17 min silah yoxa çıxdı, Ermənistanı qorxu bürüdü – “Buradan hücum olacaq…”

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller qeyd edib ki, Vaşinqton demokratiya və iqtisadiyyatı gücləndirmək üçün öz büdcəsindən Ermənistana 52 milyon dollar pul ayırmağı düşünür. Bundan öncə də Böyük Britaniyanın Ermənistanın KTMT-dən çıxması fonunda Rusiyadan gələcək mümkün təhdidlərə cavab olaraq dəstək göstərəcəyi barədə açıqlama verilmişdi.

Qərbin Ermənistana bu dəstəyinin əsl səbəbi nədir?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Elçin Xalidbəyli deyib ki, ABŞ-ın ayırdığı bu məbləğlə Ermənistanın silah-sursat alması ehtimalı yoxdur:

“Müasir silahların qiyməti çox yüksəkdir. 52 milyon dollara həmin silahları almaq mümkün deyil. ABŞ kimi Böyük Britaniya da İrəvana dəstəyini əsirgəmir, lakin şərti var: Ermənistan Rusiyaya qarşı fəaliyyətini davam etdirməlidir. Bu da İrəvan üçün ağrılı, çətin fəaliyyətdir.

Yaxın gələcəkdə bu yol Ermənistanın fəlakətinə çevrilə bilər. ABŞ və Qərbdəki müttəfiqləri nəyin hesabına olursa olsun, İrəvanı Moskvaya qarşı ikinci cəbhəyə çevirməyə çalışırlar. Kiçik dövlətin belə bir prosesə daxil olması, erməni siyasi dairələrinin də etiraf etməyə başladığı kimi, Ermənistan dövlətçiliyinin yox olması ilə nəticələnə bilər.

Görünür, ABŞ və Qərb Rusiyaya qarşı Ermənistandan proksi güc kimi istifadə etməyə çalışır. Onun real nəticələr vermək imkanı isə kifayət qədər aşağıdır. Digər tərəfdən Rusiya özünün Ermənistandakı proksi gücünü işə salıb: Qarabağdan Ermənistana qaçmış separatçıları fəallaşdırır. Bu da ilk növbədə Qərbin təsiri altında olan Nikol Paşinyan hakimiyyətinə qarşı etiraz dalğasının gücləndirilməsinə xidmət edir. Sözügedən separatçılar Rusiya kəşfiyyat orqanlarının casuslarıdır. Onların “rəhbərliyində” təmsil olunan şəxslər rəsmi Moskvanın təlimatı ilə fəaliyyət göstərirlər”.

Politoloqun sözlərinə görə, İrəvan çox təhlükəli oyunun içindədir:

“Ermənistan rəsmilərinin məlumatına görə, ölkədə 17 min avtomat yoxa çıxıb. Bu silahların kimin əlində olduğu isə məlum deyil. Bunun fonunda Qarabağ separatçılarının fəallaşdırılması İrəvanda daxili savaşın, yəni vətəndaş müharibəsinin yaranma ehtimalını artırır. Yəni Qarabağdan irəvana qaçan separatçılar burada vətəndaş müharibəsini başlada bilərlər”.

Safura Bənnayeva
Globalinfo.az