Azərbaycan ərazilərinin işğalı dövründə Ermənistanın törətdiyi hərbi və insanlıq əleyhinə cinayətlər, xüsusilə Xocalı soyqırımı dünyanın ən ağır faciələrindən biri kimi tarixə düşüb. İşğal illərində baş verən hadisələr yalnız Azərbaycanın ərazi bütövlüyünün pozulması ilə məhdudlaşmayıb, ciddi humanitar nəticələrə də səbəb olub. Bu baxımdan, Ermənistanın törətdiyi cinayətlərin beynəlxalq hüquqi müstəvidə qiymətləndirilməsi mühüm əhəmiyyət daşıyır.
Globalinfo.az-a əslən Xocalıdan olan deputat Elman Məmmədov deyib ki, dünyada müəyyən hadisələrə münasibətdə ikili standart burada da özünü qabarıq göstərir:
“1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı bölmələri, dünyanın müxtəlif ölkələrində gələn erməni terrorçuları, eyni zamanda Rusiyaya məxsus 366-cı motoatıcı alayın canlı qüvvəsi və hərbi texnikasının iştirakı ilə Xocalı şəhərinə hücum oldu. Şəhər tamamilə dağıdıldı, yandırıldı, viran qoyuldu. Minlərlə sakin – körpələr, qadınlar, qocalar, xəstələr və əlillər qətlə yetirildi. 613 nəfər şəhid edildi. Onların arasında anam və digər yaxın qohumlarım da var. Azərbaycan xalqına qarşı görünməmiş soyqırımı törədildi”.
Deputat faciədən dərhal sonra Azərbaycana qarşı ədalətsizlik edildiyini vurğulayıb:
“Ancaq görün, o dövrdə bunun müqabilində Ermənistana hər hansı sanksiya təqib edildimi? Xeyr! Əksinə, Azərbaycana qarşı ABŞ tərəfindən ciddi cəza – 907-ci düzəliş tətbiq olundu. İndi baxın: soyqırımına məruz qalan Azərbaycan, cəzalanan da Azərbaycan.
Eyni zamanda, uzun illər ərzində Birləşmiş Millətlər Təşkilatı (BMT), Avropa İttifaqı, Avropa Şurası, insan hüquqları ilə məşğul olan digər qurumlar və dövlətlər Ermənistan tərəfinə qarşı bu məsələlərə görə ciddi tədbirlər görmədilər.
E.Məmmədov qeyd edib ki, BMT-nin 1993-cü ildə qəbul etdiyi dörd qətnamə 2020-ci və 2023-cü illərdə Azərbaycan dövləti, ordusu tərəfindən icra olundu:
“Biz heç vaxt düşünməməliyik ki, qalib gəldik, ərazi bütövlüyümüzü təmin etdik, suverenliyimizi tam bərpa etdik və ona görə də bütün bunların üstündən keçməliyik. Xeyr! Mütləq xalqımıza, dövlətimizə, insanlara qarşı törədilmiş cinayətlərin müqabilində cinayət törədənlərin cəzalandırılmasını tələb etməliyik.
Birinci Dünya müharibəsindən sonra keçirilən Nürnberq prosesi kimi, sonradan Balkanlarda baş verən hadisələrlə bağlı yaradılan məhkəmələr kimi, Ermənistan üçün də belə bir proses təşkil olunmalıdır”.
Elman Məmmədov hazırda ailəsi ilə Xocalıda yaşadığını vurğulayıb:
“1992-ci il fevralın 25-dən 26-na keçən gecə ailəmlə Xocalını tərk etmişdim. Dediyim kimi, anam, yaxın ailə üzvlərimiz şəhid oldular. Allah elə etdi ki, 2026-cı il fevralın 25-dən 26-na keçən gecə, Xocalı faciəsinin ildönümü gecəsində evimə qayıtdım və ailəmlə birlikdə evimdə qaldım. Fevral ayından Xocalıdayam. İşimlə, Milli Məclisin fəaliyyəti ilə bağlı Bakıya gedib-gəlirəm, amma yenə evimdəyəm. Xocalıda, evimdə, işimdə, camaatımızla birlikdə Qarabağdayıq. Allah Prezidentimizi, ordumuzu qorusun. Allah şəhidlərimizə rəhmət eləsin!”
Zaira Akifqızı
Globalinfo.az