Mərkəzi Asiyada bu həftə cərəyan edən proseslər bir-birindən fərqli sahələrə aid görünsə də, əslində ümumi bir xəttə – regionun geoiqtisadi çəkisinin sürətlə artmasına bağlanır. Mərkəzi Asiya artıq yalnız xammal ixrac edən region deyil. Qazaxıstan və Özbəkistanın nəqliyyat, enerji, logistika və ticarət layihələri göstərir ki, region ölkələri qlobal bazarlara çıxış yollarını şaxələndirməyə və böyük güclər arasında öz tranzit mövqelərini möhkəmləndirməyə çalışırlar. Bu prosesdə isə Azərbaycan və Orta Dəhliz xüsusi əhəmiyyət qazanır.
Ən diqqətçəkən tendensiya Qazaxıstanın Avrasiyanın əsas tranzit mərkəzlərindən birinə çevrilməsidir. Mərkəzi Asiyanın nəqliyyat infrastrukturuna yönələn 71,75 milyard dollarlıq ümumi investisiyanın 45 faizi, yəni təxminən 32,3 milyard dolları Qazaxıstanın payına düşür. Dəmir yolları, avtomobil magistralları, logistika mərkəzləri və sərhəd keçidlərinə yatırılan bu vəsait təsadüfi deyil. Qazaxıstan Çinlə Avropa arasında yerləşən coğrafi mövqeyini iqtisadi üstünlüyə çevirməyə çalışır.
Burada Azərbaycanın rolu xüsusilə ön plana çıxır. Çünki Mərkəzi Asiyanın dünya bazarlarına çıxışında əsas problemlərdən biri coğrafi məsafə və alternativ nəqliyyat marşrutlarının məhdudluğudur. Qazaxıstanın qərbə doğru çıxışında Xəzər dənizi təbii keçid rolunu oynayır. Xəzərin o biri sahilində isə Azərbaycan yerləşir. Bu baxımdan Qazaxıstanın Aktau və Kurık limanları ilə Azərbaycanın Ələt limanı arasında formalaşan əlaqə Orta Dəhlizin əsas dayaqlarından biridir.
Orta Dəhliz Çin və Mərkəzi Asiyanı Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropa bazarlarına bağlayan marşrut kimi getdikcə daha böyük strateji əhəmiyyət qazanır. Bu marşrutun üstünlüyü ondan ibarətdir ki, Mərkəzi Asiya ölkələrinə məhsullarını yalnız Rusiya ərazisindən keçən ənənəvi şimal marşrutları ilə deyil, alternativ istiqamətlərlə dünya bazarlarına çıxarmaq imkanı yaradır. Azərbaycan üzərindən keçən Orta Dəhliz həm şimal, həm də cənubdan keçən şərq-qərb dəhlizinə nisbətən yükləri mənzil başına daha tez və daha ucuz qiymətə çatdırır. Üstəgəl, Orta Dəhliz digər iki alternativindən fərqli olaraq, ABŞ və Avropa üçün arzuolunmaz ölkələr sayılan Rusiya və İrandan yan keçir.
Bu, xüsusilə indiki geosiyasi şəraitdə vacibdir. Rusiya-Ukrayna müharibəsi və Qara dənizdə enerji və nəqliyyat infrastrukturuna qarşı artan təhlükələr alternativ dəhlizlərə marağı artırır. Belə şəraitdə Azərbaycan üzərindən keçən marşrut yalnız kommersiya layihəsi deyil, həm də Mərkəzi Asiya üçün strateji nəqliyyat alternatividir.
Qazaxıstanın neft ixracında baş verən son dəyişikliklər də bunu göstərir. Rusiyanın Qazaxıstan neftinin Ust-Luqadan Novorossiyskə yönləndirilməsi ilə bağlı planları bir daha sübut edir ki, enerji ixracında başqa ölkələrin infrastrukturundan istifadə edən dövlətlər marşrut riskləri ilə üzləşə bilirlər. Bu baxımdan Xəzər üzərindən Azərbaycana, oradan isə Gürcüstan və Türkiyə vasitəsilə Avropaya çıxış imkanlarının genişləndirilməsi Qazaxıstan üçün təkcə iqtisadi deyil, həm də strateji məsələdir.
Azərbaycan üçün isə bu proses ikiqat əhəmiyyət daşıyır. Bir tərəfdən ölkə Mərkəzi Asiya enerji resurslarının Avropaya çatdırılmasında tranzit rolunu gücləndirə bilər, digər tərəfdən Orta Dəhliz üzərindən yük daşımalarının artması Azərbaycanın logistika və nəqliyyat mərkəzi kimi mövqeyini möhkəmləndirə bilər. Ələt limanı, Bakı-Tbilisi-Qars dəmir yolu və Azərbaycan ərazisində formalaşan digər logistika imkanları bu baxımdan vahid zəncirin elementləridir.
