Putin zeng 111

Rusiya-Ukrayna müharibəsində son günlər qarşıdurma daha da kəskinləşib. Belə ki, artıq Avropa və NATO sürətlə Rusiya sərhədlərinə yaxınlaşır. Həmçinin, ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı əlavə sanksiyalar və tarifləri nəzərdə tutan qanun layihəsini imzalayıb. Mərhum senator Lindsi Qremin adını daşıyan və “Cəhənnəm sanksiyaları” adlandırılan qanun prezidentə Rusiyanın enerji resurslarının ən böyük beş alıcısına və Moskvanın sanksiyalardan yayınmasına kömək edən ölkələrə 100 faizə qədər tarif tətbiq etmək səlahiyyəti verir. Sanksiyalar Rusiya Prezidenti Vladimir Putinin müharibəni davam etdirmək üçün ehtiyac duyduğu resursları hədəfə almağa yönəlib. 

Hərbi, iqtisadi, siyasi təzyiqlərin artması Rusiya Prezidenti Vladimir Putini kapitulyasiya imzalamağa doğru aparır?

Globalinfo.az-a danışan politoloq Züriyə Qarayeva deyib ki, təzyiqlərin eyni vaxtda artması Moskvanın üzərində əvvəlki mərhələlərlə müqayisədə daha ciddi yük yaradır:

“Sentyabrın 20-də Moskva istiqamətində həyata keçirilən hücumun miqyası xüsusilə diqqət çəkir. Nəticədə Moskva neft emalı zavoduna da zərbə dəyib. Paralel olaraq Trampın sentyabrın 18-də imzaladığı yeni sanksiya qanunu Rusiyanın enerji və müdafiə sektorlarını, banklarını və “kölgə donanması”nı hədəfə alır, eyni zamanda Rusiya neft və qazının əsas alıcılarına 100 faizə qədər tarif tətbiq etmək imkanı yaradır”.

zuriye qarayeva 900x600 1

Züriyə Qarayeva

Politoloq bildirib ki, bu iki amilin birləşməsi — müharibənin Rusiyanın özündə iqtisadi və təhlükəsizlik baxımından daha çox hiss olunması, enerji gəlirlərinin isə xaricdən azalması — Kremlin müharibəni davam etdirməsinin xərcini artırır:

“Ancaq bunu Putinin artıq kapitulyasiyaya doğru getməsi kimi qiymətləndirmək üçün indiki mərhələdə kifayət qədər fakt yoxdur. Daha real ssenari artan təzyiqin Moskvanın danışıqlardakı mövqeyinə və tələb etdiyi şərtlərə təsir göstərməsidir. Yeni ABŞ qanununun özü də məhz Rusiyanın müharibəni maliyyələşdirmək imkanlarını zəiflədərək onu danışıqlara sövq etmək məqsədi daşıyır.  Digər tərəfdən, Kremlin reaksiyası hələ geri çəkilmə istiqamətində deyil.

Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev yeni ABŞ sanksiyalarına cavab olaraq “hərbi çəkindirmə”dən danışıb.  Buna görə yaxın perspektivdə əsas sual Putinin kapitulyasiya edib-etməyəcəyindən daha çox, hərbi və iqtisadi xərclərin hansı həddə çatdıqdan sonra Moskvanı kompromisə və müharibənin dayandırılması üzrə daha ciddi danışıqlara məcbur edə biləcəyidir”.

Ləman İmran
Globalinfo.az

Paylaş: