Qırğızıstanda Araşan ətlik-piylik cinsinə aid bir qoç 1 milyon dollara satılıb.
Globalinfo.az xəbər verir ki, həmin heyvan 2023-cü ildə Qazaxıstanda 150 min dollara alınmış Frankel ləqəbli qoçun nəslindəndir.
Qırğızıstan Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, sövdələşmə Rusiya, Qırğızıstan, Qazaxıstan, Özbəkistan və Tacikistandan olan fermerlərin iştirak etdiyi beynəlxalq festival çərçivəsində baş tutub.
Qeyd edək ki, Araşan cinsi 2021-ci ildə Qırğızıstanda rəsmi olaraq qeydiyyata alınıb. Cinsin yaradılması istiqamətində işlərə 1970-ci illərdən başlanılıb. Seleksiya zamanı Tacikistandan gətirilən Hissar qoçlarından və yerli qaba yunlu qoyunlardan istifadə olunub.
Araşan cinsindən olan qoyunlar zərif və şirəli əti, həmçinin quyruq piyinin çoxluğu ilə seçilir. Bu heyvanlar həm yüksək dağlıq ərazilərin, həm də düzənlik çöllərin iqlim və şəraitinə uyğunlaşdırılıb.
Qoyunlar dözümlülüyü ilə fərqlənir, uzun müddət otlaqlarda saxlanıla bildiyi kimi, tövlə şəraitində də bəslənə bilir.
Safura Bənnayeva
Globalinfo.az