3 qızı vardı, usta işləyirdi: 6 nəfərin öldüyü qəzada həlak olan Elməddinin həyatından kədərli epizodlar – FOTO

Bakı-Quba yolunda baş verən və 6 nəfərin həyatına son qoyan qəzada ölənlərdən biri də Elməddin Osman oğlu Əhmədovdur. 40 yaşlı Elməddinin özündən sonra 3 qız övladı yadigar qalıb.

Mərhumun yaxınları Globalinfo.az-a bildirib ki, hadisə baş verən gün Elməddin Bakıdan Şabran rayonu istiqamətinə işləməyə gedirmiş: “Elməddin Astara rayonunun Hamoşam kəndində anadan olub. Sonradan Bakının Səngəçal qəsəbəsinə köçüb. Ailəsi ilə orda yaşayırdı. Tikintidə usta kimi çalışırdı, əsasən armatur ustalığı edirdi. Uzun müddət Bakıda çoxmərtəbəli binaların tikintisində çalışmışdı. Son vaxtlar dəmiryolu tikintisində işləyib. Hadisə də səhər işə gedərkən baş verib”.

Qeyd edək ki, Bakı-Quba yolunun 98-ci kilometrliyində-Siyəzən ərazisində “Mercedes Vito”nun TIR-la toqquşması nəticəsində mikroavtobusda olan 6 nəfər: Məmmədov Kamran Məmmədşah oğlu (1976), Balakişiyev Akif Yusif oğlu (1979), Musayev Vüqar Tərxan oğlu (1980), Əhmədov Elməddin Osman oğlu (1982), Quliyev Emin Ramiz oğlu (1992) və Qubadbəyli Nəsimi Əlimuxtar oğlu (sürücü -1977) həlak olub.

TIR-ın sürücüsü, 1992-ci il təvəllüdlü Atayev Elçin Arif oğluna cinayət işi açılıb və o saxlanılıb.

Zaira Akifqızı
Globalinfo.az