Putinin Ermənistanla bağlı yeni planı – Qanlı ssenari masada

Ermənistanın KTMT-dən çıxmaq istəyi barədə müzakirələr son günlər daha intensiv xarakter alıb. Xüsusən rəsmi İrəvanın sözügedən blokun iclasında iştirakdan imtina etməsi məsələni bir qədər də dərinləşdirib.

Maraqlıdır, Ermənistanın KTMT yerinə hər hansı Qərb blokuna qoşulmasına Rusiya necə reaksiya verəcək?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Turab Rzayev qeyd edib ki, Rusiya hərbi bazasını ölkədən çıxarmağa Paşinyan iqtidarının siyasi iradəsi çatmır:

“Rusiya buna çox aqressiv reaksiya verə bilər. Ukrayna müharibəsinin bənzərinin Ermənistanda da yaşanması istisna deyil.

Rəsmi Moskva İrəvanın istəyindən asılı olmayaraq hərbi bazarların həmin ərazilərdən çıxmayacağı ilə bağlı fikirlər səsləndirib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov açıq şəkildə qeyd etdi ki, Ermənistandakı müvəqqəti administrasiya İrəvan və Moskva əlaqələrini poza bilməz. O bununla həm Paşinyan hakimiyyətini “müvəqqəti administrasiya” adlandırdı, həm də mövcud rəhbərliyin qərarlarının onlar üçün önəmli olmadığını qeyd etdi. Bu, absurd yanaşmadır.Ermənistan hökumətinin rəhbəri Nikol Paşinyandır və ölkə adından o danışmalıdır.

Turab Rzayev

Digər tərəfdən, Ermənistan dolayı yolla Zəngəzur dəhlizində rus sərhədçisinin olmasını istəmədiklərini bildirir. Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova isə dəhlizdə rus sərhədçilərinin olacağını deyir. Bu, sərt açıqlama idi.

Məlum olduğu kimi, Paşinyan Qərb tərəfindən dəstəklənir. Onun planının əsasını da məhz Qərbə yaxınlaşma təşkil edir və bu yoldan geri çəkilməyəcək. Buna görə də yavaş-yavaş KTMT iclaslarını boykot etməyə başlayıb”.

Politoloqun fikrincə, Ermənistanın Rusiyadan tamamilə uzaqlaşması fonunda regionda müharibənin başlaması istisna deyil:

“Rusiyada artıq Paşinyan hakimiyyətinin qanunsuz olması ilə bağlı kampaniya başlayıb. Eyni hal Ukrayna müharibəsindən əvvəl Zelenskiyə qarşı da yaşanmışdı”.

Safura Bənnayeva
Globalinfo.az