Özbəkistanın Gürcüstanın Poti və Anakliya limanlarına çıxış yaratmaq planı da prosesin yalnız Qazaxıstanla məhdudlaşmadığını göstərir. Daşkənd faktiki olaraq Mərkəzi Asiyanın dənizə çıxışı olmayan ölkələrindən biri kimi öz logistika imkanlarını Xəzər və Cənubi Qafqaz istiqamətində genişləndirir. Poti limanında 500 min ton gücündə logistika mərkəzinin yaradılması Özbəkistan məhsullarının Qara dəniz vasitəsilə Avropa bazarlarına çıxışını asanlaşdıra bilər.
Beləliklə, Orta Dəhliz təkcə Çin-Avropa marşrutu deyil. Perspektivdə onun Qazaxıstan, Özbəkistan, Türkmənistan və digər Mərkəzi Asiya ölkələrinin məhsullarını Azərbaycan üzərindən Türkiyə və Avropa bazarlarına çıxaran çoxşaxəli regional logistika sisteminə çevrilməsi mümkündür. Bu baxımdan Azərbaycan Orta Dəhlizdə sadəcə tranzit ölkə deyil, müxtəlif marşrutların birləşdiyi logistika qovşağı rolunu oynaya bilər.
Bu proses Azərbaycanın enerji tranziti üçün də yeni imkanlar yarada bilər. Qazaxıstan neftinin və gələcəkdə digər Mərkəzi Asiya enerji resurslarının Xəzər üzərindən Azərbaycan istiqamətində daşınması ölkənin Avropanın enerji təhlükəsizliyindəki rolunu daha da gücləndirəcək. Eyni zamanda Azərbaycan qazının Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya çıxışı ilə Mərkəzi Asiya enerji resurslarının qərbə daşınması arasında gələcəkdə tamamlayıcı əlaqələr yarana bilər.
Miqrasiya prosesləri də regiondakı iqtisadi dəyişiklikləri əks etdirir. Rusiyada miqrantların xaricə pul köçürmələrinə 3 faizlik vergi tətbiq edilməsi təşəbbüsü Mərkəzi Asiya əmək miqrantlarının Rusiya iqtisadiyyatından asılılığının siyasi baxımdan həssas məsələyə çevrildiyini göstərir.
Qırğızıstan və Çin arasında vizasız tranzit imkanlarının genişləndirilməsi də Pekinin regionla iqtisadi və humanitar əlaqələri dərinləşdirmək siyasətinin tərkib hissəsidir. Çin üçün Mərkəzi Asiya yalnız enerji və xammal mənbəyi deyil, həm də Avropaya gedən nəqliyyat marşrutunun mühüm hissəsidir.
Ümumilikdə, Mərkəzi Asiyada baş verənlər ayrı-ayrı ölkələrin iqtisadi xəbərləri deyil, daha böyük geoiqtisadi transformasiyanın elementləridir.
Bu prosesdə Azərbaycanın əhəmiyyəti getdikcə artır. Mərkəzi Asiya ölkələri üçün əsas məsələ yalnız məhsul istehsal etmək deyil, həmin məhsulu dünya bazarına təhlükəsiz, sürətli və rəqabətli şəkildə çatdırmaqdır. Azərbaycan isə Xəzər ilə Cənubi Qafqazı, Türkiyə ilə Mərkəzi Asiyanı birləşdirən əsas həlqələrdən biridir. Buna görə Orta Dəhlizin inkişafı Azərbaycanın tranzit gəlirlərindən daha böyük məsələdir – bu, ölkənin Mərkəzi Asiyanın dünya iqtisadiyyatına inteqrasiyasında strateji rolunu müəyyənləşdirə bilər.
Nəticədə, Qazaxıstanın tranzit potensialını artırması, Özbəkistanın Qafqaz limanlarına çıxış axtarması, Çinlə Mərkəzi Asiya arasında əlaqələrin genişlənməsi və Avropanın alternativ enerji və logistika marşrutlarına marağının artması Azərbaycanın qarşısında yeni imkanlar açır. Əsas məsələ isə bu imkanların real yük axınına, enerji tranzitinə və uzunmüddətli investisiyalara çevrilməsidir. Orta Dəhlizin gələcək uğuru məhz Azərbaycan, Mərkəzi Asiya, Türkiyə və Avropa arasında bu vahid iqtisadi zəncirin nə qədər səmərəli qurulacağından asılı olacaq.
Akif Nəsirli
Globalinfo.az