35 ildən sonra Ermənistandan gətirdiyi maşını sürə biləcək – Detallar

1988-ci ildə Ermənistandan qaçqın kimi Gəncəyə gələn şəxsə özü ilə gətirdiyi kolxoza məxsus “Ural-4320” markalı yük avtomobilini sürməyə icazə verilib. 

Globalinfo.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Safalan Bahadur oğlu məlum hadisələrlə əlaqədar 1988-ci ildə Ermənistan SSR-dən qaçqın düşərək Azərbaycana gəlib.

Ağır və dözülməz şəraitdə qaçqın düşən ailə bütün əmlakını özü ilə götürə bilməyib. O, yalnız həmin dövrdə Bala Məzrə kəndinin Məşədi Əzizbəyov adına kolxozunda işlətdiyi “Ural” markalı yük avtomobilində bəzi ev əşyalarını Gəncəyə gətirə bilib. Həmin avtomobilin sənədləri olmadığı üçün 1988-ci ildən indiyədək istifadə edə bilməyib.

Safalan Bahadur oğlu bildirib ki, hazırda ailəsinin durumu qənaətbəxş deyil, işləmək və ailəsini dolandırmaq istəyir, lakin avtomobilin sənədləri olmadığı üçün ondan yararlana bilmir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalıb.

Məhkəmənin qərarı ilə Safalan Bahadur oğlunun Ermənistandan özü ilə gətirdiyi “Ural-4320” markalı, ban və mühərrik nömrəsi olmayan, xaki rəngli yük avtomobili sahibsiz hesab edilib və onun mülkiyyəti kimi tanınıb.