WhatsApp Image 2026 11 12 at 11.45.56 2

Məlum olduğu kimi, İranın vitse-prezidenti Seyid Həmid Purməhəmmədi noyabrın 8-10-da Ermənistanda səfərdə olub. Səfər zamanı o, Ermənistanın paytaxtı İrəvanda yerləşən tarixi Göy məscidin mərasim zalına erməni şairi Yeqişe Çarentsin adının verilməsi münasibətilə təşkil olunan mərasimdə iştirak edib. Həmçinin şairin adının əks olunduğu xatirə lövhəsinin açılışına qatılıb. Növbəti mərhələdə isə həmin zalda şairin büstünün qoyulması planlaşdırılır.

İranın vitse-prezidentinin bu hərəkəti Tehranın növbəti siyasi riyakarlığıdır. Əslində, biz rəsmi Tehrandan belə addımlara artıq öyrəşmişik. Lakin indiki məqamda və dəyişən şərtləri nəzərə aldıqda atılan bu addımı daha ətraflı təhlil etmək lazımdır.

Yeqişe Çarentsin adı verilən yer Ermənistanda İranın tikdirdiyi məktəb, kitabxana və ya mədəniyyət mərkəzi deyil, məhz Göy məscidin mərasim zalıdır. Yəni söhbət bir məscidin mərasim zalına qeyri-müsəlman şairin adının verilməsindən, daha sonra isə onun adının əks olunduğu lövhənin həmin məkanda yerləşdirilməsindən gedir. Bunu hər hansı qeyri-müsəlman ölkə etsəydi, müəyyən mənada başa düşmək olardı. Lakin bu addımın İran tərəfindən atılması həmin ölkənin öz dini dəyərləri ilə kəskin ziddiyyət təşkil edir.

Məsələyə əksər islam məzhəblərinin, o cümlədən İran dövlətinin rəsmi məzhəbi olan Cəfəri-şiə fiqhinin prinsipləri əsasında yanaşdıqda bu ziddiyyətlər daha aydın görünür. Ümumiyyətlə məscidin qızılla bəzədilməsinə belə məhdudiyyətlər qoyulur. Canlı varlıqların təsvirləri, heykəllər və barelyeflərlə bağlı isə kəskin dini hökmlər mövcuddur. Eyni zamanda, məscidlərin insan və heyvan kimi canlı varlıqların təsvirləri ilə bəzədilməsi islamın ənənəvi dini-memarlıq praktikasına uyğun deyil.

WhatsApp Image 2026 11 12 at 11.48.48

(Ermənilər işğal dövründə Azərbaycan məscidlərində donuz, mal-qara saxlayırdılar)

Lakin nəzərə alsaq ki, İran Ermənistanın 30 ildən artıq Azərbaycanın torpaqlarının 20 faizini işğal altında saxlamasına göz yumdu, yaşı 100 ildən çox olan məscidlərin donuz və inək fermalarına çevrilməsinə səs çıxarmadı, bu addım da təəccüblü deyil. Yeri gəlmişkən, bu, yenə həmin İrandır ki, Məscidül-Əqsa ilə bağlı bar-bar bağırır, digər tərəfdən isə Göy məscidin erməni mədəniyyət məkanına çevrilməsinə şərait yaradır.

Qəribədir!

İndi isə həm Göy məscidin tarixinə, həm də mərasim zalına adı verilən erməni şairi Yeqişe Çarentsin şəxsiyyətinə nəzər yetirmək lazımdır.

Yeqişe Çarents 1897-ci ildə Qarsda anadan olub. 1919–1920-ci illərdə İrəvanda məskunlaşıb və sonradan Sovet Ermənistanının ədəbi-mədəni həyatında mühüm mövqeyə sahib olub.

Sovet hakimiyyəti illərində, xüsusilə 1920–1930-cu illərdə dini abidələrin fəaliyyəti məhdudlaşdırılır, bir sıra məscid və kilsələr bağlanır, bəziləri isə başqa məqsədlərlə istifadə olunurdu. Göy məscid də həmin dövrdə ibadət funksiyasını itirmiş, 1937-ci ildən etibarən İrəvan Tarix və Təbiət Muzeyi kimi fəaliyyət göstərməyə başlamışdı.

Maraqlıdır ki, Göy məscidin sovet dövründə dağıdılmaqdan qorunmasında Yeqişe Çarentsin də “xidmətləri” olub. O, bir sıra nüfuzlu erməni ziyalıları ilə birlikdə həmin dövrdə Göy məscidin dağıdılmasına qarşı çıxıb.

