2010-cu il təvəllüdlü şəxs (kişi) sentyabrın 17-də saat 23:30 radələrində Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Globalinfo.az xəbər verir ki, TƏBİB-dən verilən məlumata görə, dəqiqləşdirilməmiş qapalı kəllə-beyin travması, alının sağ payında yumşaq toxuma şişkinliyi, komatoz vəziyyət diaqnozları təyin olunan şəxsə zəruri tibbi xidmətlər göstərilib: “Vəziyyəti ağır qiymətləndirilən şəxs Reanimasiya şöbəsinə yerləşdirilib. süni tənəffüs aparatına qoşulub. Aparılan reanimasiya tədbirlərinə baxmayaraq, 21.09.2026-cı il tarixində saat 15:00-da şəxsin ölüm faktı qeydə alınıb.
Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib”.
***16:26
Lənkəranda üç gün əvvəl döyülən 16 yaşlı yeniyetmə xəstəxanada ölüb.
Globalinfo.az “Report”a istinadən bildirir ki, tanışları ilə aralarında yaranan mübahisə zəminində döyülərək başından xəsarət alan Kərgəlan kənd sakini Emil İbadov kəllədaxili travma diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilmiş və süni tənəffüs aparatına qoşulmuşdu.
Ancaq həkimlərin səylərinə baxmayaraq, yeniyetmənin həyatını xilas etmək mümkün olmayıb. O, sentyabrın 21-də xəstəxanada həyatını itirib.
Qeyd edək ki, əməli törətməkdə şübhəli bilinən yeniyetmə İ.B isə bir gün sonra saxlanılıb.