Xəzər dənizində suyun səviyyəsinin azalması nəticəsində Qazaxıstan sahillərində yeni adanın yaranması narahatlıqları daha da artırıb. Belə ki, suyun çəkilməsi artıq dəniz nəqliyyatına və limanların fəaliyyətinə də təsir edir, gəmilərin, tankerlərin hərəkətində çətinliklər yaranır. Mütəxəssislər və iş adamları problemin həlli ilə bağlı müxtəlif təkliflər səsləndirsələr də, Xəzərin dayazlaşmasının qarşısının alınması üçün hələlik konkret və effektiv addımların atılmadığı bildirilir.
Qeyd edək ki, Əməkdar mühəndis, ADOG şirkətinin və Zirə Beynəlxalq Limanının rəhbəri Musa Süleymanov bu barədə təklif irəli sürən iş adamlarındandır. O, 2025-ci ilin may ayında ilk dəfə Globalinfo.az-a açıqlamasında bu ideyasından danışaraq bildirib ki, Qara dənizdən Xəzərə tunellərlə su axını təşkil edilə, bununla da Xəzər xilas ola bilər.
Globalinfo.az mövzu ilə bağlı Musa Süleymanov ilə həmsöhbət olub.
– Musa müəllim, Xəzər dənizinin səviyyəsinin azalması ətrafında müzakirələr intensivləşir. Bu məsələ ilə bağlı dövlət və hökumət başçıları, mütəxəssislər həyəcan təbili çalır. Sizcə, dənizin geri çəkilməsi nə vaxta kimi davam edəcək?
– Bu, artıq yalnız ekoloji problem deyil. Proses limanlara, dəniz nəqliyyatına, neft–qaz infrastrukturuna, balıqçılığa, sahilyanı yaşayış məntəqələrinə və bütövlükdə Xəzəryanı dövlətlərin iqtisadi maraqlarına birbaşa təsir göstərir. Bu yaxınlarda Qazaxıstan sahillərində dayazlaşmanın artması, yeni quru sahələrinin və adaların meydana çıxması problemin miqyasını açıq göstərir. Hesab edirəm ki, artıq yalnız Xəzərin niyə dayazlaşdığını müzakirə etmək kifayət deyil. Əsas məsələ onun qarşısını almaq üçün real və uzunmüddətli həllərin hazırlanmasıdır.
– Qara dənizdən Xəzərə su gətirilməsi barədə təklifiniz hələ də aktualdırmı?
– Bəli. Mən bu təklifin bu gün də aktual olduğuna və texniki baxımdan həyata keçirilə biləcəyinə inanıram. Söhbət Qara dəniz hövzəsindən Xəzərə böyük həcmdə suyun tunel və ya tunellər sistemi vasitəsilə ötürülməsindən gedir. Müasir mühəndislik imkanları böyük diametrli və uzun məsafəli tunellərin, eləcə də iri suötürücü sistemlərin tikilməsinə imkan verir. Əsas məsələ layihənin mümkün olub-olmaması deyil, ən düzgün marşrutun, tunellərin sayının və diametrinin, suyun hərəkət sürətinin, illik ötürüləcək su həcminin və enerji rejiminin dəqiq hesablanmasıdır. Təbii ki, bu, böyük və mürəkkəb layihədir. Geoloji şərait, seysmik risklər, səviyyə fərqi, hidravlik itkilər, Qara dəniz və Xəzər suyunun tərkibi, ətraf mühitə təsir və mümkün enerji istehsalı ayrıca öyrənilməlidir.
Dünya səviyyəli mütəxəssislərin iştirakı ilə aparılacaq ciddi araşdırmalar nəticəsində həyata keçirilə bilən real mühəndislik modelinin formalaşdırılmasının mümkün olduğuna inanıram. Burada əsas maneə texnologiya deyil. Əsas məsələ Xəzəryanı dövlətlərin vahid siyasi iradə və ortaq fəaliyyət mexanizmi yaratmasıdır.
– Musa müəllim, başqa hansı alternativlər var?
