Böyük Britaniyanın hazırladığı “DragonFire” lazer silah sistemi ilə bağlı yeni detallar açıqlanıb.
Globalinfo.az xəbər verir ki, Britaniya Müdafiə Nazirliyinin məlumatına görə, sistem üzərində aparılan sınaqlar zamanı 300-dən çox atəş həyata keçirilib.
“DragonFire” yüksək enerjili lazer şüası vasitəsilə pilotsuz uçuş aparatları və digər hava hədəflərinə qarşı istifadə üçün hazırlanıb. Rəsmi məlumatlarda sistemin təxminən 1 kilometr məsafədən qəpiyi dəqiqliklə vurmaq imkanına malik olduğu qeyd edilir.
İlk sistemlərin 2027-ci ildən etibarən Kral Donanmasının “Type 45” esmineslərində yerləşdirilməsi planlaşdırılır.
Ən diqqətçəkən məqamlardan biri isə silahın istifadə xərcləri ilə bağlıdır. Bildirilir ki, Rusiyanın bahalı raket və dronlarına qarşı bu sistemdən atəş açmağın qiyməti cəmi 10 funt sterlinqə (təxminən 23 manata) başa gəlir.
Britaniya tərəfi bildirir ki, “DragonFire” sistemi tezliklə Ukrayna ordusuna təhvil veriləcək. Ekspertlərin fikrincə, bu hərbi dəstək gerçəkləşəcəyi təqdirdə Rusiyanın bütün hava hücumu strategiyası çökəcək. Ekspertlərin qiymətləndirməsinə görə, bu hərbi dəstəyin reallaşması Ukraynanın hava hücumundan müdafiə imkanlarını əhəmiyyətli dərəcədə gücləndirə və Rusiyanın dronlar və digər hava vasitələrinə qarşı yeni mərhələnin başlanmasına səbəb ola bilər.
Sözügedən sistemin döyüş meydanında effektiv şəkildə tətbiqi halında Ukraynanın hava məkanının qorunmasında da ciddi üstünlük əldə edə biləcəyi, bunun isə müharibənin gedişinə təsir göstərəcəyi iddia olunur.
Əliyar Xəlil
Globalinfo.az