Çexiya enerji təchizatı mənbələrinin şaxələndirilməsi çərçivəsində Azərbaycandan təbii qaz tədarükündə maraqlıdır.
Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bunu Çexiyanın Baş naziri Andrey Babiş Avropa Siyasi Birliyinin sammiti başlamazdan əvvəl jurnalistlərə açıqlamasında bildirib.
“Azərbaycandan qaz ilə bağlı məsələyə maraq var, çünki biz müxtəlif ssenarilərə hazır olmalı və mümkün qədər çox qaz tədarükü mənbəyinə malik olmalıyıq”, – A.Babiş qeyd edib.
Onun sözlərinə görə, Çexiya məhdud sayda enerji resursları tədarükçülərindən asılı olmağı özünə rəva görə bilməz.
Baş nazir həmçinin Əlcəzairlə son təmasları xatırladıb. O bildirib ki, Çexiya bu ölkədən qaz tədarükünün həcmini artırmağa nail olub: “Mənbələr məhduddur, buna görə də biz yalnız az sayda tədarükçüdən asılı olmağı özümüzə rəva görə bilmərik”.
Onun sözlərinə görə, Çexiya nümayəndə heyətinin Azərbaycana səfəri zamanı onlar bəzi silah növlərinin tədarükü barədə razılığa gələ biliblər.
A.Babiş həmçinin Çexiyanın “Budějovický Budvar” dövlət pivə zavodunun Azərbaycanda biznesin inkişafı ilə bağlı layihəsini də xatırladıb.