– Xəzərin xilası yalnız bir istiqamətdən asılı olmamalıdır. Bir neçə tədbir paralel aparılmalıdır. İlk növbədə, Xəzərə daxil olan çayların, xüsusilə Volqanın su balansı ciddi və şəffaf şəkildə araşdırılmalıdır. Volqa Xəzərin əsas su mənbəyidir və onun axınındakı dəyişiklik dənizin səviyyəsinə birbaşa təsir göstərir. Eyni zamanda, Xəzər hövzəsində kənd təsərrüfatı, sənaye və digər sahələr üçün götürülən suyun daha səmərəli idarə olunması, itkilərin azaldılması və su istifadəsinin optimallaşdırılması vacibdir. Digər mühüm istiqamət xarici su hövzələrindən Xəzərə su gətirilməsi variantlarının müqayisəli şəkildə araşdırılmasıdır. Mən Qara dəniz istiqamətinin bu baxımdan ən ciddi variantlardan biri olduğunu düşünürəm. Bununla yanaşı, limanların giriş kanallarının dərinləşdirilməsi, sahilyanı infrastrukturun dəyişən su səviyyəsinə uyğunlaşdırılması və az oturumlu gəmilərdən istifadə kimi tədbirlər də görülməlidir. Ancaq limanın kanalını dərinləşdirmək Xəzəri xilas etmək deyil. Bu, yalnız problemin nəticəsinə uyğunlaşmaqdır.
– Hazırkı mərhələdə həll yolunu nədə görürsünüz?
– Həll yolunu Azərbaycan, Qazaxıstan, Türkmənistan, İran və Rusiyanın iştirakı ilə vahid beynəlxalq proqramın yaradılmasında görürəm. Bu məqsədlə “Xəzərin Su Balansının Bərpası və Xilas Proqramı” yaradıla bilər. Proqram çərçivəsində hidroloqlar, geoloqlar, seysmoloqlar, ekoloqlar, hidrotexniki qurğular və tunellər üzrə mühəndislər, iqtisadçılar ilə maliyyə mütəxəssislərindən ibarət beynəlxalq işçi qrupu formalaşdırılmalıdır.
İlk mərhələdə üç əsas suala dəqiq cavab verilməlidir:
1. Xəzər ildə real olaraq nə qədər su itirir?
2. Çayların və su istifadəsinin daha düzgün idarə olunması hesabına bu itkinin nə qədərini azaltmaq mümkündür?
3. Qalan su çatışmazlığını başqa hövzədən, o cümlədən Qara dənizdən hansı üsulla və hansı həcmdə kompensasiya etmək olar?
Bu hesablamalardan sonra tunellərin sayı, diametri, uzunluğu, ötürmə gücü, tikinti müddəti və layihənin dəyəri konkretləşdirilə bilər. Hesab edirəm ki, ciddi beynəlxalq araşdırma nəticəsində Xəzərin su balansını sabitləşdirmək üçün həyata keçirilə bilən real layihə ortaya qoymaq mümkündür.
Musa Süleymanov
– Bəs bu layihənin maliyyəsi haradan tapıla bilər?
– Belə böyük layihənin bütün maliyyə yükünün yalnız Xəzəryanı dövlətlərin büdcəsi üzərinə qoyulmasını doğru hesab etmirəm. Beynəlxalq iqlim maliyyəsi, inkişaf bankları, ekoloji fondlar, dövlət və özəl maliyyə mənbələri birlikdə nəzərdən keçirilməlidir. 2024-cü ildə Bakıda keçirilmiş COP29-da inkişaf etməkdə olan ölkələrin iqlim tədbirləri üçün maliyyələşdirilməsinin artırılması ilə bağlı yeni qlobal hədəflər qəbul edildi. 2035-ci ilədək illik iqlim maliyyəsinin ən azı 300 milyard dollara çatdırılması, bütün mənbələr birlikdə nəzərə alındıqda isə inkişaf etməkdə olan ölkələr üçün ildə 1,3 trilyon dollar həcmində maliyyənin səfərbər olunmasına çalışılması nəzərdə tutulur. Bu, həmin vəsaitin artıq hazır şəkildə hansısa hesabda toplanması demək deyil. Lakin dünyada iqlim, su təhlükəsizliyi və ekoloji problemlərin həlli üçün böyük maliyyə mexanizmlərinin formalaşdırıldığını göstərir.
