ABS PREZIDENT 1

Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Donald Tramp ölkə tarixindəki dövlət başçıları arasında özünə ən yüksək qiyməti verib. Tramp şəxsi prezidentlər reytinqini “Truth Social” platformasında paylaşaraq özünü “ən böyük” kateqoriyasında birinci pilləyə yerləşdirib.

Bəs gerçək nədir – ABŞ tarixinin ən böyük prezidenti kimdir?

Globalinfo.az-a danışan politoloq Elman Telmanoğlu deyib ki, burada şəxsi yanaşma ilə tarixi qiymətləndirməni bir-birindən ayırmaq lazımdır:

“Prezidentlərin tarixdəki yeri yalnız onların öz baxışları ilə deyil, həyata keçirdikləri siyasətin nəticələri, ölkənin inkişafına təsiri və zaman keçdikcə formalaşan akademik və ictimai qiymətləndirmələrlə müəyyənləşir.

ABŞ prezidentləri arasında tarixi baxımdan ən yüksək qiymətləndirilən liderlər sırasında adətən Abraham Linkoln, Corc Vaşinqton və Franklin Ruzvelt xüsusi yer tutur. Linkoln ABŞ-ın Vətəndaş müharibəsi dövründə dövlət birliyinin qorunmasında, Vaşinqton yeni yaradılmış dövlətin siyasi institutlarının formalaşmasında, Ruzvelt isə Böyük Depressiya və İkinci Dünya müharibəsi kimi mürəkkəb mərhələlərdə ölkəyə rəhbərlik etməsində mühüm rol oynayıb. Bu baxımdan “ən böyük prezident” anlayışı üçün vahid və dəyişməz meyar yoxdur, müxtəlif dövrlərin və müxtəlif ekspertlərin yanaşmaları fərqlənə bilər. Lakin tarixi və akademik sorğuların əksəriyyətində Linkolnun ön sıralarda qərarlaşması diqqət çəkən məqamlardan biridir”.

elman telmanoglu politoloq 1 900x621 1

Elman Telmanoğlu

Politoloq deyib ki, Trampın özünü birinci pilləyə yerləşdirməsinə də bu kontekstdə siyasi kommunikasiya baxımından yanaşmaq lazımdır:

“O öz prezidentliyini ABŞ siyasi tarixində mühüm dəyişikliklərlə əlaqələndirir və bunun gələcəkdə də yüksək qiymətləndiriləcəyinə inanır. Trampın ABŞ tarixində hansı yeri tutacağı barədə yekun fikir söyləmək hələ tezdir. Onun prezidentliyinin real tarixi əhəmiyyəti isə həyata keçirilən siyasətlərin uzunmüddətli nəticələri və gələcək nəsillərin verdiyi qiymətlə daha aydın görünəcək. Bəlkə də Trampın bu gün həyata keçirdiyi siyasətə tarix daha yüksək qiymət verəcək. Lakin onun ABŞ siyasi tarixindəki real yerini müəyyənləşdirəcək əsas meyar məhz gələcək nəsillərin siyasi qiymətləndirmələri olacaq”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: