Xəzərdə balıq ehtiyatlarının azalması getdikcə daha ciddi problemə çevrilir. Balıqların sayının azalması həm balıqçılığa, həm də dənizin ekoloji tarazlığına təsir göstərir.
Xəzərdə balıqların azalmasına ən çox hansı amil təsir edir və bu prosesin qarşısını almaq üçün hansı addımlar atılmalıdır?
Globalinfo.az-a danışan “Davamlı inkişaf” kafedrasının professoru, biologiya elmləri doktoru Mehman Axundov deyib ki, Xəzər dənizində 144 növ və ya yarımnöv, Azərbaycanın, xüsusilə Orta və Cənubi Xəzərin Azərbaycan sektorunda isə 101 növ və ya yarımnöv balıq yaşayır.
“Son 25 ildə Xəzər dənizində balıq ehtiyatları kəskin azalıb. Bu proses xüsusilə kilkə ehtiyatlarının azalması ilə müşayiət olunur. Kilkə ilə qidalanan daha iri balıqların – siyənək, qızılbalıq, nərə balıqları və hətta suitilərin sayına da bu proses mənfi təsir göstərib”.
Professorun sözlərinə görə, bütövlükdə Xəzərdə nərə balıqlarının ehtiyatları son 25 ildə 1980-ci illərlə müqayisədə təxminən 30 dəfə azalıb:
“Xəzərdə bioloji resursların azalmasının əsas səbəbləri sırasında neft və digər çirkləndiricilərin dənizə buraxılması, çaylarda, o cümlədən Kürdə bəndlərin salınması, vahid balıqçılıq idarəetmə və nəzarət sisteminin olmaması, yad orqanizmlərin Xəzərə daxil olması və iqlim dəyişiklikləri dayanır. Hazırda nərə balıqları ehtiyatlarının azalmasının əsas səbəblərindən biri də qanunsuz və brakonyer üsullarla ovlanmadır. Vahid və səmərəli nəzarət sistemi yaradılarsa, brakonyer ovunun qarşısını daha effektiv almaq mümkündür. Bunun üçün Xəzəryanı ölkələr arasında regional əməkdaşlıq da gücləndirilməlidir”.
Mehman Axundov
M.Axundov bildirib ki, nərə balıqlarının bərpası üçün ilk növbədə qanunsuz ovun qarşısı alınmalı, eyni zamanda akvakultura və marikulturanın inkişafına diqqət artırılmalıdır:
“Süni şəkildə yetişdirilən balıqların təbii su hövzələrinə buraxılması da populyasiyaların bərpasına xidmət edə bilər. Ümumilikdə, Xəzərdəki vəziyyət nəzərə alınaraq balıqçılıqda iki istiqamət önə çəkilməlidir: təbii ehtiyatların ovlanması azaldılmalı, balıq yetişdirilməsi, yəni akvakultura genişləndirilməlidir”.
Professor qeyd edib ki, digər narahatlıq doğuran məsələ son illərdə, xüsusilə 2023-2026-cı illərdə şimal dənizlərindən gətirilmiş və intensiv tral avadanlıqları ilə təchiz olunmuş gəmilər vasitəsilə kilkə ovunun artmasıdır:
“Bu ovun təxminən 10 dəfə artması kilkənin həddindən artıq ovlanması ilə bağlı ciddi narahatlıq yaradır. Proses belə davam edərsə, kilkə populyasiyasının tükənməsi riski yarana bilər. Tral ovunun nəzarətsiz həyata keçirilməsi, eləcə də müstəqil elmi tədqiqat və monitorinqin kifayət qədər aparılmaması vəziyyəti daha da mürəkkəbləşdirir. Bu, həm Azərbaycanın endemik və nadir, həm də Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Qırmızı Siyahısına daxil olan balıq növlərinin ov alətlərinə düşərək məhv olması riskini artırır”.
M.Axundovun fikrincə, Azərbaycanda balıq ovundan balıq yetişdirilməsinə keçidi təmin etmək lazımdır:
“Hazırda balıqçılıq və akvakultura sahəsində idarəetmə orqanı kimi Kənd Təsərrüfatı Nazirliyinin strukturunda Balıqçılıq və Akvakultura Mərkəzi yaradılıb. Lakin Azərbaycanda hələ də ayrıca balıqçılıq institutu yoxdur və onun yaradılması zəruridir”.
Zaira Akifqızı
Globalinfo.az