Xəzərin səviyyəsinin azalması beynəlxalq səviyyədə iqlim, su təhlükəsizliyi, biomüxtəliflik və mühüm infrastruktur problemi kimi əsaslandırılarsa, onun xilası üçün də beynəlxalq maliyyənin cəlb edilməsinə imkan yarana bilər. İlkin mərhələdə tədqiqatlar, layihələndirmə, ətraf mühitə təsirin qiymətləndirilməsi və sahilyanı infrastrukturların qorunması üçün belə mənbələrdən istifadə mümkündür. Daha sonra əsas suötürücü layihə Xəzəryanı dövlətlərin, beynəlxalq maliyyə institutlarının və digər tərəfdaşların iştirakı ilə dövlətlərarası infrastruktur layihəsi kimi maliyyələşdirilə bilər. Siyasi iradə və düzgün hazırlanmış texniki-iqtisadi əsaslandırma olduqda maliyyə məsələsinin də həll ediləcəyinə inanıram.
– Bu cür böyük beynəlxalq texniki işin koordinasiyası necə qurula bilər?
– Belə bir layihənin həyata keçirilməsi bir şirkətin və ya bir ixtisas sahəsinin işi olmayacaq. Burada dünyanın tanınmış tunel qazma avadanlığı istehsalçıları, tunel tikintisi üzrə mühəndislik şirkətləri, geoloqlar, seysmoloqlar, hidroloqlar, ekoloqlar, hidrotexniki mütəxəssislər, layihəçilər və digər ixtisaslaşmış qurumların iştirakı tələb olunacaq. Layihənin ilkin mərhələsindən bu şirkət və mütəxəssislərin seçilməsi, texniki imkanlarının qiymətləndirilməsi, vahid iştirakçı siyahısının hazırlanması və müxtəlif istiqamətlər üzrə işlərin əlaqələndirilməsi ayrıca böyük mühəndislik və idarəetmə işidir. Mən Azərbaycanın Əməkdar mühəndisi kimi, ehtiyac yaranarsa, layihənin texniki istiqamətlərinin hazırlanmasında və beynəlxalq mühəndislik işlərinin koordinasiyasında iştirak etməyə hazıram.
Xüsusilə layihəyə cəlb olunacaq ixtisaslaşmış şirkət və mütəxəssislərin seçilməsi, onların texniki imkanlarının qiymətləndirilməsi, iştirakçı siyahısının formalaşdırılması və müxtəlif texniki istiqamətlərin vahid mühəndislik sistemi daxilində əlaqələndirilməsinin idarə olunmasına öz təcrübəmlə töhfə verməyə hazıram. Belə bir layihədə əsas məsələ yalnız güclü şirkətləri cəlb etmək deyil. Əsas məsələ onların imkanlarını vahid texniki məqsəd ətrafında birləşdirmək, məsuliyyət bölgüsünü düzgün qurmaq və bütün texniki qərarların bir-biri ilə uyğunluğunu təmin etməkdir.
– Yekun nəticədə Xəzərlə bağlı bizi nə gözləyir?
– Xəzərlə bağlı ən təhlükəli yanaşma hər il suyun neçə santimetr aşağı düşdüyünü müşahidə edib böyük qərarları təxirə salmaqdır. Proses davam etdikcə gələcəkdə görüləcək işlərin həm miqyası, həm də dəyəri artacaq. Bu gün ilk addım milyardlarla dollar xərcləyib tikintiyə başlamaq deyil. İlk addım Xəzəryanı dövlətlərin bir araya gəlməsi və problemin həlli üçün ciddi texniki, iqtisadi və ekoloji əsaslandırmanın hazırlanmasıdır. Mənim mövqeyim sadədir, Xəzəri xilas etməyin qiyməti böyük ola bilər. Amma Xəzəri itirməyin iqtisadi, ekoloji və geosiyasi qiyməti bundan qat-qat böyük olacaq. Xəzər beş dövlətin ortaq sərvətidir və onun xilası da həmin dövlətlərin ortaq strateji layihəsinə çevrilməlidir. İnanıram ki, siyasi iradə, elm, mühəndislik və beynəlxalq maliyyə imkanları birləşdirilərsə, Xəzərin su səviyyəsinin daha da aşağı düşməsinin qarşısını almaq mümkündür.
Ləman İmran
Globalinfo.az