İlk baxışda bu, olduqca humanist bir davranış kimi səslənsə də, əslində, məsələnin daha maraqlı tərəfləri var. Məsələ ondadır ki, yuxarıda qeyd etdiyim kimi, həmin illərdə təkcə məscidlər deyil, kilsələr də bağlanır və dağıdılırdı. Erməni Apostol Kilsəsinin dini fəaliyyəti ciddi məhdudiyyətlərlə üzləşmiş, çoxsaylı kilsələr bağlanmışdı.

hhagi

Yeqişe Çarents

Y.Çarents ətrafına topladığı şəxslərlə yalnız kilsələrin bağlanmasına və dağıdılmasına qarşı etiraz etsəydi, bu təşəbbüs, təbii ki, əsasən ermənilərin dəstəyini qazanardı. Lakin ermənilər həmin dövrdə Kremldə isitdikləri nüfuza sahib deyildilər. Buna görə də daha genişmiqyaslı etiraz və təzyiq formalaşdırmaq üçün azərbaycanlıların dəstəyini qazanmağa çalışırdılar.

Həmin dövrdə Ermənistan SSR ərazisində 250 mindən çox azərbaycanlının yaşadığını (dəqiq rəqəm fərqli ola bilər), eyni zamanda İranda 20 milyondan çox, Azərbaycan SSR-də isə 5 milyona yaxın azərbaycanlının, Gürcüstanda və Dağıstanda da böyük azərbaycanlı icmalarının mövcud olduğunu nəzərə alsaq, bu, o qədər də məntiqsiz yanaşma deyildi. Başqa sözlə, erməni kilsələrinin qorunması uğrunda mübarizədə azərbaycanlıların dəstəyini qazanmaq üçün Göy məscidin qorunmasını ön plana çıxarmaq kifayət qədər düşünülmüş və hiyləgər addım idi.

Bu və ya başqa formada Göy məscid bu gün də Ermənistanda mövcuddur. Lakin uzun illərdir həmin məscid İran irsi kimi təqdim edilir. Halbuki Göy məscid Azərbaycanın tarixi-mədəni irsinin bir parçasıdır. Məscid XVIII əsrdə İrəvan xanlığı dövründə, İrəvan xanı Hüseynəli xanın hakimiyyəti zamanı inşa edilib.

İranın məqsədi nədir?

İranın məqsədini də yaxşıca anlamaq lazımdır. Hesab edirəm ki, Tehran bu addımla İrəvanla Bakı arasındakı münasibətlərə xələl gətirmək istəyir. Uzun müddətdir başı ABŞ və İsrailin hücumlarına qarşı mübarizəyə qarışan Tehran şimalda baş verən proseslərə müdaxilə edə bilmirdi. Halbuki Azərbaycan və Ermənistan arasında uğurlu danışıqlar prosesi gedir, delimitasiya və demarkasiya komissiyalarının görüşləri keçirilir, liderlərin müxtəlif beynəlxalq tədbirlərdə verdikləri mesajlar pozitiv xarakter daşıyır, sülhlə bağlı müsbət siqnallar verilirdi.

Necə deyərlər, dost sevinərkən düşməni qəhər bürüyürdü!

İran Göy məscidin ən azı Şuşadakı Gövhər ağa məscidi qədər azərbaycanlıları narahat edən həssas məsələ olduğunu yaxşı bilir. Necə ki, İran işğal dövründə Gövhər ağa məscidini özünün tarixi və dini irsi kimi təqdim etməyə çalışırdı.

İstisna deyil ki, Bakı bu məsələdə təmkinli davranacaq. Bu gün olmasa da, gələcək mərhələdə Ermənistanla bu məsələni ayrıca müzakirə edəcək. Şübhəsiz, bir gün gələcək və bu irsin Azərbaycanın tarixi irsi olduğu elə Nikol Paşinyan tərəfindən də dilə gətiriləcək. Necə ki, bu gün o, bir çox deyilməli olanı öz xalqına etiraf edir.

Bunu alçaltmaq, yaxud diktə etmək mənasında demirəm. Təcrübə göstərir ki, Azərbaycan Prezidenti nəyi və nə zaman etməli olduğunu bilir və edir. Yaxın illərdə bu məsələnin də həll olunacağına inamım tamdır. İranın bu əməli  Ermənistandan qovulmuş 300 min azərbaycanlının heysiyyətinə toxunur. Necə ki biz işğaldan azad olunmuş ərazilərə qayıdıb öz məscidlərimizə, digər tarixi-dini abidələrimizə sahib çıxdıq, gün gələcək, Göy məscidə də sahib çıxacağıq…

turan rzayev 1 900x720 1 1

Turan Rzayev
Globalinfo.az-ın siyasi yazarı

Paylaş: