2024-cü ildə ciddi dəyişikliklər baş verəcək – Putinin ismarışı…

Rusiya Prezidenti Vladimir Putin Hindistanda keçirilən G20 sammitinə videomüraciətində rəsmi Kiyevlə danışıqlara hazırıq olduqlarını deyib. ABŞ-da Ukraynaya yardım paketinin təsdiqlənəcəyi ilə bağlı tərəddüdlərin olduğu deyilir. Müşahidəçilər, politoloqlar Qərbin Zelenskini satıb, Putinlə anlaşacağını, Ukraynanın isə bölünəcəyini iddia edirlər.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Sultan Zahidov bildirib ki, ABŞ siyasi dairələrində Ukraynaya yardımla bağlı tərəddüdlər var:

“Yaxın Şərqdə münaqişənin alovlanması bütün diqqəti İsrail və HƏMAS-a yönəldib. Hazırda ABŞ Konqresinin gündəmində olan məsələlərdən biri də İsrailə yardımdır. ABŞ Prezidenti Co Bayden məsələ ilə bağlı təklif etdiyi qətnamə layihəsi İsrailə 14, Ukraynaya 61 milyard dollar yardımı özündə ehtiva edir. Lakin İsraillə müqayisədə Ukraynaya dəstəyin çox verilməsi məsələsi müxtəlif fikir ayrılıqlarına səbəb olur.

Ukrayna Prezidenti Volodimir Zelenski Qərbin dəstəyi dayanacağı təqdirdə müharibədən geri çəkiləcəyini deyib, hətta maliyyə dəstəyinin borcla əvəzlənməsini tələb edib. Bu da siyasətdə “borc tələsi diplomatiyası” adlanır. Yəni hər hansı ölkə başqa dövlətdən borc götürürsə, onun müəyyən tələblərini də yerinə yetirməli olur”.

Sultan Zahidov

Politoloqun fikrincə, Bayden administrasiyasının xarici siyasət prioritetlərindən biri Ukraynaya Rusiya qarşısında dəstək verməkdir:

“Bu günə qədər Kiyevə 113 milyard dollardan çox yardım ayırıb. ABŞ ayırdığı yardımın nəticəsini görmək istəyir, lakin kifayət qədər uğur əldə olunmayıb.

Qərbdə atəşkəslə bağlı fikirlər də səsləndirilməkdir. ABŞ Ukrayna strategiyasını dəyişməli, rəsmi Kiyevi Rusiya ilə atəşkəsə vadar etməlidir. Lakin Bayden hakimiyyətinin buna razılıq verəcəyini düşünmürəm.

2024-cü il seçkilərində Respublikaçılar qalib gələrsə, Ukrayna siyasətində ciddi dəyişiklik baş verəcək. Sonuncu G20 sammitinə onlayn qatılan Rusiya Prezidenti Vladimir Putinin də müharibəni bitirməyin vaxtı olduğunu deməsi rəsmi Moskvanın münaqişədən cana yığıldığını göstərir”.

Safura Bənnayeva
Globalinfo.az