Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu deyib ki, Ukrayna Silahlı Qüvvələri Krıma HİMARS və “Storm Shado” raketləri ilə zərbə endirməyi planlaşdırır.
O bildirib ki, bu, ABŞ və Böyük Britaniyanın münaqişəyə tam cəlb olunması anlamına gələcək: “Xüsusi əməliyyat zonasından kənarda “HİMARS” və “Storm Shado” raketlərinin istifadəsi Ukraynadakı qərar qəbuletmə mərkəzlərinə dərhal zərbələr endirilməsi ilə nəticələnəcək.
Globalinfo.az xəbər verir ki, mövzunu şərh edən politoloq Kənan Novruzovun sözlərinə görə, Ukraynanın davam edən əks-hücum əməliyyatlarının əsas istiqamətlərindən biri də məhz Krım yarımadası ilə bağlıdır:
“Krım üzərində Ukraynanın kəşfiyyat uçuşları bunu deməyə əsas verir. Ukrayna rəsmiləri, o cümlədən Prezident Volodimir Zelenski dəfələrlə bildirib ki, müharibə bütün Ukrayna ərazisinin, eyni zamanda Krımın işğaldan azad olunması ilə başa çatmalıdır. Bu, rəsmi Kiyevin qətiyyətini göstərməklə yanaşı, müharibənin uzun müddət davam edəcəyinə işarədir”.
K.Novruzov vurğulayıb ki, Ukraynanın əks-hücum əməliyyatları çərçivəsində Krıma zərbələrini intensivləşdirəcəyi gözləniləndir:
“Bu, strateji əhəmiyyətli məsələdir. Çünki Krımda başlayacaq müntəzəm əməliyyatlarla Ukrayna bəzi nəticələrə nail ola bilər. Birincisi, Rusiyanın diqqəti Ukraynadakı müharibədən yayınacaq ki, bu da Ukrayna ordusunun uğurlu əks-hücum əməliyyatlarına kömək edəcək. İkincisi, Krımın azad olunması istiqamətində addımlar atılacaq. Üçüncüsü, Rusiya daxilindəki gərginlik artacaq. Dördüncüsü, Ukrayna bu yolla Qərbdən daha çox dəstək ala bilər”.
Politoloqun sözlərinə görə, Rusiya müdafiə naziri “qərar qəbuletmə” mərkəzləri deyəndə, sözsüz ki, Ukraynanın ali hərbi rəhbərliyinin qərargahlarını, hətta ola bilsin Zelenskinin yerləşdiyi yeri nəzərdə tutur:
“Bu da Ukraynanı çəkindirmək üçündür. Amma Şoyqunun bu təhdidlərinin Ukraynanı və Qərbi qorxuda biləcəyini düşünmürəm. Ehtimal edirəm ki, xüsusilə F-16 qırıcı təyyarələrinin Ukraynaya tədarükündən sonra Krım uğrunda əməliyyatlar güclənəcək. Bu isə müharibənin daha şiddətlənməsinə və nüvə silahının tətbiqinə səbəb ola bilər”.
Zaira Akifqızı
Globalinfo.az