Zirəddinin bu sirrinin üstü açıldı: indiyədək bilinənlər yalan imiş – Sensasion etiraf

Hər kəsin ekstrasens kimi tanıdığı Zirəddin Rzayev bədii yaradıcılıqla məşğul olmağa başlayıb.

Hətta onun yazdığı qəzəli Xalq artisti Gülyanaq Məmmədova muğam üstündə ifa edib. Maraqlısı da odur ki, Z.Rzayev yaradıcılığında “Ziyaəddin” təxəllüsündən istifadə edir.

Maraqlıdır, bundan sonra ekstrasens hansı işlə məşğul olacaq? Qəzəlxanlıq edəcək, yoxsa?..

Globalinfo.az-a danışan Rusiyada yaşayan azərbaycanlı klinik psixoloq, ekstrasens Zirəddin Rzayev hazırda fəaliyyətini kliniki psixoloq və ekstrasens kimi davam etdirdiyini bildirib.

O deyib ki, həm də ictimai xadim və politoloq kimi də aktiv addımlar atır:

“Bu, mənim sahəmdir. İndi yerindən qalxan politoloq, psixoloq olduğunu deyir, amma baxdıqda onun politologiya və psixologiyadan bixəbər olduğunu görürük. Özüm Lomonosov adına Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsini bitirmişəm, ixtisaslaşmış filosofam. Fəlsəfə politologiyanın əsas sütunlarından biri hesab edilir. Bundan başqa, həm də Rusiya Dövlət Dumasının əməkdaşı, Rusiya İctimai Palatanın komissiya üzvüyəm. Yaradıcılıq məsələsinə gəldikdə isə bu, karyera deyil, mənəvi və intellektual hobbidir”.

Zirəddin Rzayev şəmkirli kimi tanınsa da, əslən qarabağlı olduğunu qeyd edib:

“Qarabağlı olduğumu bu vaxta kimi açıqlamamışam, amma əslən ağdamlıyam. Ağdamlı olduğum üçün səsim çoxlarına xoş gəlir. Həm də mən orta musiqi təhsilliyəm, skripka ixtisası üzrə təhsil almışam. Onu da deyim ki, babam Pənah kişi Ağdamın tanınmış klarnet ustalarından olub. Ədəbiyyatı çox sevdiyim üçün qəzəllər və şeirlər yazıram. Yazdığım qəzəllərdən birini Xalq artisti Gülyaz Məmmədova möhtəşəm şəkildə ifa edib. Xalq artistləri Brilliant Dadaşova və Nazpəri Dostəliyeva da mənim qəzəllərimi müsbət dəyərləndirirlər. Hətta Nazpəri xanım qəzəllərdən birinə mahnı bəstələmək istədiyini də dilə gətirdi”.

Zaira Akifqızı
Globalinfo.az