NATO ilə Rusiya arasında mümkün müharibə ehtimalı yenidən gündəmə gəlib. Alyansın Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı Cüzeppe Kavo Draqone NATO-nun şərq cinahında yarana biləcək müxtəlif böhran ssenarilərinə qarşı 4 min səhifəlik plan hazırladığını açıqlayıb.
Bəs bu hazırlıq NATO-Rusiya qarşıdurması ehtimalının artdığını göstərirmi? Alyansın addımları hansı mesajı verir?
Globalinfo.az-a danışan siyasi şərhçi Anar İsayev deyib ki, 4 min səhifəlik planın hazırlanması müharibənin qaçılmaz olması demək deyil:
“NATO kimi 32 üzvlü hərbi alyans üçün müxtəlif böhran ssenarilərinə dair çoxhəcmli operativ planların hazırlanması normal hərbi planlaşdırmanın tərkib hissəsidir. Burada əsas məsələ planın hazırlanması yox, NATO-nun hansı ssenariləri artıq real hərbi risk kimi qəbul etməsidir. Əgər söhbət alyansın şərq cinahında müxtəlif böhranlara cavab planından gedirsə, bu, Baltikyanı ölkələr, Polşa, Finlandiya, Rumıniya və Qara dəniz istiqamətləri daxil olmaqla geniş coğrafiyanı əhatə edə bilər. Bununla belə, NATO-Rusiya qarşıdurmasının əvvəlki dövrlə müqayisədə daha real hərbi ssenariyə çevrildiyini demək mümkündür. Ukrayna müharibəsi NATO ilə Rusiya arasında birbaşa müharibə olmasa da, tərəfləri faktiki olaraq bir-birinə qarşı duran hərbi-siyasi bloklara çevirib. Əsas təhlükə isə bilərəkdən NATO-Rusiya müharibəsi başlatmaqdan çox, eskalasiyanın nəzarətdən çıxmasıdır. Məsələn NATO ölkəsinin hava məkanının pozulması, raket və ya pilotsuz uçuş aparatının NATO ərazisinə düşməsi, Baltik və ya Qara dənizdə hərbi insident,kritik infrastrukturun kiberhücuma məruz qalması, Rusiyanın NATO üzvü olan ölkəyə qarşı məhdud hərbi əməliyyata başlaması, NATO-nun Ukraynaya verdiyi dəstəyin Rusiya tərəfindən birbaşa hərbi hədəf kimi qəbul edilməsi kimi hadisələr eskalasiya zənciri yarada bilər. Lakin burada ən həssas məsələni – hərbi blokun 5-ci maddəsini diqqətdən kənarda saxlamaq olmaz”.
Anar İsayev
Anar İsayevin fikincə, NATO-nun əsas çəkindirici mexanizmi kollektiv müdafiə prinsipidir:
“Ona görə Moskva üçün əsas məsələ NATO-nun hərbi potensialından daha çox, alyansın siyasi birliyini sınağa çəkmək ola bilər. Əgər NATO ərazisinə hücum baş verərsə, alyans daxilində bunun necə qiymətləndiriləcəyi və hansı cavabın veriləcəyi kritik əhəmiyyət daşıyacaq. Burada bir paradoks da var. NATO nə qədər ciddi hazırlaşırsa, bir tərəfdən Rusiya üçün hücumun qiyməti artır, həmçinin qarşı tərəf bu hazırlığı təhdid kimi qəbul edib öz hərbi hazırlığını gücləndirə bilər. Beləliklə, təhlükəsizlik dilemması yaranır. Bu baxımdan, əsas müharibə ssenarisi hələ də “NATO Rusiyaya qarşı müharibəyə başlayır” deyil. Daha real təhlükə məhdud insidentin genişmiqyaslı qarşıdurmaya çevrilməsidir. 4 min səhifəlik planın siyasi mesajı da mühümdür: NATO demək istəyir ki, “müxtəlif ssenarilərə əvvəlcədən hazırıq və improvizasiya etməyəcəyik”.
Ekspert qeyd edib ki, bu, eyni zamanda çəkindirmə siyasətidir:
“Rusiya üçün də NATO ilə birbaşa müharibənin qiyməti son dərəcə yüksəkdir. Çünki söhbət Ukrayna ilə müharibədən fərqli olaraq, bir ölkə ilə qarşıdurmadan getmir. NATO-Rusiya müharibəsi ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Polşa, Baltik ölkələri, Finlandiya, Rumıniya və digər üzvlərin müxtəlif səviyyələrdə iştirakı ilə Avropa təhlükəsizlik sisteminin tamamilə dəyişməsi demək olardı. Üstəlik, ABŞ, Rusiya, Fransa və Böyük Britaniyanın nüvə arsenalına malik olması səbəbindən eskalasiya riski adi regional müharibədən prinsipial olaraq çox ciddi surətdə fərqlənir. Əsas təhlükə tərəflərin şüurlu şəkildə böyük müharibə qərarı verməsindən çox, hərbi insidentlərin və qarşılıqlı çəkindirmə siyasətinin idarəolunmaz eskalasiyaya çevrilməsidir”.
Safura Bənnayeva
Globalinfo.az