deyib ki, hər metr üçün qan tökülür. A.Arestoviç isə birbaşa Qərbi ittiham edib. Beləliklə, adam ya bilməyərəkdən siyasi səhv edib, ya da məqsədyönlü şəkildə nəyəsə çalışır. Çünki o, əks-hücum əməliyyatlarının Qərbdən asılı olduğunu açıq şəkildə etiraf edib.
Düzdür, Ukrayna rəsmiləri Qərbin onu dəstəklədiklərini etiraf edir və hətta zaman- zaman silah da istəyirlər. Bu köməyi heç ABŞ və müttəfiqləri də gizlətmir. Amma məsələ ondan ibarətdir ki, rəsmi Kiyevin mövqeyinə görə bütün qərarları Ukrayna hərbi- siyasi rəhbərliyi verir. Elə isə nədən Arestoviç “əks-hücum niyə belə düzgün olmayan şəkildə hazırlanıb?” sualını verir? Məgər əks-hücum əməliyyatlarını Qərb idarə edir? Hətta belədirsə də, axı bunu demək olmaz. Prezident Ofisinin keçmiş nümayəndəsi həm də hərbi ekspertdir. Əminəm ki, o, bu cür məqamların hərbi sirr olduğunu yaxşı bilir”.
Ekspertin sözlərinə görə, Rusiya Arestoviçin bu açıqlamasını geniş tirajlayacaq və öz maraqları naminə istifadə edəcək:
“Etiraf etmək lazımdır ki, Kiyevin addımlarının Vaşinqtondan idarə olunmasını göstərmək üçün Moskvanın əlinə yaxşı fürsət düşdü.
Həmçinin ABŞ və Ukrayna rəsmiləri də A. Arestoviçin bu fikirlərinə münasibət bildirəcəklər. Onun əslində nə demək istədiyini və niyə belə danışdığını isə gələcək hadisələr göstərəcək”.
Zaira Akifqızı
Globalinfo.az